İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzada 2 şəxsi öldürdü... həbs olunmadı, təzminat davası da açdı

1119 24.01.2017 09:59 Hadisə A A

2014-cü il  sentyabrın 27-də Kürdəmir yolunda Ceyhun Oqtay oğlu İmaməliyevin və Ceyhun Babayevin ölümü ilə nəticələnən yol qəzası baş verib. İmaməliyev hadisə yerində, Babayev isə sonradan Kürdəmir rayon xəstəxanasında dünyasını dəyişib. 

Hər iki  mərhumun yaxınları  həmin gündən qəzanın törədilməsində günahkar bildikləri “Mercedes” markalı yük maşınının sürücüsü Elvin Quliyevin cəzalandırılmasını tələb edirlər. Onlar iş üzrə istintaqın qərəzli aparıldığını bildirirlər. Ceyhun Babayevin hüquqi varisi Şirxanım Fətəli qızı Babayeva, Ceyhun Oktay oğlu İmaməliyevin hüquqi varisi Oktay Kərim oğlu İmaməliyev və anası Nüşabə Şahvələd qızı Məşiyeva ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarının başçılarına müraciət edərək cinayətin ört-basdır olunmasının qarşısının alınmasını xahiş ediblər. 

Müraciət müəllifləri yazırlar: “27 sentyabr 2014-cü il tarixdə saat 21 radələrində Elvin Quliyev idarə etdiyi ”Mercedes" markalı yük avtomobili ilə avtonəqliyyat hadisəsi törədib və nəticədə övladlarımız ölüb, onların birinin 3 azyaşlı uşağı, digərinin isə 2 azyaşlı uşağı atasız qalıb. Elvin Quliyev bu cinayətə görə azadlıqda qalıb. Üstəlik, bizi məhkəməyə verməklə təzminat tələb etməyi də özünə ar bilmir. Atası isə açıq-aşkar deyir ki, bu işin ört-basdır olunması üçün 40 min manat pul xərcləyiblər. Elvin Quliyevi məhkəmədə kimlərsə himayə etdi. Quliyev heç kimin ona gücü çatmayacağını bildirir. Hadisə nəticəsində öldürdükləri şəxslərdən maddi və mənəvi ziyan da tələb etməyi özlərinə rəva bilirlər. Məhkəmələr isə onların bu mövqelərini təsdiqləyirlər.

Məhz bu səbəbdən də Elvin Quliyev və onun atası hüquq-mühafizə orqanlarına yalan deməkdən çəkinmirlər. Quliyevlər Baş Prokurorluğa, DİN-də deyirlər ki, maddi təzminatla bağlı şikayətlərindən imtina edirlər. Biz iş üzrə Baş Prokurorluq və Daxili İşlər Nazirliyində rəhbər şəxslərin qəbulunda olmuşuq. Onlar da deyiblər ki,  2 ailə başçısının ölümünə səbəb olmuş şəxsin nəinki ölmüş şəxslərə qarşı iddia qaldırmalarının qarşısı alınmalıdır,  Elvin Quliyev mütləq olaraq cəzalanmalıdır. Lakin çox təəssüflər olsun ki, bu istiqamətdə heç bir tədbir görülməyib. Elvin Quliyevin atası Sahib adlı şəxs çəkinmədən deyir ki, oğlunun cəza almaması üçün 40 min manat xərcləyib. Bu halla bağlı şikayətlərimizə baxmayaraq hec bir araşdırma işi aparılmayıb".

Məktub müəllifləri yazır ki, qəzadan sonra Elvin Quliyev və onun ailəsi qəzada öldürdüyü şəxslərin yaxınlarına başsağlığı belə verməyiblər. Əksinə, 2 nəfərin ölümünə səbəb olan qəzanı törədən Elvin Quliyev ölmüş şəxslərə qarşı pul tələbi ilə məhkəmədə iddia qaldırıb: “Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədov da Elvin Quliyevin əsassız iddiasını öz ədalətsiz və qanunsuz qərarı ilə təmin edib. Bu hal işin mülki tərəfidir.

Əsas məqam ondadır ki, 2 ildən çoxdur ki, oğullarımızın ölməsinə baxmayaraq Elvin Quliyev cəzalandırılmır. 

Ona görə də bir daha güc strukturlarının rəhbərlərinə müraciət etməklə övladlarımızın ölümünə bais olan şəxsin əməlinin ədalətli şəkildə araşdırılmasının təmin olunmasını xahiş edirik".

E.MƏMMƏDƏLİYEV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR