İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüquq müdafiəçiləri Əli İnsanovla görüşməyə ümid edir

693 11.12.2018 10:20 Ölkə A A

Novella Cəfəroğlu: “Görüşümüzə icazə vermədikdən sonra dedilər ki...”

Xəbər verdiyimiz kimi, hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Səidə Qocamanlının ötən həftə həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovla görüşlərinə icazə verilməyib. Sabiq nazirin saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsinə gedən hüquq müdafiəçilərinin görüşünə müəssisə rəhbərliyinin  icazə vermədiyi ilkin olaraq bildirilirdi.

Ə.İnsanovun sağlıq durumunun yerində olmadığı üçün görüşə maneə yaradıldığı barədə versiyalar meydana çıxıb. Bununla bağlı N.Cəfəroğlunun fikirlərini aldıq. O, deyilənləri təkzib etdi: “Bizim görüşümüzə icazə vermədikdən sonra dedilər ki, anlaşılmazlıq olub. Biz də dərinə getmədik. Görüşməyinə mütləq görüşəcəyik. Biz hər zaman siyasi məhbuslarla görüşlər təyin edir, bunu da keçirirdik. Onların ümumi durumları ilə maraqlanmaq bizim işimizdir. Əli İnsanovun səhhətinin normal olmadığı üçün görüş alınmadığı yönündə səslənən fikirlər düzgün deyil. Onun vəziyyəti normaldır. Vəkili ilə daim əlaqə saxlayırıq. İnsanovla bağlı hələ ki hər şey normaldır. Mən ölkədə olmasam da, bu ayın sonuna qədər hüquq müdafiəçiləri Əli İnsanovla görüşəcəklər”.

Ä°lgili resim

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışsaq da, mümkün olmadı. Əli İnsanovun vəkili ilə də əlaqə cəhdlərimiz alınmadı.

Xatırladaq ki, Ə.İnsanov  2005-ci il oktyabrın 19-da həbs olunub. Dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunan İnsanova qarşı sonradan iqtisadi sahədə cinayətkarlıqla əlaqəli ittiham irəli sürülüb. 2007-ci ilin aprel ayında məhkəmə Əli İnsanovun əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum olunması barədə qərar çıxarıb. 2016-cı il avqustun 24-də, yəni azadlığa çıxmasına iki ay qalmış Qaradağ Rayon Prokurorluğu tərəfindən Əli İnsanova Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) , 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə ) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə yeni ittihamlar elan edilib. Qaradağ Rayon Məhkəməsi 2016-cı il oktyabrın 11-də, yəni köhnə cəzasının bitiminə bir həftə qalmış sabiq nazir barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib, sonradan bu müddət bir neçə dəfə uzadılıb. 2017-ci il aprelin 26-da hakim Rəşad Mustafayevin sədrliyi ilə Qaradağ Rayon Məhkəməsində bu ittihamlar üzrə proses yekunlaşıb. Ə.İnsanov növbəti dəfə 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Beləliklə, 2005-ci ildə həbsə alınmış sabiq nazirin həbsi 2023-cü ilədək uzadılıb. Sabiq nazir ittihamları qəbul etmir, bunu siyasi sifariş sayır.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR