İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan neftdən asılılıqdan xilas ola biləcəkmi?

1097 17.09.2016 07:30 İqtisadiyyat A A
Neftin qiyməti və hasilatı düşdükcə, Azərbaycanın neft gəlirlərindən asılı olması diqqət mərkəzinə gətirilir. Əksər ekspertlər bildirirlər ki, ölkənin neft sektorundan asılılığını aradan qaldırmaq üçün uzun illər tələb olunur. Eyni zamanda, davamlı görüləcək tədbirlər planı və normal proqram olmalıdır.

Dövlət Neft Şirkəti (SOCAR) özünün 2017-ci il üçün hazırlanan büdcəsinin layihəsində neftin baza qiymətini 40 dollar/barel səviyyəsində nəzərdə tutacaq. “Report”un verdiyi xəbərə görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev məlumat verib.
Neftlə bağlı dünyada gözləntilər isə bir-birindən fərqlənir. Məsələn, Liviya neft hasilatını bir neçə dəfə artırmaq və Böyük Sirt körfəzinə (Aralıq dənizi) nəzarəti geri qaytarmaqla böyük həcmdə ixraca başlayacağı barədə bəyanat yayıb. 

Liviya rəsmilərinin bəyanatı sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək neft hasilatçıları ölkələrinin növbədənkənar sammitində hasilatın dondurulması qərarına mane ola bilər. Liviya Milli Neft Şirkətinin məlumatına görə, ölkə neft hasilatını bir ay ərzində 600 min barel/günə çatdıra bilər. İlin sonuna qədər isə hasilatın 900 min barel/günə çatdırması nəzərdə tutulub. Xatırladaq ki, Liviya 2011-ci ildə ölkədə silahli qarşıdurmanın başlamasına qədər gündəlik 1,4-1,6 milyon barel neft hasil edib. 

Bu da dünya neft hasilatının 2 faizinə bərabər olub. Hazırda isə ölkə gündə 200 min barel neft hasil edir. OPEC-in hesabatına görə, avqustda Liviyanın gündəlik neft hasilatı 292 min barel olub. Ekspertlərin fikrincə, bu il neft hasilatçısı ölkələrinin Doha sammitində hasilatın dondurulması qərarı İran tərəfinin razılaşmaması səbəbindən baş tutmamışdırsa, Əlcəzair sammitində buna Liviya mane ola bilər.

Xatırladaq ki, Əlcəzair sammitində İran tərəfinin razılıq verməsi də qeyri-müəyyəndir. Belə ki, keçən həftə “Bloomberg” agentliyinə müsahibə verən İran Milli Neft Şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Mohsen Qamsari bildirib ki, ölkəsinin sanksiyalardan əvvəlki hasilat səviyyəsinə çatması yalnız 2016-cı ilin sonu-2017-ci ilin əvvəlində mümkün olacaq. Qeyd edək ki, İran neft hasilatının dondurulması qərarına razılıq vermək üçün ölkəsinin sanksiyalar tətbiq edildiyi tarixdən əvvəlki hasilat səviyyəsinə çatması şərtini irəli sürüb.

Səudiyyə Ərəbistanı isə neft hasilatında ABŞ-ı geridə qoyaraq dünyanın ən böyük istehsalçısı olub. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir. Bildirilir ki, avqust ayında Səudiyyə Ərəbistanının ümumilikdə xam neft və neft məhsulları istehsalı gündəlik orta hesabla 12,6 milyon barrelə çatıb. ABŞ-ın istehsalı isə gündəlik 12,2 milyon barreldə qalıb. Ötən müddətdə ABŞ-dan daha çox neft istehsal edən Səudiyyə Ərəbistanı 2014-cü ilin aprelində itirdiyi liderliyini yenidən qazanıb. 

Ucuzlaşan neft qiymətləri ABŞ-dakı neft istehsalçılara mənfi təsir edir. May ayından etibarən ABŞ-ın ümumi neft istehsalı gündəlik orta hesabla 460 min barrel azalıb. Səudiyyə Ərəbistanı isə may ayından bu vaxtadək neft istehsalını gündəlik orta hesabla 400 min barrel artırıb.

Image result for Azər Mehtiyev

Rusiyanın Maliyyə Nazirliyi isə hesab edir ki, neftin qiymətinin yaxın bir neçə il ərzində 30 dollara enərək bu səviyyədə qalması tamamilə mümkün ssenaridir. Rusiya maliyyə nazirinin müavini Maksim Oreşkin “Fitch” reytinq agentliyinin illik konfransında belə deyib. O, bildirib ki, 2017-2019-cu il dövlət büdcəsi layihəsində neftin qiyməti 40 dollardan götürülüb. Onun sözlərinə görə, indiki 50 dollarla müqayisədə daha aşağı qiymətin götürülməsi büdcəni stress ssenarisinə hazırlamaq üçün daha münasibdir. 

Qeyd edək ki, neftin qiymət ucuzlaşması fonunda qeyri-neft sektorunun inkişafı, neftdən asılılığın azaldılması kimi məsələlər dəfələrlə gündəmə gəlsə də, ortaya real proqram və çıxış yolu yoxdur. Bir çox ekspertlər isə bildirirlər ki, Azərbaycan neftin ucuzlaşmasına hazır deyil. Ümumiyyətlə, neft pullarından hələ neçə il asılı olmaqda davam edəcək.

Ekspert Azər Mehtyev musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan hələ neft gəlirlərindən asılı olmadan yaşamağa hazır deyil: “Bunun üçün zaman lazımdır. Bu gün Azərbaycan iqtisadiyyatının kökündə dayanan neftdir, neft gəlirləridir. Azərbaycan dövlət büdcəsi neft gəlirlərindən alınır. Ölkənin neft gəlirlərinin də azalması birbaşa iqtisadiyyatın durumuna, milli valyutanın durumuna, iqtisadi proseslərin gedişinə birbaşa təsir göstərir. Ümumiyyətlə ölkənin indiyədək olan planlaşması və inkişafı da neft gəlirlərinin hesabınadır. Neft gəlirlərindən asılılığın azaldılması zaman və ciddi islahatlar tələb edir. Qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar ciddi irəliləyişlərə gətirib çıxarmağa nail olmayıb. Nəzərdə tutulan addımlar da bunun üçün yetərli deyil. Çünki Azərbaycanda qeyri-neft sektorunun inkişaf etməməsində mövcud formalaşmış səbəblər, elementlər qaynaqlanır”.

Ekspertin sözlərinə görə, Azərbaycanda mövcud idarəetmə sistemi neft gəlirlərinin əldə olunmasına yönəlik sistemdir: “Bütün dövlət qurumlarının, bütün məmurların davranışları bu cür davranışlardır. Mövcud resursların ölçüsündən daha çox pay almasına əsaslanır. Yeni dəyərin yaradılması haqqında o düşüncə hələ ki, formalaşmayıb. Bunun üçün ciddi islahatlara, azad sahibkarlığın, müstəqil sahibkarlığın inkişafının yönləndirilməsinə ehtiyac var. Təəssüf ki, bu barədə çox danışılsa da, təmin olunmur. Söhbət birmənalı olaraq mülkiyyət toxunulmazlığına zəmanətdən keçir. Mülkiyyət müəyyənləşməlidir ki, onun toxunulmazlığına dövlət birbaşa zəmanət verməlidir. Heç bir halda məhkəmə qərarları olmadan mülkiyyət insanların əlindən alına bilməz.  Bu, həm yerli, həm xarici investor üçün çox önəmlidir. Əgər bu gün ölkədə baş verənlər, xüsusilə Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı məhkəmə prosesləri, Beynəlxalq Bankla bağlı məhkəmə prosesləri, kreditlərlə bağlı baş verən proseslər, ölkənin bank sistemində baş verənlər artıq mülkiyyət toxunulmazlığına zəmanət olmadığının göstəricisidir. İnvestorlar buna ciddi yanaşırlar. İkinci məsələ qanunçuluğa əməl olunmasıdır. 

Mövcud qanunlara əməl olunmalıdır. Qanun qarşısında hamı bərabər olmalıdır. Bu, çox vacib şərtdir ki, bizdə yoxdur. Digər məsələ müstəqil məhkəmə sisteminin olmasıdır. Bunlar sahibkarlığın inkişafının əlifbasını təşkil edir. Bunlar olmadan digər məsələlərin olması mümkün deyil. Əlbəttə, sonra da real olaraq ölkədə inhisarçılıq aradan qaldırılmalı, məmurların sahibkarlıq fəaliyyətinin qarşısı alınmalıdır. Xüsusilə məmurların gəlirlərinin şəffaflığının təmin olunması, gəlir bəyannaməsinnin təqdim olunması reallaşmalıdır, korrupsiyaya qarşı real mübarizə aparılmalıdır. Bu məsələlər həllini tapmalıdır ki, ölkədə real olaraq qeyri-neft sektorunun inkişafı üçün addımların atılmasının mümkünlüyünü görək. Qeyri-neft sektorunun inkişafı üçün də davamlı dövlət siyasətinə ehtiyac var. Hansı sahələr inkişaf etdirilməlidir, onların inkişafı üçün hansı addımlar atılmalıdır, o addımların ardıcıllığı necə təmin olunmalıdır, hansı dövr ərzində bu addımlar atıla bilər və digər bu kimi məsələlər dəqiqləşdirilməliidr. Əgər bu cür addımlar atılarsa, davamlı tədbirlər olarsa, təbii ki, ən yaxşı halda on il müddətinə qeyri-neft sektorunun ciddi inkişafına nail ola bilərik. Neft gəlirlərindən asılılıqdan xilas ola bilərik. Əgər bu addımlar olmazsa, mümkün deyil. İndi Azərbaycanda sənayeləşmədən çox danışılır. Bir-iki sənaye müəssisəsi tikməklə ölkənin sənayeləşməsini təmin etmək olmaz”.

Röya RƏFİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR