İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlil idmançılar üçün turnirə start verildi - FOTOLAR

1540 18.12.2015 21:00 İdman A A
Bu gün Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Boccia idman növü üzrə II “SENİ CUP" turniri keçirilib.

Musavat.com-un verdiyi məlumata görə, yarışda əlillik dərəcəsi olan idmançılar öz güclərini sınayıblar. ABU Arena İdman Kompleksində keçirilən turnirdə Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Paralimpiya Komitəsinin və bir sıra dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, Boccia idman növü Milli Paralimpiya Komitəsi və “Əlil İdmançılara Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə artıq 8 aydır, Azərbaycanda təbliğ olunur və bu müddət ərzində respublikada 4 təlim mərkəzi yaradılıb.

İdman növünün tarixinə gəldikdə isə, Boccia idman növü 1984-cü ildən Paralimpiya Oyunlarına daxil edilib və 20 il ərzində populyarlıq qazanaraq, 50 ölkədə tətbiq olunur və surətlə inkişaf edir. 

Azərbaycan idmanı üçün yenilik olan Boccia idman növündə bütün ağır kateqoriyalı (uşaq serebral paraliçi, əzələ distrofiyası, beyin travması, dayaq-hərəkət aparatının pozulması) əlillik dərəcəsi olan uşaqlar, gənclər və yaşlılar öz güclərini sınaya biləcəklər. 

Professional idmançı olmaqla yanaşı, Boccia idman növü, fiziki güclə bərabər, zehni əmək tələb etdiyinə görə həm də reabilitasiya xarakteri daşıyır. 

Boccia idman növünün üstünlüyü ondan ibarətdir ki, əlləri işləməyən, sağlamlıq imkanları məhdud olan uşaqlar və gənclər də bu idman növü ilə məşğul olub, paralimpiyadada iştirak edə bilərlər.

Aşağıda turnirdən fotoları təqdim edirik.

Toğrul İSMAYIL,
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR