İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadçı ekspertdən bədbin proqnoz: “Neftin ucuzlaşması sürətlənə bilər”

1494 12.02.2018 08:25 İqtisadiyyat A A

 

Azərbaycan neftinin qiyməti ucuzlaşır. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,41 dollar ucuzlaşaraq 65,20 dollar olub. Ümumilikdə isə xam neftin qiyməti 2016-cı ilin yanvar ayından indiyədək ən yüksək həftəlik itki ilə üzləşib.  Digərlərinə gəlincə,  “Brent” markalı  neftin bir bareli Londonun ICE birjasında 62,79 dollar, “Light” markalı neftin bir bareli isə Nyu-Yorkun NYMEX birjasında 59,20 dollara satılır.

Neftin kəskin dəyər itirməsinin əsas səbəbi isə, ABŞ-dakı aktiv neft quyularının sayının  kəskin artmasıdır. Belə ki, ABŞ-dakı aktiv neft-qaz quyularının sayı ötən həftə 29 ədəd artaraq ümumilikdə 975 ədəd təşkil edib. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv neft-qaz quyularının sayı 234 ədəd çoxalıb. Ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft quyularının sayı isə 26 ədəd artaraq 791 ədəd olub. Bu, son 1 ildə ən sürətli həftəlik artımdır.

Bu barədə “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Rəşad Həsənov da vurğuladı ki, neftin bir həftə bundan öncə bazarlarda 70 dollardan yuxarı qiymətə satılması müəyyən qədər köpük qiymətlər hesab olunurdu: “Çünki tələb və təklif arasında elə ciddi bir disbalans yaranmamışdı. Burada spekulyativ izlər də hiss olunurdu. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, trendlərdən asılı olaraq bazar iştirakçılarının bir qismi ona uyğun mövqe tutular. Yəni qiymətlərin qalxması tendensiyası müşahidə olunduqda, alışa keçirlər ki, bu da qiymətləri artıran əsas səbəblərdən biri idi. Son günlərdə neftin ucuzlaşması müşahidə olunur. Çünki qiymətlərdə doymuşluq var. Bazar doyduğu halda qiymətlərin aşağı düşməsi təbiidir. Ancaq eyni zamanda buna təsir edən digər faktorlar da var. ABŞ-da son günlərdə neft hasilatının sürətlə  artması qiymətlər üçün təzyiq formalaşdıran məqamlardan biridir. ABŞ ilk dəfə olaraq gündəlik 10 milyon bareldən artıq neft hasilatını təmin edə bildi. Əvvəlcədən proqnozlaşdırılan kimi, neftin qiyməti ABŞ-da neft sektoruna investisiyanın artmasının şərtləndirən əsas amil olmaqla şist neft istehsalının sürətlə artmasına gətirib çıxaracaq. Bu proqnozlaşdırılandır və artıq oxşar situasiya formalaşıb. Bazarlar müəyyən dövr ərzində qeyd olunan informasiyanın psixoloji təsiri altında alıcılar daha passiv mövqe sərgiləyəcək ki, bu da son nəticədə  qiymətləri aşağı istiqamətdə tətikləyəcək. Eyni zamanda bazarlarda investor qismində çıxış edən tərəflər isə qiymətlərin azalması hallarında satış keçirlər. Bu satışlar isə bazarda təklifi əhəmiyyətli səviyyədə artıra bilər. Hətta növbəti dövrlərdə qiymətlərin ucuzlaşması prosesi sürətlənə bilər”.

Rəşad Həsənov\ ile ilgili görsel sonucu

İqtisadçı onu da qeyd etdi ki, ümumilikdə 2018-ci il üçün neftin qiyməti ilə bağlı proqnozlar əvvəlki illərlə müqayisədə daha optimistdir: “Enerji sektorunda fəaliyyət göstərən qurumlar, o cümlədən maliyyə qurumlarının bu istiqamətdə proqnozları təxminən orta göstərici olaraq 60 dollardır. Düşünürəm ki, qiymətlərin indiki təzyiqlər altında 60 dollardan aşağı düşməsinə baxmayaraq, ilin ikinci rübünün əvvəllərindən etibarən, yəni aprel ayından sonra yay turizm sezonunun başlaması ilə əlaqədar tələbat artacaq. Bu da qiymətlərin yenidən müəyyən qədər korreksiyasına gətirib çıxaracaq, neft yenidən 60 dollardan baha satılacaq. İlin ikinci yarısında isə qiymətlərə təzyiq edən faktorlardan biri OPEK və OPEK-ə daxil olmayan ölkələrin hasilatı tənzimləməsi ilə bağlı razılaşma ilə əlaqədar müzakirələrdir. Bu müzakirələrdən çıxan  nəticələr də öz təsirini göstərəcək. İlin ikinci yarısında qiymətlərin müəyyən qədər artması gözləniləndir”.

R.Həsənovun sözlərinə görə, ilin sonuna doğru bazarda təklif tələbi üstələyərsə, bu artım baş verməyə də bilər: “Ancaq onu da nəzərə almaq lazımdır ki, bu günlərdə BP 2018-ci ilin sonuna neftin qiymətinin 55 dollara qədər ucuzlaşması proqnozu ilə də çıxış edib. Burada əsas götürülən indiqatorlardan biri təklifin yenidən tələbdən daha çox olması məqamıdır. Çünki 2017-ci ilin sonlarında  artıq tələb və təklif arasında tələbin xeyrinə vəziyyət, gündəlik 1,1 milyon barel dəyişmişdi. Ancaq yenidən təklifin həcmində artım müşahidə oluna bilər. Bundan başqa, OPEK-ə daxil olan , lakin razılaşmada  müəyyən güzəştlər əldə etmiş ölkələrin neft hasilatının dinamikası da proseslərdə müəyyən qədər öz təsirini göstərirdi.  Ancaq təbii ki, neftin qiymətini əvvəlcədən  proqnozlaşdırmaq çox çətindir. Burada ən müxtəlif faktorlar prosesə təsir göstərə bilər. Biz onu  da nəzərə almalıyıq ki, hazırda yaxın Şərqdə gərginlik artmaqdadır. Xüsusilə də Türkiyənin Suriya ərazisində apardığı təmizləmə əməliyyatların gələcəkdə beynəlxalq təpkilərlə üzləşməsi, bu kimi hadisələrin qiymətlərə təsiri də baş verə bilər”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR