İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkəni məzhəb savaşına kimlər sürüyür - təhlil

20714 07.07.2014 09:00 Gündəm A A

Siyasi müstəvidə ciddi heç nə baş vermir. Tam səssizlikdir. Müxalifət də “qızğın fəaliyyətdən” yorulub, yay tətilinə getməyə hazırlaşır. Müxalifətin siyasi səhnədən qısa müddətli gedişi də yəqin ki, heç nəyi dəyişməyəcək.  Ölkənin siyasi müstəvisi tam durğunluq içindədir.

Lakin son günlər ölkədə baş verənlər kataklizmlərin heç də uzaqda olmadığından xəbər verir. Demokratik institutları, sekulyar təsisatları və milli-demokratik siyasi güc mərkəzlərini sıradan çıxardan hakimiyyət indi yeni rəqiblə üzbəüz qalıb. Son 10 gündə Azərbaycanın ən müxtəlif bölgələrində şiə - sələfi qarşıdurması pik həddinə çatıb. Ehtimal etdiyimiz kimi, müxalifəti və mətbuatı məhv edilən Azərbaycan cəmiyyətində marginallıq başlıca dəyər olmağa başlayıb. 

İllər öncə vurğulamışdıq ki, siyasi azadlıqların olmadığı, insan haqlarının, din və vicdan, mətbuat azadlığının boğulduğu, sosial ədalətsizliyin baş alıb getdiyi ölkədə yeganə hərəkətverici amil məzhəb savaşı, etnik qarşıdurma, vətəndaş qarşıdurmaları olacaq. Azərbaycanda son günlər müşahidə edilən məzhəblərarası gərginlik heç də yalnız İŞİD-lə bağlı yaranan ajiotaj deyil. Təkfirçi və terrorçu İŞİD-in bu ölkəmizdəki proseslərə təsiri son dərəcə minimaldır.


Sadəcə olaraq, Azərbaycanda etnik və dini müstəvidə savaş yaratmaq istəyənlər artıq açıq fəaliyyətə başlayıblar. Bunun belə olacağını da illər öncə vurğulamışdıq.
Gərginlik durmadan artır. Bu dəfə qarşıdurma dəyirmi masalarda təzahür etmir. Artıq ölkədə siyasi ideologiyalar arasında “beyin fırtınası”ndan da söhbət getmir. Vəziyyət daha qəlizdir. Kənar baxışla görünən budur ki, bir qrup təkfirçi şəxs digər radikal - təkfirçi şəxslərə müharibə elan edib.

Son günlər bu qarşıdurma ən iyrənc formada özünü göstərməkdədir. Bütün “keyfiyyət” dəyişikliyi sosial şəbəkələrdəki müzakirələrə də təsirsiz ötüşməyib.
Artıq sosial şəbəkələrdəki Konstitusiya islahatları barədə mülahizələr deyil, “hansı məzhəbə mənsub şəxslərinin qadınlarının cariyə ola biləcəyi” müzakirə edilir. Deqradasiya göz önündədir. Baş verənlər yalnız cəmiyyət üçün fəsadlar yaratmır. Eyni zamanda iqtidarın özünün perspektivini qara rəngə boyayır.

Son 20 ildə Azərbaycanın siyasi sistemini məhv edən hakimiyyət indi öz əkdiyini biçməyə məhkum edilib. Təkfirçi dini cərəyanların əsas siyasi amilə çevrilmə tendensiyası fəsadların xəbərçisidir. Bu günədək iqtidar siyasi diskussiyaları müxalifət partiyalarının ziyalı liderləri ilə aparırdı. Bundan sonra isə nəyisə dinləmək iqtidarı olmayan saqqalkəsənlərlə  danışmaq zorunda qala bilər. Bunun belə olacağını ehtimal etmişdik. Bu, hələ ilkin işartılardır. Daha böyük hadisələrin astanasında dayandığımızı da ehtimal edə bilərik. Son günlər Sabirabadda və Müşfiqabadda  baş verən “məzhəb müharibəsi”  olduqca ciddi bir prosesin xəbərçisidir.


Burada söhbət heç də ayrı-ayrı zombiləşmiş fanatlardan getmir. Müşahidə edilənlər xaricdə yazılıb, Azərbaycana transfer edilən qorxunc bir ssenariyə daha çox bənzəyir. Görünən budur ki, Azərbaycanda etnik və dini qarşıdurmanın yaradılması istiqamətində ilk addımlar atılıb.  Ölkədə belə qarşıdurmaları mümkün edən amillərin hamısı mövcuddur. Ölkədə baş verən sosial ədalətsizlik və korrupsiya halları təkfirçiliyin və etnik separatizmin inkişafına rəvac verir. 

Azərbaycanda müşahidə edilən sələfi-şiə qarşıdurmasının gizlinlərinin isə din ilə ümumiyyətlə bağlılığı yoxdur. Şimal bölgəsində sələfi əqidəli insanların gün-gündən güclənməsi və onların arasında şiəçiliyə nifrət hisslərinin aşınması gələcəkdə Azərbaycanda dini müstəvidə baş verəcək qanlı regional toqquşmaların göstəricisi ola bilər. Öncələrdə vurğulamışdıq ki, ölkənin cənub bölgəsində də iki ölkənin təsiri aydın hiss olunur - İran və əlbəttə ki, əsas dolanışıq mənbəyi olan Rusiya. Bu bölgədə şiəliyin əsas amil olması isə gələcəkdə şimal və cənub bölgələrinin dini müstəvidə savaşının xəbərçisidir.


Belə bir savaş baş verərsə, yaxın gələcəkdə müəyyən təxribatçı qüvvələrin “Müstəqil Ləzgistan” və “Talışıstan” yaratmaq cəhdlərinin mümkünlüyünü ehtimal edə bilərik. Baş verənlərin altqatında Azərbaycanın parçalanması, dünyəvi sisteminin dağıdılması cəhdlərinin durduğu göz önündədir. Siyasi sistemi dağıtmaqla, mötədil və intellektual islamı darmadağın etməklə iqtidar ölkənin gələcəyinə baltalar endirmiş oldu.

Artıq ölkə daxilində oturuşmuş vətəndaş sülhündən danışmaq imkansız görünür. Yaxın günlərdə Azərbaycanda dini və etnik qarşıdurmaların daha da dərinləşə biləcəyini ehtimal edə bilərik. Artıq işə düşmüş ssenarini yarıda durdurmaq olduqca çətin görünür. 
Dini və siyasi müstəvidəki savadsızlıq, gerizəkalılıq, parlaq lider çatışmazlığı elə belə də vəziyyət yaratmalı idi. Proseslər dalana dirənmək üzrədir...

Azər RƏŞİDOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR