İnsanlara hürriyət, millətlərə istiqlal!

Bağlanan banklarla bağlı təhlükə - ləğvetmə şəffaf deyil...

1957 06.12.2016 10:08 İqtisadiyyat A A

Ölkədə bağlanan banklarla bağlı daha bir təhlükə var. Belə ki, hazırda ləğvetmə prosesində olan ondan çox bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur. Halbuki “Banklar haqqında” qanunun 71-ci maddəsinə əsasən, bankın ləğvedicisi hüquqi şəxs ola bilməz, yalnız fiziki şəxs ola bilər. Çünki həmin maddəyə əsasən, ona əməkhaqqı ödənilməlidir. Əməkhaqqı isə yalnız insana ödənilə bilər. Ekspert Əkrəm Həsənov bildirir ki, ləğvedicisi belə qanunsuz olan ləğvetmə prosesindən yaxşı nəticə gözləmək olmaz.

Ekspertin sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət göndərərək müflis banklarda pulu qalmış sığortasız əmanətçilər və şirkətlərdən ibarət kreditorların ümumi yığıncağı və komitəsinin yaradılması təklifini irəli sürüb: “Kreditorlar dedikdə, sığortalanmamış əmanətlərin sahibləri, müflis bankda pulu qalmış sahibkar və hüquqi şəxslər ehtiva olunur. Onların sırasında xarici vətəndaşlar və şirkətlər, hətta banklar də az deyil. Ümid edirəm ki, Palata təklifimi qəbul edəcək. Əks halda ləğvetmə prosesində korrupsion maraqların olduğu aşkar olacaq. Amma hər bir halda sözügeden kreditorların özü də fəal olmalıdır. Birləşməlidirlər, bu cür müraciətlər göndərməlidirlər. Birləşərək kollektiv müraciətlər olsa, effekti daha güclü olar”.

Ə.Həsənovun fikrincə, kreditorların ümumi yığıncağı və komitəsi yaradılsa, kreditorlar bankın vəziyyəti, gəliri və xərcləri barədə məlumatlı ola biləcəklər: “Bu proseslərə nəzarət edə biləcəklər və nəticədə pullarının heç olmasa, bir hissəsinin qaytarılması ehtimalı artacaq. Ən yaxşı halda isə bankı talan etmiş şəxslər barədə məlumatlı olaraq pulunuzu onlardan da tələb edə biləcəksiz. Bu halda pulunuz tam da qayıda bilər. Əks halda ləğvetmə prosesi illərlə davam edəcək, kimlərsə bundan milyonlar qazanacaq, sizə isə heç nə qaytarmayacaqlar”.

Ekspert müflis bankların ləğvində korrupsiya təhlükələrindən narahatlığını vurğulayıb: “Kreditorlar müflis bankda nə baş verdiyini bilmirlər, ləğvetmə prosesinə təsir etmək imkanından məhrumdurlar. Çünki bankların ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu üzərində heç bir real təsiredici nəzarət yoxdur. İstədiyini edə bilər: rüşvət ala, bankın pulunu mənimsəyə, gəlirləri azalda, xərcləri isə şişirdə bilər və sair. Məsələn, Fond qiymət fərqini mənimsəmək niyyəti ilə bankın əmlakını dəyər-dəyməzə sata, bankın borcluları ilə əlbir olaraq kreditlərin qaytarılmasında pozuntulara yol verə bilər. Borclularla bank üçün əlverişsiz barışıq sazişləri bağlaya bilər, onlara qarşı məhkəmə proseslərinin bilərəkdən səhv apara bilər, iddia müddətlərini buraxa bilər və sair. Digər tərəfdən, ləğvedici süni şəkildə inzibati və digər xərclərini artıra, o cümlədən lüzumsuz işçi qüvvəsi saxlaya və satınalmalarını şişirdə bilər, həmçinin onu rüşvətlə maraqlandırmış bir qisim kreditorlara digərləri qarşısında üstünlük verə bilər”.

Ə.Həsənov qeyd edib ki, qabaqcıl dünya təcrübəsi göstərir ki, müflis bankda ləğvetmə prosesinin düzgün aparılmasının bir yolu var: “Ləğvedici üzərində kreditorların ümumi yığıncağının və həmin yığıncağın qurumu olan kreditorların komitəsinin nəzarəti. Müflis bankın ləğvedicisi ilk növbədə kreditorların maraqlarına xidmət etməlidir. Buna görə də kreditorların ümumi yığıncağı ləğvedicidən bütün məsələlərlə bağlı hesabat tələb etmək, ləğvedicinin büdcəsini təsdiq etmək, ləğvediciyə etimadsızlıq göstərmək, ləğvedicinin iri əqdlərinə razılıq vermək və sair səlahiyyətlərə malik olmalıdır". 

Onun sözlərinə görə, bu məsələlərin həlli ilk növbədə bank sisteminə etimadın artmasına səbəb olacaq: “Əks təqdirdə, müflis bankların ləğvetmə prosesinin sırf korrupsion maraqlara xidmət etməsi haqda şübhələr, bank sistemimizə etimadsızlıq yalnız artacaq”.

RÖYA





Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR