İnsanlara hürriyət, millətlərə istiqlal!

“Heydər Əliyev dedi ki, Tomas, sən macərapərəst olmasaydın, o vaxt Naxçıvana məni görməyə gəlməzdin”

4453 14.12.2018 18:22 Müsahibə A A

Əfsanə adam Tomas Goltz: “Artıq sual vermək mənim işim deyil”; “yeni öyrəndiyim dillər mənim beynim üçün çörəkdir”

Siz bir amerikanın Azərbaycan dilində, amerikan ləhcəsi ilə Qarabağ savaşı barədə söhbətini dinlədinizmi heç? Bəs, 91-ci ildə, Sovetlərin dağılma ərəfəsindəki Bakının təsvirini? O, bizim dilimizdə, öz ləhcəsində, qəribə mimikaları və jestləri ilə danışsa da, bizə az qala bizdən daha çox bələddir.

"Ümumi nəticə: “Evsiz Çempionlar" filmi, “Azərbaycan Gündəliyi” kitabı və bunun kimi Azərbaycana dair onlarla nümunə. Amerikalı qocaman jurnalist Tomas Goltzla söhbət bir arxivə daxil olub, tozlu kitabları vərəqləmək kimidir. Bilmədiyin mətləblər o, danışanda üzə çıxır. Bizə bizi öz dilimizdə anladan amerikalı…

Onu Azərbaycan milli-azadlıq hərəkatının tanımış simaları çox yaxşı bilirlər. Elə o da onları. Azərbaycan qaziləri arasında dostları da çoxdur. Hətta bu günə qədər onlarla görüşüb, Qarabağ döyüşü xatirələrini danışır, yada salırlar. Müharibə deyəndə gözü dolur, 25 il öncəki Bakı ilə indikini müqayisə edəndə riqqətə gəlir. Xatirələri sıraladıqca gözündəki fərəhi duymamaq olmur. O, bir Azərbaycan sevdalısıdır həm də… Sevdasını “Yeni Müsavat”a belə anladır.

-Cənab Goltz, Sizin Bakı ilə tanışlığınız uzun illər öncəyə təsadüf edir. Bəlkə də biz o vaxt uşaq idik, amma siz uzaq Amerikadan bizim paytaxtımıza gəlmişdiz... Hekayəniz necə idi?

-İlk dəfə Bakıya 1991-ci ildə gəldim. Sovetlərin son illərində. Ya iyunun axırı idi, ya da iyulun əvvəli. Bizim planımız mürəkkəb idi. Mən Daşkəndə getmək istəyirdim. Orada bir universitetdə dərs də alacaqdım, ödənişsiz təhsil imkanı vardı. Əslində mürəkkəb bir hekayədir. Amma qısacası İstanbula gəlib getdim. “Aeroflot” şirkəti mənə bilet vermək istəmədi. Dedi ki, sənin vizan haradır? Vizam var idi, getdim konsulluğa. Yenə soruşdular ki, sənin vizan hara, hansı ölkəyədir? Sən Amerikaya qayıtmalı və orda yeni bir viza almalısan. San Fransiskodan almalı idim vizanı. Yəni, o qədər əziyyət, yol, səfər... O vaxt TASS informasiya agentliyində bir azərbaycanlı vardı, bir-birimizi tanıyırdıq. Ona zəng vurub dedim ki, Yalçın, başıma belə bir iş gəlib. O da cavabında qayıtdı ki, “ey Tomas, Tomas... Bəlkə də bir yol var. Təzə bir reys var İstanbuldan Azərbaycana. Sənin vizan yox, amma gömrük və sərhədçilərlə bir söhbət etsən, onlar sənə və həyat yoldaşına icazə versinlər, mənim ailəm sərhədin o biri tərəfində sizləri gözləyəcək. Nəhayət, gəldik. Bizi qaçaq olaraq bir yerə apardılar – Maştağaya. Bakını ilk dəfə Maştağadan tanıdım. (gülür) Özü də həmin vaxt Aşura gününə təsadüf edirdi. Nəysə, bizim planımız dəyişdi. Düşündük ki, bir neçə gün Bakını gəzərik, baxarıq şəhərin gözəlliklərinə, sonra yola davam. Daşkəndə gedəcəkdim.

4f224f8b-6446-472a-9282-607d99692d39.jpg (115 KB)

-Daşkənd səfəriniz ancaq təhsil planı ilə bağlı idi?

-Yox, həm də iki illik bir araşdırma nəzərdə tutulmuşdu. Amma mərkəz Daşkənd və Özbəkistanda idi. Gedənə qədər Bakıda çox yeri gəzdim. O qədər zəngin qrafik oldu ki. Öncə Maştağa, sonra Bakı, Şəhidlər Xiyabanı. Ardınca rəhbərlik də bu durumdan xəbərdar oldu. Məsləhət etdilər və mən Gəncəyə yola düşdüm. Gəncədən yuxarıya, Çaykəndə getdik. O vaxt Çaykənd yanmış bir yer idi. Oralarda da olandan sonra qərar verdik ki, Bakıya qayıdaq. Naxçıvan adlanan bir yerə getmək istəyirdik. Bir şəxsiyyətlə tanış olmaq və söhbətləşmək üçün. Həmin vaxt heç kim o şəxsiyyət haqda danışmaq istəmirdi. Söhbət təbii ki, Heydər Əliyevdən gedir. Heç nəyə baxmadan mindik qatara, keçdik Zəngəzuru, gəldik Naxçıvana. Və görüşdük. Heydər Əliyevlə bizim çox qəribə, amma ləzzətli əlaqəmiz başladı. Onun ölümünə qədər bu, davam etdi. İki həftə sonra Özbəkistana uçduq. 19 avqustda Qorbaçova qarşı çevriliş təşəbbüsü oldu. BBC və xarici mətbuat kanalları deyirlər ki, mühafizəkar dövlətlər Qorbaçovun devrilməsinə dəstək vermək istəyir. Bu dövlətlərdən biri kimi də Azərbaycanın adı çəkilir. Mən o zaman bildim ki, Qorbaçova qarşı olmaq, mühafizəkar və kommunistlərə dəstək vermək eyni deyil. Ona görə qərar verdim ki, bir aylıq da olsa Azərbaycana qayıdım və jurnalist, reportyor fəaliyyəti ilə məşğul olum. Gəldim, yenə də viza yox, yenə də yataqxanada qalmaq mümkün deyildi. Bir xarabalıqda qaldıq. Yazmağa və Azərbaycanı dibinə qədər tanımağa başladım.

-İndi də burdasız... Bayaqdan danışdıqlarınız Bakı ilə, Azərbaycanla ilk tanışlıq hekayəniz idi. Amma sonradan buraya gəlişləriniz intensivləşdi.

-Mən burda yaşamışam. İki il boyunca burda qaldım. İlk çıxış Gürcüstana idi, hadisələr orda başladı öncə. Qamsaxurdiya hakimiyyətinin çöküşü. Sonra yenidən Azərbaycan. Amma bir nəfəs almaq zorunda idim özüm üçün. Bunun üçün İrana getdim. (gülür) Sonra qayıtdım Bakıya, 1993-cü il hadisələri başladı. Heydər Əliyevin hakimiyyətə yenidən gəlişi baş verdi və ardınca mən Amerikaya qayıtdım. Böyük bir nəfəs almaq üçün. Sadəcə bir il Montanada qaldım. Yenidən 1996-cı ildə Bakıya qayıtdım, bir fürsət oldu. Amma 1994-1996-cı illər arasında Bakıdakı dəyişikliyi görəndə çox böyük şok keçirdim. Dəyişən ölkə, hər yer dəyişib. Ondan sonra səfərlərimin sayını xatırlamıram. 3-6 aydan bir, ya da 9 aydan bir Azərbaycandayam. Mən Bakı-Tiflis-Ceyhan neft xəttini motosikletlə keçmiş adamam. Üstəlik, inşaatdan əvvəl, hələ heç kim inanmayanda bunu etdim. Heydər Əliyev məndən xahiş etdi ki, Tomas, sən macərapərəstsən, get. Dedi ki, sən macərapərəst olmasaydın, 91-ci ildə Naxçıvanda məni ziyarət etməzdin. Heydər Əliyevdən heç vaxt müsahibə götürməmişəm. Amma onun tərcüməçisi kimi işləmişəm. CBC kanalı ondan müsahibə alanda da tərcüməçiliyini etmişəm. O cür tərcümə də çətin idi. Mimika, sifət görmürsən, ancaq səs var idi. Tərcümə bitəndə mən tər içində idim.

94d2bd62-fa9a-4ac2-913f-f6879253bad6.jpg (112 KB)

-Siz Azərbaycan tarixinə canlı şahidlik edənlərdənsiz.  91-ci ildən bu günə Azərbaycan nə qədər, necə dəyişib, fikrinizcə?

-Ağ-qara, gecə-gündüz kimi. 1991-92-ci illəri hamı xatırlamır. Malakan bağına yaxın yerlərdə hər şey satan bir yer vardı. Siqaret, dəri gödəkçələr, kompüter... Qarışıq, pərakəndə bir yer. Amma indi tam bir lüksdən söhbət gedir Bakıda. O vaxt hər şey satan o yerdən iki plastik su qabı tapdım. İki dənə aldım, çünki Bakıda su yox idi. Su axdığı zaman dərhal evdəki bütün qabları doldurman lazım idi. Su az gəlirdi. Özbəkistan malı idi bu qab. İki dənə aldım, küçəyə çıxdım. Millət dərhal üstümə gəldi: “Sən bu qabları hardan tapdın?” Çünki heç yerdə yox idi. İkinci şey də bizim Axundov bağı yaxınlığında tapdığımız ev idi. Bir il orda qaldıq. Amma tualet tamamən xarab idi, oturmaq üçün yer yox idi. Məcbur qaldıq ki, tualetin üstündə oturmaq üçün bir alət gətirdək İstanbuldan. Təsəvvür et, Bakıda və Azərbaycanda belə şeylər tapmaq mümkün deyildi. İndi isə Bakını o vaxtkı Bakı ilə müqayisə etmək mümkün deyil. İndi hər yerdə, hər şey tapmaq mümkündür. Mən təbii maddi şeylərdən danışıram, mənəvi məsələlərdən yox.

-Bizim baş yazarımız Rauf bəy də sizin haqqınızda “bizim canlı əfsanəmiz” ifadəsini işldib. Azərbaycanın ictimai-siyasi sektorundakı insanları da çox yaxşı tanıyırsız əminəm. Onlar haqqında nələr danışardız? Kimi, nə qədər, necə xatırlayırsız?

-Çox çətindir. Dəyişməyən adam adam deyil. (gülür) Amma hansı tərəfə: yaxşı tərəfə, ya pis tərəfə, o, başqa söhbətdir. Bəzi qrupları qarışdırmaq istəmirəm. Çünki kim hansı tərəfdədir, öz işidir. Dünən gecə qazi olan dostlarımla yığışdıq. Mən Montanadan maral, antelop əti gətirirəm, təvazökar bir restoranda otururuq, bişirir, yeyirik. Çox xoşbəxt oluruq hamımız.

-Azərbaycanlılardır hamısı?

-Əlbəttə. Ad verməyəcəm, təbii ki. Biri prokuror idi, o biri informasiya nazirliyində məsul vəzifə tutan şəxs olub və sair. Biz onlarla çox şey yaşadıq. Hətta ölümü də yaşadıq. Bərabər adlatdıq. Biz ölüm haqda zarafatlar da edə bilərik. Amma yad bir adam gəlib bizim masada otursa, bu danışdıqlarımızın heç birini anlamaz. Yad adam gəlsə, muğamdan, musiqidən danışa bilərik. Amma bir şərtlə. Sən muğamı sevmirsənsə, o masada oturmağa haqqın yoxdur. Diqqətli olmalıyam. Bəzən yanlışlıqlar etdim: iki fərqli qrupu qarışdırdım və axırı şirin olmadı.

-Dünyanın ən azad, sivil ölkəsinin vətəndaşısız, yüksək həyat şərtləriniz olub hər  zaman. Sizi nə məcbur edir ki, Özbəkistan, Azərbaycan, İran kimi ölkələrdə macəra axtarasız? Elə indi, yaşınızın bu vaxtında yenə də yollardasız... Niyə?

-Məcburam. Beş-altı aydır ki, ispan dilində öyrənməyə başlamışam. Öncə Mexikoya gedəcəm. İspaniyada da bir ev var ki, orda pulsuz qala bilərəm. Beynim üçün təzə bir dil, təzə bir macəra lazımdır. Azərbaycan isə mənimçün köhnə bir yol deyil, amma tanıdığım bir yoldur. Bu səyahət gerçəkdən gözəl bir sürpriz idi. Məni türklər dəvət etdilər. Dedilər ki, gəlin, bir müsahibədə sizin fikirlərinizə ehtiyacımız var, sizi çəkəcəyik. Amma bu dəfə təyyarə Bakıya endi. Mən bir daha azərbaycanca danışmağa başlayanda beynim rahatladı. Mənim bədənim getdikcə qocalır, amma dillər beynim üçün çörəkdir.

-Montanadakı həyatınız necədir?

-Çox sadədir. Gözəl bir evim var. Kənd içindən 3 kilometr uzaqdır. Toyuqlarım var. Çətinliklə dolanıram. Gəlir qaynağım var nisbətən. Azərbaycanda əvvəl satın aldığım evi çox ucuz satdım. Türkiyədən gəldiyim zaman, 30 min dollara böyük bir ev və ərazi satın aldım. Dərhal onu böldüm. Bir hissəsində özüm yaşayıram, bir hissəsini və zirzəmini isə kirayəyə vermişəm. Burdan gələn gəlir mənə nisbətən bəs edir. Kitablarımdan da gəlir gəlir. O biri layihələrdən, yazdığım məqalələrdən, televiziya şirkəti ekspert kimi dəvət edəndə qazancım olur.

-Azərbaycanla bağlı yazdığınız kitab, çəkdiyiniz filmdən də danışaq...

-Azərbaycanla bağlı kitabım olub. İndi isə Türkiyə haqqında 40 illik xatirələrimi bir kitaba sığışdırmaq üzrəyəm. Bitməsinə az qalıb. Amma Gürcüstan, Amerika barədə də kitablarım olub. Qafqaz, Azərbaycan, Orta Şərqlə bağlı yazılarım da çox olub. Amma mən təkcə bu regionlarla bağlı, onunla məhdudlaşan adam deyiləm. Hətta neft haqqında bir libretto yazmaq təşəbbüsü içindəyəm.

1a7da5ac-408d-4b79-8b8a-a34d10a03502.jpg (121 KB)

-Siz Qarabağ müharibəsini canlı görmüş insansız. Sizə “müharibə”  desəm, yadınıza daha çox nə düşür?

- Bütün müharibələr travmatikdir. Sənin ruhunun və beyninin  bir hissəsində qalır. Mənim üçün birinci, həqiqi müharibədir. Amma ondan sonra Abxaziya, Çeçenistan müharibəsi daha travmatik idi.

-Yaxın günlərdə Ağdama gedəcəksiz, TRT World kanalının sənədli filmində ekspert kimi çıxış etmək üçün, deyilmi?

-Bəli, belə bir plan var. Ardınca Türkiyəyə gedəcəm. Orda Ayvalıkda bir evim var. Orda qalmaq planımız var dostlarla. Hələlik plan budur. Amma ucuz bilet tapsam, İspaniyaya gedəcəm. İspan dilini öyrənmək və orada yenilikləri kəşf etmək üçün.

-Amma indi jurnalist deyilsiz. Özləyirsizmi qaynar məkanlarda jurnalistika ilə məşğul olduğunuz dönəmləri?

-Əlbəttə. Mən indi müxbir deyiləm. Amma bu günlərdə TRT kanalından gələn heyətlə birgə Prezident Aparatından Əli Həsənovun qəbulunda olduq. Mənə elə gəlir ki, normal jurnalist orada oturub, Əli Həsənova suallar vermək üçün sağ qolunu verə bilərdi. Amma mən artıq orda jurnalist deyildim. Normal söhbət etdik sadəcə. Artıq sual vermək mənim işim deyil. İndi ekspertəm, indi müəlliməm, şərhçiyəm.

Tomas Goltzun Azərbaycana həsr etdiyi kitabların fotoları və ayrı-ayrı tədbirlərdə iştirakını əks etdirən görüntülər

 

Sevinc TELMANQIZI,
“Yeni Müsavat”

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR