İnsanlara hürriyət, millətlərə istiqlal!

Haray bəri başdan...

1325 30.12.2016 08:25 Yazarlar A A
Terror aktı elə bir hadisədir ki, o baş verəndən sonra uzun-uzadı danışmağın, müzakirə aparmağın, versiyalar irəli sürməyin heç nəyə faydası olmur. 

Çünki baş verən hadisə artıq kifayət qədər səs-küy doğurmuş, insanları sarsıtmış, qorxutmuş olur. Bu, terror aktının sifarişçilərinin öz məqsədlərinə çatması deməkdir. 
Onlar hardasa uzaqlarda - bunkerlərdə, əlçatmaz yerlərdə oturur, əlaltıları vasitəsilə fanatiklər ordusu arasından seçilib ölümə göndərilən kamikadzelərin məşum hərəkətindən əldə edəcəyi dividenti hesablayır. 

Təcrübə göstərir ki, bir terror aktı nə qədər şiddətli olsa da, çox qurban aparsa da, onun səs-küyünün ictimai planda 2-3 gün ömrü olur, sonra hər şey unudulur. Ondan sonra terrorçular məqsədlərinə çatmaq üçün yeni teraktlar törətmək zorunda qalırlar. 
Yeni teraktdan da bir-iki gün danışılır. Sonra daha biri, daha biri... Və gün gəlir ki, 15-20, hətta 50-60 insanın ölümü ilə nəticələnən terror aktları artıq ajiotaj doğurmur, adiləşir, adi statistika predmetinə çevrilir. 

Artıq İraqda törədilən teraktların sayı-hesabı itib və dünya informasiya məkanındakı yerini də itirib. İndi bu ölkədə baş verən bu sayaq hadisələrə xəbərlər bülletenlərində 3-4 cümlə həsr olunur və məsələ bitir. 

Eyni hadisə illərlə terror aktı baş verməyən, hətta qalmaqallı cinayət hadisəsi az-az törədilən sabit ölkələrdə olanda isə aləm bir-birinə qarışır, ictimaiyyət son dərəcə həyəcanlanır, hakimiyyət təcili tədbirlər görür, rəsmi və qeyri-rəsmi fövqəladə vəziyyət rejimi tətbiq olunur və s. 

Terror baxımından daxili sabit olan ölkələrdə terrora qarşı görülən preventiv tədbirlərdə kütləvi həyəcanla müşayiət olunur, hakimiyyət strukturları səfərbər olunur, insanlar gərginləşir.

Əlbəttə, terror aktından sonrakı çaxnaşma və gərginlikdənsə, öncədən həyəcanlanmaq və önləyici tədbirlər görmək daha yaxşıdır. 

Budur, ölkəmizdə terroru həyəcanı var. Bəzi konsert tədbirləri təxirə salınıb, orta məktəblərdə yeni il şənlikləri ləğv edilib. O qədər ciddi olmasa da, insanlarda əndişə var.
Belə anlaşılır ki, hüquq-mühafizə orqanları hələlik bəzi tədbirləri “hər ehtimala qarşı” görürlər, əldə konkret fakt, informasiya olsaydı, real əməliyyatlar həyata keçirərdilər. Əvvəllər heç kimin gözləmədiyi halda anti-terror tədbirləri həyata keçirilib.

İndilikdə bilinən odur ki, yaxın xaricdə, region ölkələrinin müxtəlif dairələrində açıq və gizli şəkildə səslənən hədələri, xəbərdarlıqları gözardı etmək olmaz.

Yeni il şənlikləri ilə bağlı bəzi ölkələrdə törədilən terror aktlarına dair bir neçə fakt və onlarla təhdid halları var. 

Vahid bir gövdənin - beynəlxalq terror təşkilatının ayrı-ayrı ölkələrdə qollarının, simpatizanlrının olması heç kəsə sirr deyil və istənilən gün istənilən ölkə hədəf halına gətirilə bilər.

Məsələ ondadır ki, silahlı mübarizədə din faktorundan gen-bol yararlanmağa çalışan terror təşkilatı günəş təqvimi ilə yeni ilin başlanmasını qeyd edən ölkələrə qarşı terror aktları keçirmək, bir növ onların “bayramını qara gətirmək” barədə düşünürlər. 

Azərbaycan müsəlman ölkəsi olsa da, gün, ay, il məsələsində Avropa ölkələrinin tətbiq etdiyi təqvimlə yaşayır və hər il dekabrın 31-də yeni ilin başlanğıcını qeyd və bayram edir. Məhz bu xüsusat ölkəmizi bəzi terrorçu dairələrin qəzəbinə gətirə bilər. Çünki ötən illərdəkindən fərqli olaraq, bu il bu məsələyə daha həssas münasibət var. 

Əslində konsert və şənliklərin ləğv olunması dolayısı ilə həmin terrorçu qrupları daha da şirnikləndirə bilər və onlar hesab edə bilərlər ki, bu sayaq təzyiq yolu effekt verir, bir işə yarayır.

Bununla belə, ümid etmək olar ki, ölkədəki müvafiq kriminogen durum nəzarətdədir və hüquq-mühafizə orqanları hər hansı bir təxribat törədə biləcək şəxslərin, ekstremizmə meylli insanların şəbəkəsi haqda məlumatlıdır.  

Terrorçular elə bir kastaya aiddirlər ki, onlarla mübarizədə hər hansı tərəddüdə, qətiyyətsizliyə yol vermək faciəvi nəticələr doğurur. Necə deyərlər, haray bəri başdan.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR