İnsanlara hürriyət, millətlərə istiqlal!

“Topaz” Azərbaycanda idmanın inkişafını dəstəkləyir

647 22.12.2015 12:15 İdman A A

Son illər Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrılır. Əsas məqsəd neftdən asılı olmayan sahələrin inkişafını gücləndirmək, bu sahədən büdcəyə daxil olan gəliri artırmaq, insanların rifah halının yüksəldilməsinə nail olmaqdır.  
Qeyri-neft sektorunda idman həmişə prioritet yerlərdən birini tutub. Dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda uğurlarının, qazanılan medalların sayını artırıblar. 

Əhali tərəfindən idmana olan marağın səviyyəsini isə mərc oyunlarının populyarlığı ilə ölçmək olar. Sirr deyil ki, dünyanın bir çox yerində olduğu kimi Azərbaycanda da əhali idman oyunlarına proqnoz verib pul qazanmaq şansını əldə etməyə çox həvəslidir. Bu həvəsi real pula çevirən “Topaz”ın köməyilə bir çox vətəndaşlarımız xeyli miqdarda uduşlar qazanıblar. 

Azərbaycanda idman mərc oyunlarının rəsmi operatoru olan “Topaz” insanlar üçün əyləncə məkanı olmaqla yanaşı, həm də dövlət büdcəsinə kifayət qədər vəsaitin daxil olmasına kömək edir. Axı “Topaz”ın ümumi dövriyyəsindən müəyyən  vəsait idmanın inkişafına yönəlir. Bu vəsaitlə ayrı-ayrı federasiyalar, idman təşkilatları maliyyələşdirilir, idmançıların sosial problemləri həllini tapır. 

“Topaz”dan yönəldilən vəsait sayəsində Azərbaycanın müxtəlif idman növləri üzrə heyətlərinin maliyyələşdirilməsi həyata keçirilir. Hətta bir sıra olimpiya komplekslərinin təchizatı məsələləri də bu qurumdan daxil olan vergilər hesabına həll olunur. 
Məlum olduğu kimi, artıq bir neçə ildir “Topaz” Azərbaycan Premyer Liqasının titul sponsorluğunu həyata keçirir. Bu da yerli futbolun inkişafına səbəb olan güclü amillərdən biridir. 

Ümumilikdə, bu konsepsiyanın məqsədi idmanı maliyyələşdirmək və əhalidə idmana marağı artırmaqdan ibarətdir. Lakin “Topaz”ın insanlara birbaşa təsirindən danışırıqsa, böyük uduş məbləğləri ilə yanaşı, yaratdığı iş yerlərini də vurğulamaq yerinə düşərdi. Beləki, “Topaz” satış məntəqələrində 1000 nəfərə qədər işçi var. Bu isə 1000 ailənin qazancı deməkdir. Həmçinin, həmin insanların dövlət büdcəsinə vergi ödədikləri faktını da nəzərə almaq lazımdır. 
 
Qeyri-rəsmi hesablamalara görə, Azərbaycanda bu sahənin bir milyard manata yaxın dövriyyəsi var. Bunun isə təxminən 85 faizi qeyri qanuni fəaliyyət göstərən “qara bazar”a aiddir. Bu, kifayət qədər ciddi bir rəqəmdir və əməlli-başlı təhlükədən xəbər verir. Belə qanunsuz qumarxanalar insanları müflisləşdirir, bəzilərinin ev-eşiyini itirməsinə səbəb olur. Bir çoxları pulları olmayanda evinin sənədini və digər qiymətli sənədləri girov qoyur, yenə qumar oynayır və yenə uduzanda artıq kriminal hadisələrin yaşanması ilə nəticələnir.  

Millət vəkili Fazil Mustafa da deyir ki, idman mərc oyunları dünyanın hər yerində böyük gəlir gətirən biznesə çevrilib: “Azərbaycanda da uzun illərdir bu, gizli şəkildə mövcud idi və yığılan vəsaitdən dövlət büdcəsinə heç nə daxil olmurdu. Hökumət bunu leqallaşdırmağı təklif etdi və Milli Məclis də qanunvericilik yolu ilə tənzimlədi. Əks halda, bu pullar başqa ölkələrin bazarlarına yönələcəkdi. Artıq bu vəsaitlərin əhəmiyyətli hissəsi dövlət büdcəsinə və idman təşkilatlarına gəlib çatır”. Amma “Qara bazar”ın qanunsuz dövriyyəsini nəzərə alsaq külli miqdarda vəsait hələ də dövlət büdcəsindən bugün də yayınmağa davam edir.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyində qanunsuz totalizator və mərc oyunlarının lisenziyasız təşkilinə görə ciddi məsuliyyət nəzərdə tutulub. Bu cür əməllər törədənləri külli miqdarda cərimə və hətta həbs cəzası da gözləyir. 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-1-ci maddəsinə əsasən qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və keçirilməsinə görə əldə edilmiş gəlirin iki misli miqdarında cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə kimi cəzalar tətbiq olunur. Bu əməllər təkrar törədilərsə, cərimə məbləği və cəzanın müddəti də bir ildən beş ilədək həbs olaraq artır. 

Həmçinin, Cinayət Məcəlləsinin  244-1-ci maddəsinə əsasən, qumarxana təşkil etmə və ya saxlamaya görə 2 ilədək islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Bu cinayət təkrarən və/və ya mütəşəkkil dəstə tərəfindən törədilərsə, 3-6 il müddətinə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR