İnsanlara hürriyət, millətlərə istiqlal!

İpoteka kreditlərinin ödənilməsində problemlər yaşanır

2538 19.06.2017 23:23 İqtisadiyyat A A

Mənzillər sürətlə satışa çıxarılır...

İstehlak və biznes kreditlərinin ödənilməsində problem yarandığı kimi, ipoteka kreditlərinin geri dönüşündə də çətinliklər mövcuddur. Bu səbəbdən də ipoteka krediti ilə alınmış mənzillərin satışı artıb. Marja.az saytında yer alan məlumatda da bildirilir ki, Bakı və Xırdalanda ipoteka krediti ilə alınmış mənzillər ya şirkətə geri qaytarılır ya da satışa çıxardılır. Əmlak saytlarında ipotekada olan mənzillərin satışı elanları kəskin artıb. Səbəb maddi vəziyyəti pisləşən ailələrin aylıq kredit borclarını ödəyə bilməmələridir.


Həmçinin digər bir səbəb də aylıq ödənişlərin minimum əməkhaqqından, eləcə də orta aylıq əməkhaqqından çox olmasıdır.

Qeyd edək ki, manatın devalvasiyalarına qədər və sonra tikinti şirkətləri Azərbaycan Beynəlxalq Bankının ilkin ödənişsiz və ya 10% ilkin ödənişli 20 illik ipotekası ilə xeyli mənzillər satmışdılar. Bu gün isə gəlirləri azalan bir çox ailələr krediti ödəməkdə çətinlik çəkirlər. Vəziyyətin pisləşdiyini görən Beynəlxalq Bank ipotekanın bir addan digər ada rəsmiləşdirilməsinə icazə verib. Yəni, borcunu ödəyə bilməyəcəyini görən alıcı mənzili başqasına təklif edə bilir. Bu halda, satıcı satışa qədər banka ödədiklərini alıcıdan alır, həmçinin qalan aylıq ödənişlər də yeni alıcı tərəfindən Banka ödənilir.

Mənzilin tikinti şirkətlərinə qaytarılması halları da mövcuddur. Mənzil tikinti şirkətinə qaytarılan zaman alıcı cərimələnir (mənzilin dəyərinin 2%-nə çatan dəbbə pulu), MTK-ya dəymiş ziyan və digər məsrəflər alıcıdan tutulur. Mənzilin başqa bir şəxsə satışından əldə edilmiş vəsaitdən bütün məsrəflər çıxılır, sonra alıcının ötən müddət ərzində MTK-ya və ya Banka ödədiyi vəsait qaytarılır.

Bundan başqa, bank ilə alıcı arasında bağlanmış müqaviləyə görə, alınan mənzil girova qoyulur. İpoteka krediti üzrə aylıq ödəniş 90 gün gecikdiyi zaman mənzil üzrə bütün hüquqlar Banka keçir və Bank mənzili satışa çıxarda bilər.


Cərimələnməmək və digər məsrəfləri ödəmək istəməyənlər mənzilini elan saytları vasitəsilə özləri satışa çıxardıblar. Bu gün əmlak saytları ipotekada olan mənzillərin satış elanları ilə doludur. Lakin bu zaman ilkin ödəniş məbləği çox olduğundan alıcılıq da aşağı düşür. Çünki adətən ilkin ödəniş məbləği 35 min manatdan yuxarı olur. Hətta 40-50 min manat ilkin ödəniş tələb edən mənzil sahibləri də var ki, həmin qiymətə Bakıda nağd mənzil əldə etmək mümkündür.

Image result for Ramil Osmanlı

“Yeni Müsavat”a açıqlamasında ipoteka kreditləri ilə bağlı durumu dəyərləndirən daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı real vəziyyətlə bağlı rəsmi bir informasiyanın olmadığını bildirdi: “İpoteka Fondunun özünün açıqlamalarında belə bir məlumata rast gəlinmir ki, ipoteka yolu ilə alınmış mənzillər kütləvi şəkildə geri qaytarılır. Təbii ki, belə halların baş verməsi istisna edilmir. Müxtəlif istiqamətlər üzrə problemli kreditlərin həcmi artıb. Ola bilər ki, ipoteka kreditlərində də problemli kreditlər meydana çıxıb. Ancaq bunun kütləvi hal alması və mənzillərin satışa çıxarılması ilə bağlı informasiyaları mən bölüşmürəm. Ona görə ki, belə bir informasiya bizdə yoxdur. İpoteka Fondu da belə bir açıqlama verməyib. İndiki halda bu barədə konkret nə isə söyləmək bir qədər çətindir. Müəyyən mülahizələr ola bilər, bununla bağlı ehtimallar ola bilər ki, problemli kreditlərin həcmi artıb və bunun bir qolu olaraq ipoteka kreditlərinin ödənilməsində də problem yaranıb”.

R. Osmanlı onu da vurğuladı ki, ipoteka şərtlərinin daha da optimallaşdırılmasına ehtiyac var: “Azərbaycanda iqtisadi vəziyyət, bütün iqtisadi sahələr üzər makroiqtisadi göstəricilər üzrə 2013-2014-cü illərdən fərqlənir. Bu baxımdan hesab edirəm ki, ipoteka kreditlərində müəyyən qədər əlçatanlığı artırmaq üçün şərtlərdə dəyişikliklər edilməlidir. Ötən il ipoteka kreditlərinin verilməsi ilə bağlı bir çox ciddi dəyişikliklər edildi. 50 min manatlıq limit aradan qaldırıldı. İlkin ödəniş şərtləri yumşaldıldı. Faizlərə konkret düzəlişlər olunmasa da, Müşahidə Şurası yaxın gələcəkdə bu istiqamətdə addım ata bilər. Çünki cənab prezidentinin fərmanında da faizlərə baxılması məsələsi İpoteka Fondu ASC-nin Müşahidə Şurasına tapşırılır. Müşahidə Şurası bu səlahiyyətlərindən istifadə edib faiz dərəcələrinə yenidən baxa bilər”.

İqtisadçının fikrincə, MDB məkanında ən yüngül ipoteka şərtləri olan ölkələrdən biri də məhz Azərbaycandır: “Burada müəyyən istisnalar da var. Məsələn, Azərbaycanda ipoteka kreditləşməsi zamanı kommersiya obyektləri girov götürülmür. Yaxşı olardı ki, kommersiyan obyektləri də girov qisminə burada iştirak edə bilsin. İndiki hallarda şərtlər normaldır.

Ekspertin sözlərinə görə, əgər vətəndaşın ipoteka kreditinin ödənilməsi ilə bağlı çətinliyi yaranıbsa, “İpoteka haqqında” qanuna görə əmlak onun girov dəyəri ilə deyil, real bazar dəyəri ilə satışa çıxarıla bilər: “Bu da imkan verir ki, hərrac zamanı əmlak daha baha qiymətə satılsın. Çünki 3-5 il əvvəlki qiymətlərlə müqayisədə artım baş verib. Vətəndaş ipoteka götürürsə, ən azından onun məsuliyyətini dərk etməlidir. Bu dövlət vəsaitidir və onun bağışlanması, ondan imtina olunması da bilavasitə dövlətin səlahiyyətinə aiddir. Bu bilavasitə İpoteka Fondunun aktivi hesab olunur. Müvəkkil banklar sadəcə girov təminatı verən təşkilat qismində çıxış edirlər. Ona görə də mən hesab edirəm ki, ipoteka kreditlərinin ödənilməsi ilə bağlı yaranan problemlər bilavasitə mövcud qanunvericiliyə uyğun olaraq həll olunmalıdır”.

Nərgiz LİFTİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR