İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət problemli kreditlər məsələsinə niyə əncam çəkmir...

1963 24.05.2018 09:50 İqtisadiyyat A A

Ekspert: “Beynəlxalq Bankda oliqarxların 10 milyard manat krediti dövlət hesabına bağlandı”

Azərbaycanda vaxtı keçmiş kreditlər problemi aktual olaraq qalmaqdadır. Mərkəzi Bankın məlumatına görə, kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin aprel ayının 1-nə 1 milyard 710,2 milyon manat təşkil edib.

Bu,  ötən ilin eyni dövrü ilə müqayisədə 119,9 milyon manat və ya 7,54 faiz çoxdur. İlin əvvəli ilə müqayisədə isə bu ilin martında problemli kreditlərin həcmi 83,5 milyon manat və ya 5,13 faiz artıb.

Problemli kreditlərin ümumi kredit qoyuluşlarındakı payı isə 16 faizə yaxınlaşır.

Qeyd edək ki, bu ilin əvvəlindən etibarən problemli kreditlərlə bağlı məsələyə dövlət tərəfindən müdaxilə ediləcəyinə dair məlumatlar yayılırdı. Hətta Milli Məclisin spikeri Oqtay Əsədov məsələnin hökumətin diqqətində olduğunu bildirmişdi. Bir çoxları vaxtı ötmüş kreditlərlə bağlı apreldə keçirilən prezident seçkiləri ərfəsində hansısa qərarın olacağını gözləyirdilər. Daha sonra eyni gözləntilər Cümhuriyyətin 100 illiyi ərəfəsi ilə bağlı dilə gətirildi. Lakin bu gözləntilərin heç biri özünü doğrultmadı.

Hökumətin on minlərlə sadə vətəndaşın həyatını çətinləşdirən, eyni zamanda banklar üçün ağır problemə çevrilən bu məsələnin həllinə dəstək verməməsi nə ilə bağlıdır? Nəzərə çatdıraq ki, burada əsas problem dollar kreditləri ilə bağlıdır. 0.78 manatla dollar krediti götürən vətəndaş heç bir günahı, rolu olmadan baş verən devalvasiyalardan sonra həmin vəsaiti 1.70 manatla ödəməyə məcbur edilir. Əksəriyyət isə müflisləşdiyindən bunu ödəyə bilmir.

Natiq Cəfərli ile ilgili görsel sonucu

“Yeni Müsavat”ın bu sualına cavab verən iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, problemli kreditlərin həcmi ilə bağlı açıqlanan rəsmi rəqəm heç də reallığı tam əks etdirmir: “Bu problem artıq üçüncü ildir davam edir. Əslində onun həlli istiqamətində birinci devalvasiyadan sonra hökumət tərəfindən zəruri addımlar atılmalıydı. Lakin nədənsə bu addımlar atılmadı. İkinci devalvasiya isə problemi qat-qat ağırlaşdırdı. Həm banklar, həm vətəndaşlar çətin duruma düşdülər. Bu gün rəsmi rəqəmlərə görə, problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 16 faizə çatır. Lakin Moody’s, Fitch, S&P kimi beynəlxalq agentliklərin hesablamalarına görə, bu rəqəm 30 faizdən yuxarıdır. Dünyada problemli kreditlərin həcmi 3 faizi keçən kimi həyəcan təbili çalınır, banklar lazım olan addımları atmağa çağırılır. Azərbaycanda artıq bu norma on dəfə keçilib. Görünən budur ki, nə banklar bu məsələni təkbaşına həll edə, nə də vətəndaşlar kreditləri qaytara biləcəklər. Məhkəmələrə kredit işinə görə edilən müraciətlərin sayı isə gündən-günə artır. Hazırda məhkəmə müraciətlərinin 60-70 faizi kreditlərlə bağlıdır. Amma bu, məhkəmə yolu ilə də həll olunası məsələ deyil”.

Ekspert deyir ki, əsas məsələ problemin həlli üçün zəruri olan maliyyə qaynaqlarının tapılmasıdır: “Hökumət və Mərkəzi Bank maliyyə qaynağının tapılması üçün heç bir addım atmaq istəmir. Düşünürlər ki, zəif banklar sıradan çıxacaq. Ola bilər ki, dayanıqlı banklara yardım edilməsi məsələsi sonradan gündəmə gəlsin. Amma hazırda hökumət məsələyə seyrçi mövqe tutur, problem isə gün-gündən dərinləşir. Bank sektoru artıq iflic vəziyyətinə düşür: nə normal kredit verə bilirlər, nə iqtisadiyyatda aktiv rol ala bilirlər. Bank sektoru iqtisadiyyat üçün ağır bir yükə çevrilməkdədir. Problem həm ciddi sosial və mənəvi ağırlıq yaradır, ailələr dağılır, intiharlar artır”.

N.Cəfərliyə görə, problemli kreditlər məsələsinin kökündən həll olunması üçün təxminən 5 milyard manat vəsaitə ehtiyac var: “Bu vəsait üçün mənbə ya dövlət büdcəsi ola bilər, ya da Dövlət Neft Fondu. Hökumət bu məsələyə qarışmır, vaxt keçdikcə tələb olunan vəsaitlərin həcmi də çoxalır. Birinci devalvasiyadan sonra problemi 1,2-1,3 milyard manatla həll etmək olardısa, indi bu məbləğ 5 milyarda çatıb. Bir qədər də keçsə, məbləğ daha da yüksələcək”.

N.Cəfərli hesab edir ki, hökumətin problemin həllinə qarışmaması bir neçə səbəblə bağlıdır: “Əvvəla, belə görünür ki, hökumət dövlət vəsaitlərini bu problemin həllinə xərcləmək istəmir. İkincisi də, hesab edirlər ki, bir dəfə dövlət yardım eləsə, banklarda və vətəndaşlarda arxayınçılıq yaranacaq, bir müddət sonra yenidən eyni problem meydana gələcək. Lakin nəzərə alınmır ki, bu problem devalvasiyalara görə yaranıb. Devalvasiyalar isə vətəndaşın günahı üzündən olmayıb. Digər tərəfdən, Beynəlxalq Bankdan məmurlara bağlı oliqarxların götürüb qaytarmadığı on milyard manat kredit dövlət hesabına bağlandı. Amma minlərlə sadə vətəndaşın həyatını ağırlaşdıran bir problemin həllinə qarışmaq istəmirlər. Əslində bu işə Beynəlxalq Bankın xilasına sərf olunandan iki-üç dəfə az vəsait tələb olunur. Nəticədə problemli kreditlər hər ay 1,5-2 faiz artır. Belə getsə, ilin sonunadək rəsmi rəqəmlərdə 30 faizə, qeyri-rəsmi rəqəmlərdə isə 40 faizdən yuxarıya qalxacaq”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR