İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumətdən “qara mühasibat” açıqlaması

2047 02.06.2017 08:30 İqtisadiyyat A A

Ekspert: “Azərbaycan hökuməti ancaq qamçıdan istifadə edir ki, bu da doğru yol deyil”


Hazırda hökuməti ən çox narahat edən məsələlərdən biri də “qara mühasibat”dır. Son olaraq baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov "Azərbaycan" qəzetinə müsahibəsində bu məsələyə toxunub və həyəcan təbili çalıb.


Baş nazirin müavini bildirib ki, “qara mühasibat”da ən çox yayılmış üsul işəgötürənlərin işçilərinin sayını azaltmasıdır: “Bir çox iqtisadi fəaliyyət sahələri mövcuddur ki, qanunlarda və normativ aktlarda mövcud olan boşluqlar onlara öz bəd əməllərini həyata keçirməyə münbit şərait yaradır. Əmək münasibətlərinin rəsmiləşdirilməməsi, istifadə olunan işçilərin sayının gizlədilməsi hallarına tikintidə daha çox rast gəlmək mümkündür”.
Ə.Əhmədov onu da qeyd edib ki, “qara mühasibat”ın geniş yayılmış digər forması özəl sektorda əmək haqqının ödənilməsində lazımi şəffaflığın olmamasıdır: “Bəzi işəgötürənlər mühasibat uçotu sahəsində olan boşluqlardan faydalanaraq, xalq arasında yayılmış terminologiyadan istifadə etsək, ”qara mühasibat"a əl atırlar. “Qara mühasibat”ın mahiyyəti ondan ibarətdir ki, işçiyə verilən əmək haqqının az bir hissəsi rəsmiləşdirilir, çox hissəsi isə rəsmiləşdirilmir. Nəticə etibarilə həm hüquqi şəxs, həm də işçi vergi və məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınmış olurlar. Nəhayət, fərdi sahibkarlar və özüməşğul əhalinin müzakirə etdiyimiz kontekstdə, yumşaq desək, qəribə davranışını qeyd etmək istərdim.


Bu gün vergidən, ələlxüsus məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınan insanlar bilərəkdən qocalıqda özlərini pensiya hüququndan məhrum edirlər. Təhlillər göstərir ki, qeyri-rəsmi məşğulluq kifayət qədər geniş yayıla bilmişdir. Bu tipli qanun pozuntularına tikinti ilə yanaşı, ticarət, iaşə, nəqliyyat, xidmət sahələrində tez-tez rast gəlinir".


Bəs görəsən, “qara mühasibat”ın başqa hansı forma və metodları var, özəl sektorda bu necə həyata keçirilir? Hökuməti narahat edən “qara mühasibat”ın iqtisadiyyat üçün, dövlət büdcəsi üçün mənfi təsirləri nələrdir?

Image result for Natiq Cəfərli


“Yeni Müsavat”ın bu suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bir çox istiqamətlər üzrə “qara mühasibat” mövcuddur: “Birincisi, dövriyyənin gizlədilməsi yolu ilə ”qara mühasibat"a əl atılır. Bu gün iri ticarət mərkəzlərindən tutmuş xırda obyektlər, ictimai-iaşə obyektlərində qədər dövriyyənin azaldılması yolu ilə həm gəlirlərin az göstərilməsi, həm də buna uyğun olaraq vergilərin də az verilməsi prosesi baş verir. “Qara mühasibat”ın ən geniş yayılmış formalarından biri budur. İkincisi, əmək haqqının aşağı qiymətlərlə rəsmiləşdirilməsi və müqaviləsiz çalışanların sayının həddindən artıq çox olması “qara mühasibat”ın yaranmasına səbəb olan amillərdən biridir. Digər sahələrdə rəsmiləşdirilmiş müqavilələrdə öhdəliklərin aşağı qiymətlərlə göstərilməsi də “qara mühasibat”a gətirib çıxarır. Məsələn, icarə müqavilələrinə görə icarədar hər ay gəlirin 14 faizini vergi həcmində ödəməlidir. Bu səbəbdən tərəflərin razılığı ilə icarə haqqı müqavilədə çox aşağı qiymətə rəsmiləşdirilir və daha az məbləğin 14 faizi vergi şəklində ödənilir. Qalan məbləğ isə qeyri-rəsmi verilir. Bəzən isə icarə ilə bağlı razılaşmalar ümumiyyətlə rəsmiləşdirilmir. Bu da “qara mühasibat”ın yaranmasına səbəb olan amillərdən birinə çevrilir".


N.Cəfərlinin fikrincə, iqtisadiyyatın demək olar ki, bütün sahələrində bu problemlər var və bu problemlər nəticəsində həm vergi şəklində büdcə daxilolmalarının azalması müşahidə olunur, həm də korrupsiya üçün geniş imkanlar açılır.


“Qara mühasibat”la mübarizə üsullarına gəlincə, N.Cəfərli bildirdi ki, cəza üsulları ilə bunun qarşısını almaq mümkün deyil: “Dünyanın keçdiyi təcrübə də bunu sübut edir ki, cəza və cərimələrlə ”qara mühasibat"ın qarşısı alınmır. Azərbaycan hökuməti bunu ancaq əlində qamçı ilə düzəltməyə çalışır, bu isə əks nəticə verir. Azərbaycanda bunun təşviq metodu yoxdur. Əmək müqavilələrini normal formada bağlayan, vergilərini vaxtında verən özəl müəssisələrə, fiziki və hüquqi şəxslərə təşviq proqramlarından, vergi güzəştlərindən faydalanma imkanları yaradılsaydı, bu problemin həllində daha çox irəliyə getmək mümkün olardı. Cəzalarla, cərimələrlə, həbslərlə, digər cəza elementləri ilə bu problemi kökündən həll etmək mümkün deyil. Dünyanın keçdiyi yol buna əyani sübutdur. Dünyanın inkişaf etmiş ölkələri məhz güzəşt proqramları ilə bu problemi minimuma endiriblər. Kanadada, Avstraliyada, Yeni Zelandiyada, Sinqapurda, ümumiyyətlə, “qara mühasibat” sıfır səviyyəsindədir. Obrazlı desək , qamçının yanında bir kökə də verilməlidir ki, sahibkarları bu işə təşviq etsinlər. Azərbaycan hökuməti isə ancaq qamçıdan istifadə edir ki, bu da doğru yol deyil".


Nərgiz LİFTİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR