İnsanlara hürriyət, millətlərə istiqlal!

FES dolları bahalaşdırmadı, amma təhlükə qalır

3816 02.02.2017 20:22 İqtisadiyyat A A

ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) bu dəfə dolları bahalaşdırmayıb. FES-in İdarəçilər Şurası fevralın 1-də faiz dərəcəsini 0,5-0,75 faiz səviyyəsində saxlamaq qərarına gəlib. Bu barədə maliyyə tənzimləyicisinin rəhbərlik səviyyəsində keçirilən iclasın yekunu üzrə yaydığı məlumatda bildirilir. Qurumun açıqlamasında deyilir ki, istehlakçı xərcləri artsa da, 2 faizlik inflyasiya hədəfinə çata bilməyiblər. 

Bu ilin yanvarında FES rəhbəri Janet Yellen bildirmişdi ki, 2019-cu ilin sonunadək uçot dərəcəsini bir neçə dəfə artırmaq planlaşdırılır. Uçot dərəcəsinin artırılmasının dəqiq vaxtı və templəri barədə məlumat verməyən J.Yellen qeyd etmişdi ki, bu, ABŞ iqtisadiyyatının gələcək göstəricilərindən asılı olacaq. “FES uçot dərəcəsini mərhələli şəkildə artırmağı planlaşdırır. Hazırda uçot dərəcəsi 0.5-0.75 faiz səviyyəsindədir. 2019-cu ilədək uçot dərəcəsinin 3 faizədək artırılması planlaşdırılır. Bununla belə, biz ABŞ-da iqtisadi artımın kifayət qədər güclü olduğuna əmin olmalıyıq”,- deyə J.Yellen bildirib.

Son dəfə, ötən il dekabrın 14-də FES uçot dərəcəsini artırmışdı. Bundan əvvəl, 2015-ci il dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25 faiz artırılması barədə qərar qəbul etmişdi.

Ekspert Natiq Cəfərli bildirib ki, gözlənilən kimi, uçot dərəcəsi artmadı, amma rəsmi açıqlamada maraqlı məqamlar var: “Mətndə qeyd edilir ki, ABŞ iqtisadiyyatı pozitiv dinamika göstərir, inflyasiya gözləntilərdən də tez artır, işsizlik azalır, buna görə də FES faiz artımını plana uyğun apara bilər. Hətta qeyd edilib ki, 2019-cu ilə qədər uçot dərəcəsi 3 faiz həddində olması ehtimalı çox yüksəkdir, bu isə o deməkdir ki, yaxın 2 ildə, hər dəfə 0,25 faiz olmaqla uçot dərəcəsi 10 toplantıda artırıla bilər. Bəzi media qurumları yazır ki, Trump dolları ucuzlaşdıracaq, ABŞ sistemini öyrənmək lazımdı, Trumpun elə bil imkanı və alətləri yoxdur ki, bunu etsin. Hətta miqrantlarla bağlı son fərmanını belə həyata keçirə bilmədi, məhkəmə hakimiyyəti həmən işə düşdü, öz nəzarət funksiyasını işə saldı. Bizdə də, Rusiyada da elə bilirlər ki, ABŞ-da prezident istədiyini edə bilər, bu, belə deyil. Trump, “baha dollar bizə ziyandır”,- deyib, amma səhvdir, ABŞ ixracatına baha dollar cüzi təsir edir, yəqin ki, komandası bunu da ona başa salacaq. ABŞ-ın dünyaya satdığı məhsulların çoxu unikaldır, ancaq ABŞ istehsal edir, bu anlamda, baha dollar çox az təsirə malikdir. Məsələn, Apple məhsullarını dolların məzənnəsinə görə dünya almır ki, Apple olduğuna görə alır. Bir sözlə, FES sürətlə faiz dərəcəsini artırmağa başlasa, dolların dünyada bahalaşması sürətlənəcək, bu bizə iki yöndən təsir edəcək: Həm neft qiymətləri, ən azından, bahalaşmayacaq, həm də bahalaşan dollar bizim manata daha çox basqı yaradacaq, manatın ucuzlaşması daha da sürətlənəcək”.

Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında qeyd edib ki, FES-in faiz dərəcəsini artırmaması manatla bağlı təhlükəni sovuşdurmur: “Faiz dərəcəsinin artması ehtimalı onsuz da az idi. Ay yarım əvvəl uçot dərəcələri artırılmışdı. İndi yenidən artırma ehtimalı yox idi. Amma istənilən halda, bu il iki dəfə artırılma qərarı veriləcəyini düşünürəm. Çünki həm bu, FES-in Donald Trampla olan pis münasibətləri ilə bağlıdır. Həm də bunun başqa səbəbi də odur ki, Tramp iqtisadiyyata çox pul qoyulmasını fikirləşir. Bu da inflyasiyaya apara bilər. Ona görə də FES məcbur olacaq ki, faiz dərəcəsini artırsın və inflyasiyanın qarşısını alsın. Bu halda bizim valyutanın devalvasiya təhlükələri də güclənəcək. Amma bizdə onsuz da devalvasiya öz-özünə də davam edir. Dollar heç qalxmasa belə, manat üzüaşağı düşür. Manat bu gün çətin vəziyyətdədir. Dollar bahalaşmasa belə, manat onsuz da ucuzlaşır. Dollar qalxsa, bu, bizim üçün çox pis olacaq. O halda bizdə devalvasiya daha kəskin ola bilər. Bu ehtimal böyükdür”.

Röya RƏFİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR