İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Şaban: “Anti-İran sanksiyaları tranzit sahəsini əhatə etmir”

1257 06.11.2018 09:30 İqtisadiyyat A A

“Türkiyə və Avropa ölkələrinin enerji təhlükəsizliyini və enerji müstəqilliyini təmin edən layihələr sanksiyalardan kənarlaşdırılıb”

Dünəndən etibarən ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların daha kəskin hissəsi qüvvəyə minib. Bu dəfə məhdudiyyətlər İranın neft sənayesini hədəfləyib. 

Sanksiyalar barədə danışan ABŞ prezidenti Donald Tramp ölkəsinin İrana qarşı hazırkı sanksiyalarının ən ağır sanksiyalar olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ İran iqtisadiyyatına dağıdıcı təsir göstərməyə başlayıb: “İranın milli valyutası bir il ərzində 70 faiz amortizasiyaya məruz qalıb, oktyabr ayının göstəricinə görə ölkədə inflyasiya 37 faiz olub.

İran prezidenti Həsən Ruhani də yeni sanksiyalara dərhal reaksiya verib. O bəyan edib ki, ölkəsi neft ixracını davam etdirəcək və rəsmi Vaşinqtonu “peşman edəcək” (Report).

İrana qarşı sanksiyalar onunla qonşu olan ölkələrin, o cümlədən Azərbaycanın da bu ölkə ilə iqtisadi əməkdaşlığına ciddi təsir göstərir. Belə ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycanın İrana qarşı ABŞ sanksiyalarına necə reaksiya verəcəyi ilə bağlı ASTNA-nın (“Turan”ın analitika xidməti) sualını cavablandırarkən deyib: “Təəssüf ki, dünyada neft sahəsinə və beynəlxalq neft siyasətinə təsir göstərən bir çox siyasi proseslər var. Yeni vəziyyətlər yaranır və biz bunlarla hesablaşması və müvafiq qərarlar qəbul etməli oluruq. İrana qarşı sanksiyalar qüvvəyə minərsə, bu, OPEK + formatında (Azərbaycan bu formata daxildir) neft istehsal edən ölkələr tərəfindən nəzərə alınacaq”.

Ekspert, “Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şaban deyir ki, Azərbaycanın yalnız bir layihəsi - “Şahdəniz” yatağının işlənməsi layihəsi ABŞ sanksiyalarından kənarda saxlanılıb: “İranın NICO şirkəti, bildiyiniz kimi,  ”Şahdəniz" qaz layihəsində 10 faiz paya malikdir. ABŞ Maliyyə Nazirliyinin noyabrın 2-dəki açıqlamasında qeyd olunur ki,  “yenilənən (5 noyabr) anti-İran məhdudiyyətləri Azərbaycandan Türkiyəyə və Avropaya təbii qaz nəqli üçün təbii qazın (yataqların) mənimsənilməsinə və boru kəmərlərinin inşası və istismarı layihələrinə aid sövdələşmələri həyata keçirən və ya yardım edən şəxslərə şamil edilmir. Sənəddə həmçinin deyilir ki, Türkiyə və Avropa ölkələrinin enerji təhlükəsizliyini və enerji müstəqilliyini təmin edən layihələr anti-İran sanksiyalarından çıxarılıb.

Belə bir istisna birinci sanksiyalar zamanı da edilmişdi, lakin İran şirkəti layihədən ona çatacaq mənfəəti əldə edə bilmirdi, Norveçdəki xüsusi hesaba yığılırdı. Yəqin ki, indi də həmin variantdan istifadə edərlər".

Azərbaycanın İrandan qaz almasına sanksiyaların təsirinə gəlincə, İ.Şabanın sözlərinə görə, 2016-cı ildən etibarən Azərbaycan cənub qonşusundan qaz almır: “Ona qədər İranla svop əməliyyatı həyata keçirilirdi: Naxçıvan üçün. Amma 2016-cı ilin oktyabrından bəri bizim İran üzərindən aldığımız qazın mənbəyi İran deyil. Azərbaycan, sadəcə, Türkmənistan qazını İran vasitəsilə alır. Burada İran yalnız tranzit ölkə kimi çıxış edir. Sanksiyalar isə tranzit sahəsini əhatə etmir. Digər tərəfdən, Azərbaycanın Türkmənistandan qaz alması regionun enerji təhlükəsizliyi baxımından əhəmiyyətli layihə hesab olunur”.

Xatırladaq ki, Azərbaycan İranla Şimal-Cənub nəqliyyat dəhlizinin formalaşdırılması sahəsində ciddi əməkdaşlıq edir. Hətta rəsmi Bakı ötən il dəhlizin tərkib hissəsi olan Rəşt-Astara dəmiryol xəttinin çəkilməsi üçün İrana 500 milyon dollar dəyərində kredit də ayırıb. İ.Şabanın sözlərinə görə, bu layihənin icrasında sanksiyalar üzündən problemlər yarana bilər. Noyabrın 2-də ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən bildirişdə konkret göstərilir ki, sanksiyalar bilavasitə İranın nəqliyyat, maliyyə sektorunu da əhatə edir. Ekspertin sözlərinə görə, bu o deməkdir ki, Azərbaycanla birgə olan dəmiryol layihəsinin də icrasına əngəllər yarana bilər: “Məsələ burasındadır ki, layihəni alman şirkəti icra etməliydi, hansı ki, həmin şirkət artıq İranı tərk edib. Bu baxımdan, o layihənin icrasında problem qaçılmazdır”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR