İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 50 min ailə neft milyonçusudur

12478 13.01.2014 09:00 İqtisadiyyat A A
Azərbaycana 2005-ci ildən axmağa başlayan böyük neft pullarının xərclənməsi həmişə müzakirə mövzusu olub. Bu müzakirələrdə bir fikir dominantlıq təşkil edir ki, neft dollarları məhdud bir qrupun cibinə axır, əhalinin əhəmiyyətli kəsimi isə bu bölgüdən kənardadır. Təbii ki, bu fikirlər havadan götürülməyib, bəzi hallarda rəsmi statistikaya, təhlil və alternativ hesablama mənbələrinə əsaslanır. Bu mövzuda maraqlı bir araşdırmanı oxucuların diqqətinə çatdırırıq. 

*  *  *
2005-ci ildən Azərbaycana axan böyük neft pulları 4-5 min ailəni ultramilyonçuya, 10-15 min ailəni milyonçuya, 25-30 min ailəni isə “pula-pul deməyən”, hər ay bir neçə mindən bir neçə on minədək pul qazanan ailələrə çevirdi. Söhbət ən yaxşı halda ölkədə mövcud olan 1,9 milyon ailənin təxminən 3 faizindən - 50 min ailədən gedir. Bu rəqəmlər iqtisadçı ekspert Rövşən Ağayevin araşdırmaları əsasında ortaya çıxıb.

Ekspert “Yeni Müsavat”a açıqlamasında bu qənaətə bahalı maşınların statistikasını təhlil edərək gəldiyini deyib: “Doğrudur, iddia eləmirəm ki, hazırda bütün bahalı maşınları sürən ailələrin hamısı neft pulundan bəhrələnənlərdir. Uzaq diyarlarda (Rusiyada, Türkiyədə, Ukraynada, Çində) özlərinə min bir əziyyət bahasına biznes quranlar Azərbaycanda yaşayan yaxınlarına bahalı maşınlar sürməyə şərait yaradıb. Bahalı maşına malik belə ailələrin ümumi yekunda payı heç 10-15 faiz də olmaz. Elə burada - ölkəmizin içərisində öz halal zəhməti hesabına (məsələn, yayın istisini, qışın soyuğunu fermalarda keçirən, bir neçə yüz qoyunu, mal-qarası olan fermerlər, vaxtında özünə dükan-mağaza qurmuş orta biznes təmsilçiləri) özünə bahalı maşın alan ailələr ola bilər. Amma belə insanlarımızın da qoy ümumi cəmdə payı 5-10 faiz olsun. Yerdə qalan ən azı 70-75 faizin neftin hesabına maşınlar aldığına zərrəcə şübhəm yoxdur”. 

Demokratik təsisatların oturuşmadığı, seçkili institutların yaranmadığı (və ya formal fəaliyyət göstərdiyi) təbii ehtiyatlarla zəngin ölkələrdə hakimiyyətin və cəmiyyətin davranışı “Tanrı payı” adlandırılan havayı, heç bir zəhmət sərf etmədən qazanılmış pulların təsiri altında formalaşır. Ağlın, innovasiya və texnologiyaların, bir sözlə “bilik iqtisadiyyatı”nın da deyil, müftə qazanılmış resurs pullarının hökm etdiyi cəmiyyətlər üçün fərqləndirici davranış tüfeyli və dəbdəbəli istehlakın sürətlə genişlənməsidir. 
Birdən-birə fontan vuran neft pulları əvvəl hakimiyyəti varlandırdı və hakimiyyət qazandığı pullardan əvvəlcə daha yaxın, sonra bir qədər uzaq çevrəsinə səpələdi. Ekspert müşahidələri və analizləri nəticəsində neftdən varlanan ailələri aşağıdakı kimi təsnifləşdirir:


1. Ölkədə 1,9 milyon ailədən 4-5 min ailə - bilavasitə hakimiyyətdə təmsil olunan ultramilyonçular. Əmlaklarının həcmi təxminən yüz milyondan milyardadək olan təbəqə.
2. Birinci qrupdakı ailələrin biznesini yönəldən çox yaxın qohumlar (qardaş, yeznə, kürəkən, əmi, dayı, xala və s.) - təxminən 10-15 min ailə. Bu təbəqənin əmlakı bir neçə milyondan yüz milyon manata qədərdir.

3. Yaxın qohumların dost-tanışları, bu dost-tanışların yaxınları kimi bilavasitə qurduqları biznesdə konkret işləri görməyə cəlb olunan təxminən 25-30 min ailə. Bu təbəqə hər ay 5-10 min manatdan 100 min manatadək qazana bilir.

Hakimiyyətdə təmsil olunmayan, bilavasitə onların biznesində iştirak etməyən, amma neft pulları hesabına milyonçulara çevrilən ailələr də var. Düzdü, onların sayı çox deyil və təxminlərimə görə, onların maddi və əmlak durumu aşağı-yuxarı bir neçə yüz mindən 5-10 milyonadək ola bilər. Özünü media maqnatı adlandıran şəxslər, ictimai əsaslarla formalaşan mərkəzlərin təmsilçiləri, gerçəkdə siyasi hakimiyyətin PR-na məsul olan qruplar bura aiddir. 

Ekspert analizlərində bahalı avtomobillərin statistikasına istinad edir. Varlıların ən çox sürdüyü markalar “Mercedes” və “BMW”dir. Rəsmi statistikaya görə, 2013-cü ilin əvvəlinə bu markadan olan minik avtomobillərinin sayı təxminən 170 min ədəd olub. Rəsmi məlumat olmasa da, peşəkar maşın satıcılarının dediyinə görə, ən yaxşı halda “Mercedes” və “BMW” parkının 25 faizi təzə və bahalı maşınlardır. Yəni söhbət 35-40 min varlının sürdüyü, qiyməti 70-80 min dollardan 250-300 min dollaradək yüksələn “Mercedes” və “BMW”lərdən gedir. Digər bahalı markalar bunlardır: “Lexus”, “Rolls-Royce”, “LAND-ROVER”, “İnfiniti”, “Audi”, “Lincoln”, “Jaguar”. 


Bu markalardan isə 2013-cü ilin əvvəlinə olan məlumata görə, ölkədə cəmi 18 min maşın olub. Bu markaların qiyməti isə 70-80 min dollardan 700 min dollara qədər yüksəlir. 
Bahalı maşınların əsasən neft pulu ilə alınmasını təsdiqləyən elə rəsmi statistikadır. Azərbaycana böyük neft pulları 2005-ci ildə daxil olmağa başlayıb. Məhz 2005-ci ildən də Azərbaycana yuxarıda adını sadaladığım bahalı avtomobil markaları gətirilməyə başlayıb:
- 2005-ci ilədək Azərbaycanda “Jaguar” olmayıb, məhz həmin il bu markadan 43 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə olan statistikaya görə, ölkədə 150 “Jaguar” markalı minik avtomobili var;

- 2006-cı ilədək Azərbaycanda “LAND-ROVER ” olmayıb, məhz həmin il bu markadan 577 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə olan nəticələrə görə, ölkədə 3100 “LAND-ROVER” markalı minik avtomobili var;

- 2006-cı ilədək Azərbaycanda “İnfiniti” olmayıb, məhz həmin il bu markadan 130 ədəd gətirilib. 2013-cü ilin əvvəlində ölkədə 1600 “İnfiniti” markalı minik avtomobili var idi;
- 2006-cı ilədək Azərbaycanda “Lexus” çox məhdud sayda olub. Məhz həmin il bu markadan 470 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə olan nəticələrə görə, ölkədə 6100 “Lexus” markalı minik avtomobili var;

- 2006-cı ilədək Azərbaycanda “Porsche” olmayıb, məhz həmin il bu markadan 2 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə olan nəticələrə görə ölkədə 958 “Porsche” markalı avtomobil var.

2006-cı ildən başlayaraq dövlət büdcəsinin investisiyalar bölümünün analizi acınacaqlı mənzərəni ortaya qoyur. 15 milyard manata və ya 20 milyarda yaxın büdcə vəsaiti büdcənin əsas donorları arasında bölüşdürülüb: ARDNŞ-yə 970 milyon manat, “Azərbaycan Hava Yolları” QSC-yə 900 milyon manat, “Azərbaycan Dəmir Yolları” QSC-yə 642 milyon manat, “Azərenerji” ASC-yə 1,5 milyard manat, “Bakıelektrikşəbəkə” ASC-yə 588 milyon manat, Nəqliyyat Nazirliyinə 7 milyard manat. Bahalı maşınların sahiblərini də bu müəssisələrin rəhbərləri, onların yaxınları və biznes tərəfdaşları arasında axtarmaq lazımdır. 

İqtisadiyyat şöbəsi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR