İnsanlara hürriyət, millətlərə istiqlal!

İlin ilk 3 ayının iqtisadi yekunu - manatı nə gözləyir?

2271 02.04.2018 10:00 İqtisadiyyat A A

Natiq Cəfərli: “Bu dövrü manat üçün sabit qiymətləndirmək olar, ancaq...”

Artıq 2018-ci ilin ilk 3 ayı geridə qaldı. Ölkə iqtisadiyyatında kifayət qədər ciddi hadisələrlə yadda qalan bu dövr əsasən maliyyə sektoru baxımından sabit qiymətləndirilir. Digər sahələrdə, xüsusən də ərzaq sektorundakı qiymət artımı və bank sektorunun durumu ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Ötən 3 ayda sevindirici hadisələrdən biri də pensiyaların və büdcədən maliyyələşən qurumlarda maaşların artımı oldu.

Bəs görəsən, ilin ilk üç ayının iqtisadi göstəricilərini ekspertlər necə qiymətləndir? İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu dövrü manat üçün sabit qiymətləndirmək olar: “Bank sektorunda qlobal problemlər qalsa da, maliyyə sektorunda müəyyən sabitlik də oldu. Manatın dollara olan məzənnəsi inzibati qaydada tənzimləndiyindən sabit qaldı. Lakin manat ilin əvvəlindən bu günə kimi avro qarşısında ciddi dəyər itirdi. Bununla belə, ümumilikdə manat sabitliyi ilə yadda qaldı. Bank sektorundakı fundamental problemlər isə davam etdi, problemli kreditlərin həcmi artdı. Bu problem hələ də həllini tapmayıb. Nə hökumət, nə Mərkəzi Bank, nə də Maliyyə Bazarlarına Nəzarət Palatası bu problemi həll edə bilmədi. Vətəndaşların da elə bir imkanı yoxdur ki, kredit borclarını bağlaya bilsinlər”.

İqtisadçının fikrincə, yeni tendensiyalardan biri də ondan ibarət oldu ki, bank sektoru ötən ilə nisbətən  bu il kredit vermə prosesini nisbətən canlandırıb: “Kreditləşmə həcmində az da olsa artım var. Banklar tərəfindən hətta reklam kompaniyaları həyata keçirildi, müxtəlif təklilər səsləndirildi. Ötən il çox bərbad bir vəziyyət yaranmışdı, kreditlərin həcmi 4 milyard manat azalmışdı. Bu da ümumi iqtisadi göstəricilərə mənfi təsir edirdi. Ona görə də bu il az da olsa bu sahədə canlanma var. Lakin bank sektorunun fundamental məsələsi olan problemli kreditlər həll olunmasa sağlamlaşdırma addımları effekt verməyəcək”.

Natiq Cəfərli ile ilgili görsel sonucu

N.Cəfərli cari ilin ilk 3 ayında xarici ticarətdə yaranan müsbət saldonun yenə də neftin qiyməti ilə bağlı olduğunu diqqətə çatdırdı: “Digər bir iqtisadi məsələ- ixracatla bağlı rəqəmlərə baxdıqda görürük ki, ixracda həcmə görə artım olmasa da, dəyər olaraq ötən ilin ilk 3 ayına nisbətən müəyyən artım müşahidə olunur. Bu isə neft qiymətlərindəki artımla bağlıdır. Neft ötən ilin sonuna kifayət qədər bahalaşdı, təqribən 30 faizdən yuxarı artım oldu. Bu da Azərbaycanın ixrac gəlirlərinə müsbət təsir göstərdi. İxrac etdiyimi neftin həcmi azalsa da dəyər olaraq artıb. Buna görə də, bu ilin ötən 3 ayında xarici ticarətdə müsbət saldo yaranıb. Həm də ölkəyə daxil olan valyutanın həcmində artım müşahidə olunur. Ancaq çox təəssüf ki, bu atım real sektorun inkişafı ilə bağlı deyil, yenidən neft qiymətləri ilə bağlı oldu”.

İqtisadçının sözlərinə görə, hazırda tikinti sektorunda müəyyən dərəcədə canlanma müşahidə olunur: “Çox təəssüf ki, bu da biznesin inkişafı ilə bağlı yox, dövlətin investisiya layihələrinə görə baş verir. Bir tərəfdən sosial evlər layihəsinin tikintisinə başlanıldı, digər tərəfdən ipoteka kreditlərinin verilməsinə artım yarandı. Bundan başqa təmir-tikinti işləri, söküntü işləri sürətləndi. Bu ümumilikdə sözügedən sektorda canlanmaya təsir göstərsə də, vəsaitin qaynağı dövlət büdcəsi olduğuna görə dayanıqlı bir inkişaf göstəricisi sayılmır”.

Qiymətlərə gəlincə, Natiq Cəfərli bildirdi ki, ötən ildən başlayan artım prosesi bu ilin ilk aylarında da davam edib: “Bildiyiniz kimi, ötən il Azərbaycanın son 10 illik tarixində ən yüksək inflyasiya qeydə alındı. Hətta rəsmi rəqəmlərdə də bu etiraf olundu. Təqribən 14 faizə yaxın rəsmi inflyasiya açıqlandı, ərzaq inflyasiyası 17 faizdən yuxarı oldu. Rəsmi statistikaya görə, bu ilin ilk 3 ayında ötən ilə nisbətən inflyasiya səngiyib. Cəmi 5-6 faiz civarında inflyasiya elan etdilər. Ancaq bunu necə hesabladıqlarını çox təəssüf ki, Dövlət Statistika Komitəsi açıqlamır. Çünki reallıq bunun əksini deməyə əsas verir. Yeni ildən sonra yanvar ayında, eləcə də Novruz bayramından öncə ərzaq məhsullarının qiymətində artım müşahidə olundu və hazırda da bu davam edir. Bunun obyektiv səbəbi mövsümlə əlaqədardır, yerli məhsulların həcminin azalması və bazardan çəkilməsi, xaricdən gətirilən analoji məhsulların həcminin artması qiymətlərə təsir göstərir. Çox güman ki, iyun ayının əvvəllərindən başlayaraq mövsümi səbəblərə görə kənd təsərrüfatı məhsullarında qiymətlərin enməsini müşahidə edəcəyik. Ərzaq məhsullarında, kənd təsərrüfatı məhsullarında qiymət artımı hökumətin elan etdiyi rəqəmlərdən xeyli fərqlənir. Ancaq digər sahələrdə, geyimdə, texnikada, qeyri-ərzaq məhsullarında qiymət artımı o qədər də ciddi olmadı. Təqribən 5-6 faiz oldu. DSK isə ümumilikdə bu il 5-6 faiz inflyasiya olduğunu açıqladı, ayrıca olaraq ərzaq inflyasiyasını elan etmədi. Elan olunan rəqəmlər isə reallığa uyğun olmadı”.

Ötən 3 ayda əmək haqları və pensiyaların, o cümlədən digər sosial müavinətlərin artırılmasına da diqqət çəkən ekspert bildirdi ki, bu məsələdə prezident seçkisi ili olması da rol oynadı: “Dövlətin qanunvericiliyinə əsasən maaş və təqaüdlərin indeksləşməsi aparılmalı idi. Əvvəllər rəsmi inflyasiya rəqəminə uyğun olaraq indeksləşmə həyata keçirilirdi. Sonradan bu qaydalar dəyişdirildi. Çünki inflyasiya kifayət qədər yüksək idi. Burada da qənaət rejiminə keçildi. Orta aylıq əməkhaqqının artım tempinə uyğun indeksləşmənin aparılması ilə bağlı qanunvericilikdə dəyişiklik edildi. Bu ilin seçki ili olması səbəbindən müəyyən əlavə artımlar da həyata keçirildi. Bir çox sahələrdə əlavə artım oldu və ümumilikdə 10 faizə yaxın bir rəqəm qeydə alındı. Çox təəssüf ki, bu maaş və pensiya artımı qiymət artımı ilə paralel müşahidə olunduğundan, nominal artım real artıma çevrilmədi. İnflyasiya o artımı ”yedi".

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR