İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveçin nəhəng şirkəti Azərbaycandan niyə getdi?

6947 15.10.2014 08:51 İqtisadiyyat A A


Norveçin “Statoil” şirkəti Xəzərdən getmək qərarı verib. Şirkət Hasilatın Pay Bölgüsü sazişinə uyğun olaraq Şahdənizdəki 15,5 faizlik payını Malayziyanın “Petronas” şirkətinə satıb. Bu haqda Norveç şirkətinin saytında məlumat yer alıb. 

Şirkət “Şahdəniz” layihəsində 15,5 faizlik, Cənub Qafqaz Boru xəttində 15,5 faizlik və Azərbaycan Qaz Təchizatı Şirkətindəki 12,4  faizlik payını “Petronas”a 2,25 milyard dollara satıb. “Statoil”ın beynəlxalq inkişaf və istehsal üzrə vitse-prezidenti  Lars Kristian Baker bildirib ki, bu aktivlərin inkişafı üzərində işləyərək, əhəmiyyətli dəyər yaradıblar: 
“Biz bu aktivlərin satışında ”Petronas"la müqavilə bağlamaqla məmnunuq. Bu sövdələşmə bizim portfeli optimallaşdırır, sənayenin inkişafı və yüksək artımı üçün maliyyə çevikliyini gücləndirir. 2014-cü ilin ikinci rübündə “Statoil” “Şahdəniz” yatağından sutkalıq 30 min barel neft ekvivalentində qaz hasil edir".

Baker əlavə edib ki, şirkətin beynəlxalq portfelində mühüm rola malik olan Azərbaycanla biznes əlaqələrimiz davam edəcək.


Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı “Statoil”in gedişində siyasi səbəb olmasını istisna etmir. Komitə rəhbəri “Yeni Müsavat”a bildirdi ki, “Şahdəniz” layihəsi başlamadığı üçün “Statoil”də fəhlələr yoxdur:

“Onlar çox ehtiyatlı şirkətdir, şəffaf işləməyə çalışan nəhəng şirkətdir. Yəqin ki, iqtisadi mənfəətini düşünüb, öz payını satıb. Mənim hörmət etdiyim şirkətlərdən biridir. Onların həmkarlar təşkilatı da güclüdür. 

Biz hansı məsələni qaldırmışıq, həllini tapıb. “Statoil”də əmək müqavilələri ilə bağlı narahatlığımız vardı, qadınları əmək hüquqları, analıq məzuniyyəti ilə bağlı tələblər var idi. Biz bu məsələləri qaldırdıq və normaya saldılar".

M.Qəhrəmanlı hesab edir ki, Azərbaycan tərəfinin itkisi haqda nəsə demək olmaz: “Çünki şirkət öz payını Malayziyaya satıb”.  


“Turan” İnformasiya Agentliyinin direktoru, siyasi şərhçi Mehman Əliyevin fikrincə, “Statoil”in gedişində daha çox iqtisadi səbəbləri axtarmaq lazımdır. Onun sözlərinə görə, şirkət öz ərazisində işləməyə üstünlük verir. 

M.Əliyev “Statoil”in Rusiyada nəhəng layihələr reallaşdıra biləcəyini də istisna etmir: “Şirkətin rəsmi açıqlaması belə oldu ki, fəaliyyətini səmərələşdirir, öz zonalarında, Şimal dənizində layihələrini qorumaqla effektiv idarəçiliyi fikirləşir. 

Ancaq bu şirkətin mövqeyidir və biznes maraqlarına üstünlük verilir. Mənim ehtimalım odur ki, burada Rusiya məsələsi ola bilər. Rusiya ilə danışıqlar gedir və qaz yataqları üzrə bu şirkətin böyük təcrübəsi var. Rusiya ilə müqavilələr bağlana bilər. Artıq Rusiya Türkmənistan qazını öz ərazisindən Avropaya buraxmayacaq və öz əlavə qazını istehsala hazırlaşır. Ola bilsin ki, “Statoil” şirkəti də bu istiqamətdə Rusiyada iri layihələr həyata keçirsin".


M.Əliyev hesab edir ki, Rusiya perspektivli zonaya çevrilir və hətta bp şirkəti də qonşu ölkədə işləyir: “Artıq kəşfiyyat işləri aparılır. Arktik dənizə də giriblər. Hələlik işlər dayanıb. Bu da sanksiyalara görədir. Lakin müvəqqəti olduğunu fikirləşirlər. 

Mən düşünürəm ki, Azərbaycanın da öz maraqları var. Rəsmilər Malayziyaya tez-tez üz tuturlar. Ola bilsin ki, Malayziya şirkətində payımız var, iştirakımız mümkündür. Hər halda, detallarını onlar daha yaxşı bilirlər".

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban mediaforum.az-a bildirib ki, şirkətin gec-tez belə bir qərar verəcəyi əvvəldən özünü büruzə vermişdi: “2013-cü ilin oktyabrında "Statoil" şirkəti Fransanın "Total" şirkəti ilə SOCAR-a bildirmişdilər ki, onlar TANAP layihəsinə qoşulmaqdan vaz keçirlər. Sonradan bunu "Statoil" nümayəndələri qeyri-rəsmi söhbətlərdə layihənin bahalığı ilə izah etməyə çalışırdılar. 

2013-cü ilin dekabrında SOCAR və tərəfdaşları Şahdənizin “Mərhələ-2" layihəsini sanksiyalaşdırmağa hazırlaşarkən Norveç şirkəti tərəfindən gözlənilməz ”bəd xəbər" aldılar. 

Bu xəbərin məğzi ondan ibarət idi ki, "Statoil" faktiki olaraq Xəzər qazının Avropaya çatdırılması yönümündə ən önəmli resurs bazası kimi ortada olan “Şahdəniz-2" layihəsinin bahalığını bəhanə gətirib onun maliyyələşdirilməsində problemlərlə üzləşdiyini ortaya qoyurdu və layihənin operatoruna, o cümlədən layihəni təsdiq etməli olan Azərbaycan hökumətinə dolayısı ilə bəyan edirdi ki, ”mən payımı satmalıyam". 

İ.Şaban “Statoil”un Azərbaycanın infrastruktur layihələrini də tərk etməyə hazırlaşdığını bildirib: “Əgər nəzərə alsaq ki, dollar bahalaşmağa doğru gedir, demək, ”Şahdəniz"ə olan maraq böyükdür. Əsasən də regionda işləyən şirkətlər tərəfindən. 

Elə bu yaxınlarda TPAO-nun öz payını 9 faizdən 19 faizədək yüksəltməsi buna real sübutdur. Belədirsə, demək, "Statoil"un Şahdənizdən və infrastruktur layihələrindən getməsi heç də kommersiya maraqları ilə bağlı deyil".

Emil SALAMOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR