İnsanlara hürriyət, millətlərə istiqlal!

İlin ilk yarısının əsas iqtisadi yekunu - iki ekspert rəyi

2142 03.07.2017 11:22 İqtisadiyyat A A

Qubad İbadoğlu: “6 ayda narahatlıq doğuran məqamlardan biri də iqtisadiyyat sahəsində vahid dövlət siyasətinin həyata keçirilməməsi oldu”; Natiq Cəfərli: “İlk yarım ildə baş verən ən önəmli hadisələrdən biri də hökumətin Yol Xəritələrinin qəbul olunması və həyata keçirilməsi üçün işə başlaması oldu”

2017-ci ilin 6 ayı geridə qaldı. Bu dövr iqtisadi hadisələr baxımından da çox gərgin və dinamik keçdi. İlin əvvəlində dollar qarşısında dəyərsizləşmənin pik həddinə çatan manat sonrakı 5 ayda müəyyən qədər güclənərək sabitliyini bərpa etdi.

Bank sektorunda yaşana böhran dərinləşdi və Beynəlxalq Bank ətrafında baş verən proseslər ölkənin iqtisadi imicinin beynəlxalq aləmdə də zəifləməsinə gətirib çıxartdı. İxrac əməliyyatlarında artım və idxalın azalması baş versə də, bu istiqamətdəki işləri yetərli hesab etmək olmaz. İqtisadçı ekspertlər isə ümumilikdə ölkəni böhrandan çıxara biləcək bir iqtisadi konsepsiyanın hələ də ortaya çıxmamasından narahatdırlar.


İqtisadçı ekspert Qubad İbadoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bütövlükdə iqtisadiyyatın yekunları son 5 ay ərzində pozitiv ola bilmədi: “İlin ilk 6 ayının iqtisadi göstəriciləri üzrə rəsmi yekunlar hələ ki hazır deyil. Ancaq təbii ki, 6 ayda iqtisadiyyat dayanmayıb, müəyyən dinamika nümayiş etdirib. Bu dinamika bəzi istiqamətlər üzrə müsbətdir, bəzi istiqamətlər üzrə isə mənfidir. Ancaq bütövlükdə iqtisadiyyatın yekunları son 5 ay ərzində pozitiv ola bilmədi. Yenə də 5 ayın yekunlarına görə ümumdaxili məhsulun artımı deyil, enişi ilə rastlaşdıq. Narahatlıq doğuran əsas məqam isə sənaye sektorunda enişin müşahidə olunmasıdır. Real sektor Azərbaycan iqtisadiyyatının dayanıqlığı üçün çox əhəmiyyətlidir. Bu sektor həm də asılı vəziyyətdə deyil. Doğrudur, sənaye sektorunda bəzi sahələrə kənar təsirlərin olması mümkündür. Buna neft sektorunu misal çəkə bilərik. Dünya bazarında baş verənlər neft sektorunda da müəyyən dəyişikliklərə gətirib çıxarır. Neftin qiymətində enişin yüksək olması təbii ki, narahatlıq doğurur. Ancaq bu çox önəmli bir tendensiyadır. Neft sektorunda yaşanan böhran qeyri-neft sektorunda ümumdaxili məhsulun artmasına imkan verib. Bunu müsbət bir dinamika kimi dəyərləndirmək mümkündür”.


İqtisadçı onu da vurğuladı ki, ötən 5 ayda manatın sabitliyinin təmin olunması müşahidə olundu: “Manat, demək olar ki, dollara nisbətdə dəyər itirmədi. Lakin avroya nisbətdə əhəmiyyətli dərəcədə zəiflədi. Son 6 ay manatın avroya nəzərən dəyər itirməsi prosesi daha da sürətlənib. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu 6 ay ərzində bizim gözlədiyimiz islahatlar həyata keçirilmədi, institutlar yaradılmadı. Doğrudur bəzi qərarlar və sərəncamlar verildi. Ancaq yenə də 6 ay ərzində iqtisadiyyatın konseptual bazasının formalaşması istiqamətində işlər başa çatmadı. Konkret addımlar da atılmadı. Biz gözləyirdik ki, fiskal qaydalar qəbul olunacaq və həmin qaydalar neft gəlirlərinin idarə olunmasının təkmilləşməsinə xidmət edəcək. Lakin 6 ay ərzində biz onu görə bilmədik. Digər istiqamətlər də prezidenti fərmanları verildi, həmin sənədlərdə nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsində də problemlər müşahidə olunmaqdadır”.


Q.İbadoğlunun fikrincə, cari ilin 6 ayı ərzində narahatlıq doğuran məqamlardan biri də iqtisadiyyat sahəsində vahid dövlət siyasətinin həyata keçirilməməsi oldu: “Yenə də Maliyyə Nazirliyi öz bildiyi kimi, Mərkəzi Bank öz istədiyi kimi, Maliyyə Bazarların Nəzarət Palatası da öz anladığı kimi siyasət həyata keçirdi. Onlar arasında uzlaşma və koordinasiya olmadı. Bu koordinasiyanı həyata keçirəcək bir qurum kimi Maliyyə Sabitliyi Şurasının yaradılsa da, bütövlükdə bu birliyi təmin etmək mümkün olmadı. İqtisadiyyatın idarə olunmasında koordinasiyanın formalaşdırılmaması ciddi problemlərin hələ də qaldığını göstərir”.


İqtisadçı ekspert Natiq Cəfərli isə vurğuladı ki, bu ilin ilk 6 ayını ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyərləndirmək daha doğru olardı: “Pozitiv dəyişikliklərdən başlasaq, bu ilin ilk 6 ayında ümumdaxili məhsulun azalma tempi bir qədər yavaşladı. Ötən il ümumdaxili məhsulun azalması 1,3 faiz olmuşdu, bu il isə 0,9 faiz oldu. Yenə də göstərici neqativdir, ancaq müqayisə etdikdə tempin aşağı düşdüyünü qeyd etmək olar. Ancaq bunun özü də ölkə iqtisadiyyatı üçün kifayət qədər problemlidir. İqtisadiyyat kiçilməkdə davam edir. Bu ilin yanvar ayında valyuta bazarında ciddi ajiotaj yaşanmışdı, manatın rəsmi məzənnəsi dollar qarşısında 1.92-ə qədər ucuzlaşmışdı. Bu da çox ciddi neqativ proseslərin olması ehtimalını qaçılmaz edirdi. Ancaq Mərkəzi bank müəyyən addımlar atdı, iqtisadi aktivliyin azalması və manat dövriyyəsinin kiçilməsi hesabına olsa da milli valyutanın sabitləşməsinə nail oldu. Artıq uzun müddətdir ki, manat 1.70 civarında sabitləşib. Bunun neqativ tərəfləri də var. Bu isə iqtisadi aktivliyin azalması, real sektorun zəifləməsi, bankların kreditləşməni tamamilə dayandırmağa məcbur olmasıdır”.


İqtisadçının sözlərinə görə, bu il bank sektoruna ən böyük zərbəni Beynəlxalq Bank vurdu: “Neqativ hadisələrdən Beynəlxalq Bank ətrafında baş verən son hadisələri göstərmək olar. Bu bank sektoruna və ümumi iqtisadiyyatımıza çox böyük zərbə oldu. Bu ölkənin iqtisadi imicinə də zərbə oldu və hazırda gedən proseslərin neqativə doğru dəyişəcəyi haqqında beynəlxalq aləmdə bir fikir yaratdı. Bu bankın borclarının restrukturizasiyası üçün beynəlxalq qurumlara müraciət olunması da çox ciddi bir hadisə idi. İlk 6 ayda baş verən ən önəmli hadisələrdən biri də o oldu ki, hökumət bəzi sahələrdə problemlərin olduğunu nəzərə alaraq, Yol Xəritələrinin qəbul olunması və həyata keçirilməsi üçün işə başladı. Təəssüf ki, bununla bağlı hələ də ciddi bir irəliləyiş yoxdur. Ancaq xəritələrin qəbul olunması, islahat istiqamətlərinin müəyyən olunması ölkədəki iqtisadi problemlərin hökumət tərəfindən daha dərindən dərk olunduğunu göstərir”.


Natiq Cəfərli ilin növbəti 6 ayının iqtisadi proqnozları ilə bağlı da nikbin danışmadı: “Ötən ilin ilk 6 ayı ilə müqayisədə iqtisadiyyatın daralması davam edir, iqtisadi aktivlikdə, xarici ticarətdə ciddi bir dəyişiklik yoxdur. Bir çox iqtisadi göstəricilərdə azalma var. Neftin qiyməti ilə paralel hasilatın azalması çox ciddi siqnaldır. Pozitiv bir hadisə kimi qeyri-neft ixracatında müəyyən artım müşahidə olundu. Kənd təsərrüfatı ixracatında 3 faizə yaxın artım var. Bunun ilin ikinci yarısında da davamlı olub-olmayacağını da müşahidə edəcəyik. Çünki regionda baş verənlər, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi də bu prosesə təkan verirdi. İkinci yarım ildə bu tendensiya davam etsə, burada dayanıqlıq əldə olunacaq. Ümumilikdə isə iqtisadiyyatda problemlər davam edir. İqtisadiyyatın kiçilməsi davam edir. Son 1 ayda neftin qiymətlərinin 20 faizə yaxın aşağı düşməsi, bu tendensiyanın davamlı olma ehtimalının yüksəlməsi ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatında neqativ proseslərin dərinləşməsini, iqtisadiyyatın daralmasını özü ilə bərabər gətirə bilər”.


Nərgiz LİFTİYEVA

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR