İnsanlara hürriyət, millətlərə istiqlal!

Fermerlər yığdığı taxılı sata bilmir

2288 24.06.2014 08:33 İqtisadiyyat A A


Azərbaycanda bəzi hallarda fermerlər istehsal etdiyi məhsulları sata bilmir. Bir çox hallarda isə istehsal olunan məhsullar ya maya dəyərindən aşağı satılır, ya da təyinatı üzrə istifadə olunmur. Azərbaycanda hər il orta hesabla 1 milyon 600 min ton ərzaq buğdası istehsal olunub. Bunun qarşılığında ölkəyə 1 milyon ton taxıl idxal olunur.
Bu il 2 milyon tona yaxın taxıl yığılması gözlənilir. Biçinin başa çatmasına çox az qalsa da, fermerlər məsullarını realizə edə bilmir. Belə halda sahibkar istehsal etdiyi məhsulu sata bilmir və ərzaq buğdasından heyvan yemi kimi istifadə etməyə məcbur olur. Ancaq normalda fermer qabaqcadan istehsal edəcəyi məhsulun alıcısı olacağına əmin olmalıdır.
Beləliklə, bəlli olur ki, taxıl istehsalçıları ötən mövsümü ziyanla başa vurublar. 

Onların məhsulunu sata bilməməsi idxal taxılının ucuz qiymətə satılması ilə bağlıdır. Taxıl idxalı Fövqəladə Hallar Nazirliyinin balansında olan Dövlət Taxıl Fondunun nəzarətindədir.
Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına görə, ölkənin taxıla olan illik tələbatı 3 milyon tondur. Bu həcmin 1,5 milyon tonu ərzaq taxılının - buğdanın payına düşür. Ötən il ölkədə 1,6 milyon ton taxıl yığıldığını nəzərə alsaq, demək olar ki, yerli istehsal daxili ehtiyaclar üçün yetərlidir. Ancaq bu, yalnız kağız üzərində belədir.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ötən il mətbuata açıqlamasında bildirmişdi ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda fermerlərə dövlət tərəfindən daha çox diqqət ayrılır: “Fermerlərə müxtəlif növ güzəştlər, subsidiyalar verilir. İnkişaf etmiş ölkələrdə belə güzəştlər yoxdur. Lakin bir daha bildirirəm ki, ehtiyat taxıl fondunda keyfiyyətsiz taxıl ola bilməz”. Bu açıqlamadan da aydın olurdu ki, nazir yerli taxılın keyfiyyəti haqqında yaxşı fikirdə deyil və “aşağı keyfiyyətli taxıl adıyla” yerli məhsullardan yenə də imtina ediləcək. Bu il də vəziyyət dəyişməyib. Baxmayaraq ki, sabiq kənd təsərrüfatı naziri İsmət Abasovun işdən çıxarılmasından və Heydər Əsədovun  təyinatından sonra çoxları vəziyyətin dəyişəcəyinə ümid edirdi. Ancaq H.Əsədovun dövründə də vəziyyət dəyişməyib.

Nazirlər Kabinetinin sərəncamına görə, Azərbaycanda ildə 260 min ton taxıl ehtiyatı olmalıdır. 260 min ton taxıl idxal hesabına ehtiyat fonduna yığılıb. Ölkə üzrə istehsal edilən taxılın 260 min tonu və ya 15 faizi Taxıl Fonduna yığılsaydı, bu, yerli istehsalçılara böyük dəstək olardı.  

Yerli taxılın satılmamasının əsas səbəbi onun keyfiyyətinin aşağı olmasıdır. Yerli fermerlərin taxılı təmizləmə şəraiti yoxdur. Fermer əkəndə, aqrotexnika qaydalarına əməl eləmirsə, alaq otu olmasın deyə, Herbisid vurmalıdır. Bu səbəbdən də dəyirmanlar daha çox xarici idxala üstünlük verir. 

Hökumət kənd təsərrüfatına, fermerlərə, buğda əkinçiliyinə yetərincə qayğı göstərdiyini bəyan etsə də Azərbaycanda kənd təsərrüfatı idarəçiliyində xaos, qeyri-peşəkar idarəçilik hökm sürür. Əslində bu problemlərin həllinin ən düzgün yolu hökumətin taxıl səpini zamanı fermerlərlə müqavilə bağlaması olardı. Belə halda fermerdə əminlik yaranardı. Hansı ki, hökumət bunu etməyib. 

Bundan başqa, texnikalar sistemsiz şəkildə bölüşdürülüb. Ciddi nəzarətsizlik var. Bərdə və Beyləqana 2-3 il əvvəl gətirilən texnikaların əhəmiyyətli hissəsi sıradan çıxıb. Bütün bunların hamısı - istər texnikanın çatışmazlığı, istərsə də dövlətin fermerlərlə zəmanətli şərtlərlə kontrakta getməkdən imtina etməsi Azərbaycanın yeni bir ərzaq təhlükəsizliyi proqramı qəbul etdiyi vaxta təsadüf edir. Qısa müddət ərzində buğda istehlakını daxili istehsal hesabına ödəmək hədəfini götürən ölkədə elə vəziyyət yaranıb ki, əhali taxılı biçməkdə çətinlik çəkir və ya əkilən taxılı sata bilmir. Hesablamalar göstərir ki, indiki qiymətlər hətta taxılın, buğdanın maya dəyərini də örtmür. Belə situasiyanın bir adı var - Azərbaycanda aqrar idarəçilik bərbad vəziyyətdədir. 

Yaranmış vəziyyət həm də taxıl idxalındakı inhisarçı qrupun güc nümayişidir. Bu, onların daxili istehsalın artımında maraqlı olmadığını göstərir. Son illər buğda idxalının dayanmadan artımı da bu fikri təsdiqləyir.

İqtisadiyyat şöbəsi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR