İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət iqtisadi böhranın yoxsullaşdırdığı kasıbları

4808 13.05.2017 08:00 İqtisadiyyat A A

Vahid Əhmədov: “Yoxsul təbəqənin müdafiəsi üçün atılan addımlar kifayət qədər deyil”; Natiq Cəfərli: “Devalvasiyalardan sonra nə minimum əmək haqqı ilə bağlı, nə sosial təminatlarla bağlı artımları və ya kompensasiyaların ödənilməsini görmədik”

 “Manatın məzənnəsinin korreksiyası gec baş verib. Buna görə də iqtisadiyyata mənfi təsirlər çox olub”. Bunu Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer keçirdiyi videokonfransda deyib. O bildirib ki, Azərbaycan iqtisadiyyatı üçün hərtərəfli strategiya lazımdır:


“Neft gəlirlərinin azalması səbəbindən Azərbaycan alıcılıq qabiliyyətini 25% itirib və bu, milli iqtisadiyyat üçün çox böyük şok yaradıb. Buna görə də, Azərbaycan xüsusilə ixracyönümlü mal və xidmətlər sahəsini inkişaf etdirməlidir. Azərbaycanda məzənnə çevikliyi təmin edilməlidir. Yəni ölkədaxili qiymətlər xarici qiymətlərə uyğunlaşmalıdır. Bank sektorunun sağlamlaşdırılmasını təmin etmək vacibdir. Neftin qiymətinin düşdüyü bir şəraitdə bank sektorunun sağlamlığı vacibdir”.


H.Timmerin vurğuladığı ən önəmli məqam isə yaranmış iqtisadi böhran və inflyasiya səbəbindən vəziyyəti pisləşən aztəminatlı ailələrə dəstək verilməsi olub: “Amma fiskal tədbirlər gecikdiyindən bəzi çətinliklər qalmaqdadır. Xarici şokun yaratdığı çətinliklərin əhali arasında paylanmasına xüsusi diqqət yetirilməli və əhalinin aztəminatlı hissəsinə dəstək verilməlidir. Azərbaycanda ticarət və startap layihələri sahəsində çox işlər görməlidir”.


Qeyd edək ki, Hans Timmerin Azərbaycan iqtisadiyyatı ilə bağlı fikirlərini yerli iqtisadçılar da bölüşürlər. Manatın məzənnəsi ilə bağlı korreksiya tədbirləri vaxtında aparılmadığından hər iki devalvasiyanın nəticələri bu qədər ağır oldu. Lakin bunun qarşılığında yoxsul təbəqənin müdafiəsi üçün heç bir addım atılmadı.


Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, deputat Vahid Əhmədov da təsdiq etdi ki, yoxsul təbəqənin müdafiəsi üçün bu istiqamətdə hər hansı konkret qərarlar olmayıb: “Ancaq inflyasiyanın qarşısının alınması üçün müəyyən qədər addımlar atılıb. Doğrudur, hazırda qiymət artımları da böyükdür. Elə məhsullar var ki, qiyməti 10-12 faiz yox, 50 faiz artıb. Ancaq hökumətin hər hansı ciddi bir addımını görməmişəm. Pensiya sistemində müəyyən qədər islahatlar gedir. Ancaq 2017-ci ildə sonuncu devalvasiyadan sonra biz dövlət büdcəsini təsdiq edəndə mən orada bəzi məsələlərə baxdım. Sosial layihələrin həyata keçirilməsinə ayrılan vəsait 2016-cı il səviyyəsində, hətta ondan da artıq saxlanılıb. Belə addımlar atılıb, ancaq əmək haqlarında çox ciddi artımlar yoxdur. Həkimlərin, müəllimlərin maaşlarında çox ciddi artımlar edilib. Devalvasiya ilə əlaqədar olaraq yoxsul təbəqənin müdafiəsi üçün atılan addımlar kifayət qədər deyil.
Xarici təcrübədə bu hallar çoxdur. Bizdə də müəyyən sosial layihələr həyata keçirilir. Ancaq kənd təsərrüfatının inkişafı ilə bağlı ki, vəsait çox xərclənir. Əhalinin 38 faizi kənd təsərrüfatı sahəsində çalışır. Ancaq ümumi götürəndə yoxsullaşmanın qarşısını almaq üçün əhaliyə yardımlar etmək lazım idi".

Image result for Natiq Vəfərli


İqtisadçı ekspert Natiq Cəfərli isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanda yoxsulluqla bağlı statistika belə reallığı əks etdirmir: “Azərbaycanda real vəziyyətlə bağlı araşdırmalar aparılmayıb. Rəsmi rəqəmlərə görə bizdə yoxsulluq səviyyəsi heç 5 faizə çatmır. Əslində indiqatorlar düzgün qoyulub hesablamalar aparılsa kifayət qədər böyük bir rəqəm alınar. Düzgün diaqnostika aparılmadığına görə, bu sahədə real addımların atıldığını da təəssüf ki, görə bilmirik. Hətta son olaraq kommunal xərclərin artırılması, qiymət artımının, inflyasiyanın ikirəqəmli həddə olması ən çox aztəminatlı təbəqəyə təsir göstərir. Onların gəlirlilik səviyyəsinin aşağı düşməsinə səbəb olur. Ancaq nə minimum əmək haqqı ilə bağlı, nə sosial təminatlarla bağlı artımları və ya kompensasiyaların ödənilməsini görmədik. Bu ilin əvvəlində ötən il olan inflyasiya həddi qədər fiksasiya aparıldı. Bundan başqa əlavə ödənişlərin aparılmasını görmürük”.


İqtisadçının fikrincə, ölkədə yoxsulluq səviyyəsi ilə bağlı doğru-düzgün indiqatorlar olmalıdır və hesablamalar aparılmalıdır: “Azərbaycanda yaşayış minimumu ilə bağlı hesablamalar da ciddi şübhələr var. Ətraf ölkələrlə müqayisədə bizdəki indiqatorlar çox aşağı səviyyədə hesablanmış indiqatorlardır. Normalar çox aşağı götürülüb. Buna görə də yaşayış minimumu çox aşağı rəqəmlərlə ifadə olunur. Dollar ekvivalentində ümumiyyətlə postsovet məkanında ən aşağı göstəricilərdən birinə çevrilib. Biz bu məsələdə Rusiyadan, Belarusiyadan, Qazaxıstandan belə geridə qalırıq”.


N. Cəfərlinin sözlərinə görə, hər hansı bir dövlət yardımından öncə normal diaqnostika aparılmalıdır: “Problemlər təsbit olunmalıdır. Kimlərin yoxsul təbəqəyə aid olması dəqiqləşdirilməlidir. Minimum əmək haqqı, minimum təqaüd, yaşayış minimumu ilə bağlı yeni hesablamalar ortaya çıxmalıdır ki, bundan sonra yoxsullara hansı dövlət dəstəyinin verilməsi ilə bağlı bir yol xəritəsi cızmaq mümkündür. Indiki halda rəsmi rəqəmlərlə reallıq arasında çox böyük bir fərq var. Rəsmi rəqəmləri əldə rəhbər tutsaq, o zaman Azərbaycan yoxsulluq səviyyəsinə görə Avropadan da yaxşı vəziyyətdə görünür. Çünki ölkəmizdə yoxsulluq səviyyəsi rəsmi statistikada heç 5 faiz də deyil. Almaniyada bu 9 faizdir. Ancaq təsəvvür etmək mümkün deyil ki, Azərbaycanda yoxsul insanların sayı Almaniyadan azdır. Araşdırmalar bitdikdən sonra, bu istiqamətdə addımların atılmasından danışmaq olar. Hələlik isə həm qiymət artımı, inflyasiya səviyyəsi, həm də kommunal xərclərin artması əsas yükün məhz yoxsul təbəqənin üzərinə düşməsinə səbəb olur. Onlar inflyasiyadan ən çox əziyyət çəkən insanlardır”.


Nərgiz LİFTİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR