İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadçı: "Bank sektorunda islahatlar daha çox rəqabətin gücləndirilməsi istiqamətində olmalıdır"

832 19.04.2019 15:06 İqtisadiyyat A A

 

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda kreditlər üzrə faiz dərəcəsinin yüksək olduğunu bildirib və bunu aşağı salmağı təklif edib. Problemli kreditlər barədə qəbul edilən qərardan sonra bank sektorunda onun sağlamlaşdırılması üçün atıla biləcək ən qətiyyətli addım olaraq ölkə iqtisadiyyatının inkişafına hesablanan bu addım cəmiyyətə təqdim edildiyi kimi nəticə verə bilərmi? Ümumiyyətlə, banklar qarşısında hər hansı bir məhdudiyyət qoymaq doğrudurmu və bu cür nizamlanma nə qədər məqsədəuyğun ola bilər?

Düşüncələri qarışdıran cavabsız suallar çoxdur. Həyata keçirilməsi nəzərdə tutulan planın nə dərəcədə doğru addım ola biləcəyi, gözlənilən nəticəni verəcəyi ilə bağlı şübhələr də kifayət qədərdir. Bunun cəmiyyətə ümumilikdə faydalı olmayacağını düşünən, cəmiyyətin müəyyən hissəsinin bundan mənfəət əldə edəcəksə, digər hissənin belə bir vəziyyətdə zərərə uğrayacağını iddia edənlər haqsız sayılmazlar.

Maliyyə Bazarlarına Nəzarət Palatası təklif edir

Ölkədə banklar çox yüksək faiz dərəcəsi ilə kredit verir. Hər kəsin qəbul etdiyi bu gerçəkliyi dəyişmək üçün isə faiz dərəcələrinin yüksəlişini müdaxilə yolu ilə dayandırmaq təklif olunur.

Təkliflərdən biri faiz limitinin əksər kreditlərə – biznes və istehlak kreditləri və ya kredit məhsulları üzrə qəbul olunmasıdır.
Təklif edilir ki, bütün kreditlər üçün vahid limit və ya müxtəlif kredit məhsulları üzrə müxtəlif limitlər qəbul olunsun.
Mütləq və ya nisbi limitlərin qəbul olunması da nəzərdən keçirilən yollar arasındadır.

Daha bir variant isə limitlərin müəyyən edilməsi zamanı komissiya ödənişləri və digər rüsumlarla bağlıdır. Belə ki, komissiya ödənişləri və digər rüsumların nəzərə alınmaması, ya da istisna edilməsi nəzərdən keçirilən təkliflərdəndir.

Hansı təklifin keçərli sayılacağı və hansı formada tətbiq ediləcəyindən asılı olmayaraq, bank sektorunda prosesin qadağa, müdaxilə yolu ilə nizamlanması doğru sayılmır.

Banklar depozit formasında daha aşağı faizlə aldıqlarını kredit formasında vətəndaşa daha yuxarı faizlə təqdim edirlər
İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, bank kreditlərinin aşağı salınması günümüzün ən çox müzakirə olunan məsələlərindəndir. Bu məsələni zərurətə çevirən şəraiti isə belə izah edir: “Kommersiya banklarının təklif etdiyi kredit faizlərində son iki ildə manatın məzənnəsinin sabitləşməsinə baxmayaraq, nəinki ciddi, ümumiyyətlə, faiz azalmaları müşahidə edilməyib. Halbuki depozit faizlərində kifayət qədər azalmalar var. Azərbaycanda kredit portfelinin həcminin 12 mlrd. manat, depozit portfelinin həcminin isə 8 milyard manat olduğunu nəzərə alsaq, bu o deməkdir ki, banklar praktik olaraq hazırda təklif etdiyi kredit faizlərini vətəndaşlardan alır. Yəni, bankların təklif etdiyi hər 100 manatın 66 manatı depozit formasında vətəndaşlardan alınır. Banklar depozit formasında daha aşağı faizlə aldıqlarını kredit formasında vətəndaşa daha yuxarı faizlə təqdim edirlər. Nəticədə bir çox hallarda depozitlə kredit arasındakı fərq 4 dəfədən çox olur. Bu da beynəlxalq praktikada müşahidə edilməyən təcrübədir”.

İnzibati müdaxilə formasında reallaşdırılan faiz azalmaları məqsədəuyğun deyil

V.Bayramov hesab edir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ona yeni funksiyanın veriləcəyi halda kredit faizlərinə, o cümlədən bank xidmətlərinə maksimum hədd müəyyənləşdirmək hüququ qazanacaq. Ancaq bu, doğru deyil: “Əslində, bank faizlərinin aşağı düşməsi rəqabət yoluyla baş verməlidir. Palata bank sektorunda rəqabətin gücləndirilməsinə çalışmalıdır. Bu yolla faizlərin daha uzunmüddətli dövrdə aşağı düşməsinə gətirib çıxarmalıdır. Doğrudur, rəqabətin formalaşması vacib olmaqla yanaşı, zaman alacaq. Buna baxmayaraq, bu istiqamətdə fəaliyyətin gücləndirilməsinə ehtiyac var. Qısa müddətdə inzibati müdaxilə formasında reallaşdırılan faiz azalmaları məqsədəuyğun deyil. Birmənalıdır ki, bank sektorunda islahatlar daha çox rəqabətin gücləndirilməsi istiqamətində olmalıdır. Bank sektorunun sağlamlaşdırılması və islahatların davamlılığı nöqteyi-nəzərindən də rəqabət mühitinin formalaşdırılması önəmlidir. Bu, vətəndaşların, o cümlədən biznesin - iş adamlarının daha aşağı faizlə kredit ala bilməsi imkanları baxımından əhəmiyyətlidir və bu imkanlar rəqabət mühitinin formalaşdırılması hesabına olmalıdır. Korporotiv idarəetmə sisteminin formalaşması, bazar prinsiplərindən daha çox istifadə olunması və eyni zamanda kommersiya banklarının fərqli məhsulları bazara çıxarmasının təmin edilməsinə ehtiyac var”.
V.Bayramov düşünür ki, hər hansı qayda qoyulacaqsa, kredit faizləri bu qaydalarla məhdudlaşdırılacaqsa, onda rəqabət mühitinin gücləndirilməsi istiqamətində fəaliyyətlərin davam etdirilməsinə ehtiyac yaranacaq: “Xüsusən, Azərbaycan bank sektorunda xarici kapitalın cəlb edilməsi istiqamətində fəaliyyət güclənməlidir. Çünki xarici kapital rəqabəti gücləndirməklə yanaşı, innovasiyanın, yeni xidmətlərin və məhsulların sektora daxil olmasına imkan yaradır”.

4 faiz kreditdə, 2 faiz depozitdə

V.Bayramov hesab edir ki, bankların xərcləri və öhdəlikləri nəzərə alınmaqla, faizlərdə maksimum həddin müəyyənləşdirilməsi mümkündür. Nəticəyə gəlincə, bütün hallarda bu addım kreditlərdə faiz dərəcələrinin aşağı salınmasına səbəb olacaq: “Ola bilər ki, bu, daha qısa müddətdə mümkün olmasın. Belə bir səlahiyyətin veriləcəyi halda, 2019-cu ilin ikinci yarısında kredit faizlərində azalmalar müşahidə edə bilərik. Palatanın müəyyənləşdirdiyi maksimum həddən asılı olaraq, kredit faizlərinin dəyişməsi mümkündür. Depozit faizlərində də azalmalar olacaq. Palata maksimum həddi müəyyənləşdirəcəksə, bu, analoji olaraq depozit faizlərinin də aşağı salınmasına səbəb olacaq. İlkin qiymətləndirmələrə görə, 4 faizə yaxın azalma mümkündür. Buna uyğu olaraq da depozit faizlərində 2 faiz azalma olacağı gözlənilir. Xüsusən sistem əhəmiyyətli banklarda faizlərin aşağı düşəcəyi gözləniləndir”.

Ruhiyyə

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR