İnsanlara hürriyət, millətlərə istiqlal!

İnam yaradan nazir

2666 14.05.2018 09:10 Yazarlar A A

Azərbaycanda nazirə aid fotoların bu qədər geniş şəkildə müzakirə olunmasına nadir hallarda rast gəlinir. Təbii ki, söhbət təqdirlə müşayiət olunan müzakirələrdən gedir. Son günlər kənd təsərrüfatı naziri İnam Kərimovun bölgələrdə keçirdiyi görüşləri əks etdirən fotolar bəlkə də bir ilk oldu.

Nazir Qax rayonundakı fermerlərlə görüşə sadə vətəndaş kimi, qeyri-rəsmi libasda getdi, onları dinlədi, görəcəyi işlərdən danışdı, hədəflərini açıqladı. Daha sonra Quba rayonunun Buduq kəndində fermer İldırım Məmmədovla görüşərkən qucağına aldığı quzu ilə də diqqəti növbəti dəfə özünə cəlb etdi. “Mən bu qədər ömür sürdüm, belə nazir görməmişdim... Quzunu qucağına alaraq ”nazirdən quzu iyi gələr" dedi". Fermerin sözləridir.

Axı, bizlər naziri mühafizəçisiz, qalstuksuz təsəvvür etməmişik. Nazir uzağı kabinetdə, qəbul günlərində xüsusi seçilmiş vətəndaşları qəbul edib dinləyər, köməkçilər də qeydlər götürər. Yoxsa nazir də qucağına quzu götürər?! Qubalı fermeri də heyrətləndirən bu olmuşdu.

Əgər nazir sadə vətəndaşın ayağına gedirsə, onun problemləri ilə maraqlanırsa, bunu təqdir etmək lazımdır. Üstəlik, əgər azərbaycanlı fermer onunla görüşə gələn naziri məhz yuxarıdakı kimi qiymətləndirirsə, demək kimsənin bu rəyə şübhə ilə yanaşmağa haqqı olmamalıdır. Kəndli, fermer, sahibkar nə istəyir? Onları dinləyən olsun, problemlərinin həllində dəstək verənlər tapılsın, məhsulunu bazara çıxara bilsin, kimsə mane olmasın, əlindən almasın. İnam Kərimov nazir təyinatının ilk ayındaca vətəndaşda bu inamı yaradıbsa, demək kənd təsərrüfatı sektorunda inkişafın olacağına inamla yanaşmaq üçün əsas var.

İnam Kərimov kəndli quzu ile ilgili görsel sonucu

Şübhə etmirik ki, nazir sadəcə, vətəndaşı məmnun edən görüşlər, yaxud bu görüşləri əks etdirən fotolarla kifayətlənməyəcək, kənd təsərrüfatında dönüş yaranmasına rəvac verən fəaliyyəti ilə sələflərinə nümunə olacaq. Cənab Kərimovun bununla kənd təsərrüfatına “yad adam” olmadığını da isbatlayacaq. Həm də ortada ASAN Xidmət nümunəsi var. İnam Kərimov bu quruma 6 il rəhbərlik etdi, ölkə vətəndaşları daim məmnun qaldı. ASAN Xidmət brendinin əldə olunmasında xidməti  olan şəxsin növbəti hədəflərə çatacağına böyük inam var.

Ölkə prezidenti kifayət qədər etimad etdiyi şəxsi kənd təsərrüfatına rəhbər təyin etməklə qeyri-neft sektorunun inkişafına nə qədər böyük önəm verdiyini bir daha nümayiş etdirdi. Məncə, neftdən sonrakı Azərbaycanı çətinliklərdən sığortalamaqdan ötrü ASAN Xidmət-dən kadr gətirilib kənd təsərrüfatına. Həm də dünya təcrübəsinə istinad etməyə qadir olan kadr...

Bu, bir faktdır ki, ötən illərdə çox məhsullar kağız üzərində “əkilib-biçilib”. Əgər un istehsalı ilə məşğul olan şirkətlər taxılı xaricdən alırsa və ölkədəki taxılın daha çox “toyuq-cücə dəni” olmağa yaradığını deyirsə, deməli, görüləsi ciddi işlər var. Bu gün qanunvericiliyə edilən dəyişikliklərə görə, torpaq sahələrini əkib-becərməyənlər onu geri qaytarmalıdır. Bu, olduqca həssas yanaşma tələb edir. Araşdırmaq lazımdır ki, kəndli torpağını niyə əkmir? Əgər onun əkməyə, yaxud biçməyə texnikası yoxdursa, öncə bu problem həll olunmalıdır.

Torpaq sahələrinin təyinatının dəyişdirilməsi bir sıra hallarda həm vətəndaşı narazı salır, həm də ümumi maraqlara ziyan vurur. Məsələn, son vaxtlar yerlərdəki məmurlar bəzi otlaq sahələrini “əkin üçün” geri alıblar ki, nəticədə fermerlər mal-heyvan, qoyun-quzunu kütləvi şəkildə ətliyə vermək məcburiyyətində qalıb. Nəticədə ət ya bahalaşır, ya da idxal olunur. Yəqin ki, yeni nazir bu məsələyə əncam çəkəcək. Əgər sahibkar əkinə yararlı olmayan yerdən ildə 4-5 dəfə yonca biçib gəlir əldə edirsə, onun marağı nəzərə alınmalıdır. Elə olmamalıdır ki, sonda məşhur filmdəki kimi “birdəfəlik deyin ki, torpağımızı əlimizdən alırsınız da” deyilsin. Min hektarlarla torpaq sahələri var ki, oliqarxların nəzarətindədir, məhz o torpaqlar geri alınmalı, xalqın və dövlətin ehtiyaclarına yönəldilməlidir.

Keçən həftə ASAN Xidmətə getmişdim - qaz üçün yeni smartkart almağa. 20 dəqiqə çəkmədi, xoş münasibətlə ayrıldım. Hətta çıxışda “xidmətimizdən şikayətiniz yoxdur ki” sualını da verdilər. Şad oldum ki, İnam Kərimovdan sonra bu quruma rəhbər təyin edilən Ülvi Mehdiyev də eyni uğurla işinə davam edir və vətəndaş məmnunluğuna nail olur. Uzun illər gürcülərə həsəd aparırdıq ki, gənclər rəhbər postlara təyin olunur. Bizdə də prosesə start verilib və uğurlu başlanğıc göz önündədir. Peşman olmarıq, inşallah!..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR