İnsanlara hürriyət, millətlərə istiqlal!

Bank sektorunda ixtisarlar aktuallaşır

1344 06.11.2015 08:15 İqtisadiyyat A A

Ölkənin bank sektoru ağır durumdadır. Əksər ekspertlər bildirirlər ki, bu ilin əvvəlində bank sektorunu haqlayan böhran özünün yeni fazasına qədəm qoyub. Ekspert Samir Əliyevin sözlərinə görə, əmanət və kredit qoyuluşunun zəifləməsi, problemli kreditlərin artması fonunda kredit təşkilatlarının gəlirləri ilə zərərləri arasında fərqin azalması bankları sərt addımlar atmağa məcbur edib: 

“Xərclərin optimallaşdırılması adlanan siyasəti çərçivəsində filialların bağlanması prosesinə başlanıb. Belə davam edərsə, bank sektorunda ixtisarlar geniş vüsət alacaq. Hazırda sektorun dayanıqlığı sual altındadır. Mərkəzi Bankın yanvardan sonra bankların maliyyə dayanıqlığına və məcmu kapitalına dair statistik göstəriciləri, habelə gəlir və xərclərinin mövcud durumu barədə məlumatları dərc etməməsi vəziyyətin gərgin olduğunu deməyə əsas verir”. 

Ekspertin sözlərinə görə, dərc olunmuş 9 aylıq göstəricilər bank sektorunda pisləşmə tendensiyasını qabarıq göstərir: “Onların bəzilərinə diqqət yetirək. Bankların xarici öhdəlikləri 2014-cü ilin noyabrından sonra ən aşağı həddə, 6,3 milyard manata düşüb. Kredit qoyuluşu, xüsusilə milli valyutada verilən kreditlərin həcmi kəskin azalıb. Manat kreditlərinin həcmi 2013-cü ilin sentyabrı səviyyəsinə düşüb. Problemli kreditlər müstəqillik tarixində ən yüksək həddə, 1,4 milyard manata çatıb. Belə kreditlərin payı isə 7,1 faizə çatmaqla, son 11 ilin rekordunu vurub. Beynəlxalq Bankdakı restrukturizasiya olunmuş kreditləri də əlavə etsək, vəziyyətin daha da gərginləşdiyini deyə bilərik”.

S.Əliyevin sözlərinə görə, əmanət qoyuluşu devalvasiyadan əvvəlki səviyyəyə qədər azalıb: “Dollarlaşmanın artması nəticəsində manat əmanəti 2015-ci ildə 2.5 dəfə azalmaqla yanaşı, onun payı 24 faizə düşüb. 2015-ci ilin təkcə 3-cü rübündə özəl banklara məxsus ən azı 6 filial bağlanıb.  Ləğvetmə prosesində olan bankların sayı 5-dən 7-yə qalxıb.  Kredit kartlarının sayı 2014-cü ilin may ayından bəri ən aşağı həddə, 1,13 milyona düşüb. Plastik kartlarla aparılan əməliyyatların həcmi 2015-ci ilin yanvarından sonra ən aşağı həddə, 962 milyon manata düşüb”. 

Ekspert qeyd edib ki, oxşar problemlər bank olmayan kredit təşkilatlarında da müşahidə edilir: “Mərkəzi Bankın komisyon haqlarının və faiz dərəcələrinin yuxarı həddinə tətbiq etdiyi limit daha çox həmin kredit təşkilatlarına zərbə vurub. Pul bazasının məhdudlaşdırılması, büdcə xərcləmələrinin azaldılması, iş yerlərinin bağlanması fonunda əhalinin gəlirlərinin azalması bank dövriyyəsini və kreditləşməni kəskin azaldıb. Üstəgəl, problemli kreditlərin artması bankların gəlirlərini əhəmiyyətli dərəcədə azaldıb, zərərini isə artırıb. Banklar hələ ki filialların birləşdirilməsi, işçilərin sayının ixtisarı hesabına xərcləri azaltmağa müvəffəq olur. Ancaq ixtisarların başa çatdığını söyləmək olmaz. Proses davam edəcək və daha geniş vüsət alacaq”.

RÖYA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR