İnsanlara hürriyət, millətlərə istiqlal!

Vergilər naziri sələfilərlə işbirliyində

16396 05.07.2014 08:55 Gündəm A A

Bu barədə “Yeni Müsavat”a nazirlikdəki qaynaqlardan məlumat daxil olub.

S.Qurbanovun həbsi ilə bağlı ötən saylarımızda məlumat vermişdik. S.Qurbanov sələfi məzhəbini qəbul edib və icmanın nüfuzlu üzvlərindən biridir. İddiada o da bildirilir ki, onun nüfuz dairəsində 300 nəfərə yaxın sələfi var və onların 50 nəfəri Sumqayıt şəhərində yaşayır. S.Qurbanov istənilən kritik saatda telefon zəngləri ilə minimum 100 nəfər idmançı görkəmli vəhhabini bir araya gətirmək imkanına sahib birisi kimi xarakterizə olunur. S.Qurbanov bir neçə il Vergilər Nazirliyinin təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsində çalışıb. Ancaq ötən ilin sonlarında uzun illər çalışdığı vəzifəsindən gözlənilmədən çıxarılıb. Bu da silahlı insidentin baş verməsinə səbəb olub.

O vaxt yayılan məlumatlara görə, S.Qurbanov  mühafizə xidmətinin rəhbəri kimi hər ay nazirlikdən rəsmi maaşından əlavə 50 min manat “paket” (qeyri-rəsmi maaş) də alırmış. Bu pulu özünə yaxın olan vəhhabi icmasının ehtiyaclarına xərclənirmiş. Onun işdən çıxarılmasının səbəbi də təriqətçiliyi və nazirin ünvanına tez-tez tənqidlər səsləndirməsi olub. O, son aylarda hər gün deyirmiş ki, burada hər kəsin qazandığı haramdır və mütləq bu pullardan ona “zəkat” verilməlidir. Nəticədə S.Qurbanovu işdən çıxarıblar və həm də “paketi”ni kəsiblər. Onu ən çox hiddətləndirən də “paket”in kəsilməsi olub. O, bir neçə dəfə rəhbərlikdən, xüsusilə də nazirə ən yaxın olan Binəqədi İH başçısı Xaləddin İsgəndərovdan (bu şəxs də uzun müddət vergi xidmətində rəhbər vəzifələrdə çalışıb - red.) “paket”in bərpa edilməsini tələb edib. Samir Qurbanovun özünün də zəngin olması ilə bağlı məlumatlar var. Onun az qala 40 bahalı maşını var. Hamısının da nömrəsi 041-lə bitir.


İnsident baş verən gün S.Qurbanovun hədəfində əsasən 2 şəxs olub - vergilər naziri Fazil Məmmədov və onun yaxın qohumu, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov. Lakin onu içəri buraxmayıblar. Qəzəblənən Samir nazirliyin giriş qapısına və təhlükəsizlik kamerasına atəş açmaqla, bir növ bu şəxslərə xəbərdarlıq edib. İnsidentdən sonra F.Məmmədovun və X.İsgəndərovun şəxsi mühafizəsi gücləndirilib, nazirliyin mühafizə sisteminə sayıqlığı artırmaq tapşırılıb.

Redaksiyamızı bilgiləndirən mənbə S.Qurbanovun müəmmalı şəkildə azadlığa buraxılması ilə bağlı şok detalları da açıqlayıb: “Bu məsələdə F.Məmmədovun biznesinin idarəçiliyi ilə məşğul olan Qafar Qurbanov vasitəçilik edib. Q.Qurbanov F.Məmmədovu inandırıb ki, qardaşının hərəkətini təqdir etməsə də, onun həbsdə qalması nazirin ziyanınadır. Çünki onun təsir dairəsində olan radikal dindarlar təxribata əl ata bilərlər və bunun da məsuliyyətini F.Məmmədov daşımalı olacaq. Yazılmamış qanunlara görə, oliqarxın çevrəsində olan istənilən insidentin məsuliyyətini oliqarx daşıyır. Ona görə də Q.Qurbanov bir daha belə bir insidentin olmayacağı ilə bağlı nazirə təminat verib. O deyib ki, bundan sonra qardaşı və onun rəhbərlik etdiyi icmanın maliyyə xərclərini şəxsən özü qarşılayacaq və onlara şəxsən özü nəzarət edəcək. Bundan sonra S.Qurbanovun azadlığa buraxılması reallaşıb”. 

Q.Qurbanovun adı mətbuatda ilk dəfə 2012-ci ilin yayında ARDNŞ-in Monteneqroda ada alması ətrafında qalmaqalda hallanıb. Mediada gedən məlumatlara görə, icarə müqaviləsini ARDNŞ-in adından “Ataholdinq” ASC-nin Müşahidə Şurasının üzvü Qafar Qurbanov imzalayıb. Özəl şirkət olan “Ataholdinq”in rəsmisinə dövlət şirkəti tərəfindən belə səlahiyyət verilməsi isə ekspertlər tərəfindən hüquqi nihilizm kimi qiymətləndirilib. Ekspertlərin fikrincə, yaranmış uyğunsuzluq bu iki şirkət arasında müəmmalı maraqlardan və bağlılıqdan xəbər verir. 


Qəzetimizi bilgələndirən mənbənin sözlərinə görə, S.Qurbanovun azadlığa buraxılmasının səbəblərindən biri də F.Məmmədovla sələfi icmasının biznes seti arasında işgüzar münasibətlərin olmasıdır: “Sələfilərin biznes şəbəkəsinə dəstək verən dövlət məmurlarından biri da vergilər naziridir. Vergi müfəttişləri sələfilərin biznes şəbəkəsinə demək olar ki, müdaxilə etmirlər. Qarşılığında isə F.Məmmədova  Səudiyyə Ərəbistanında böyük biznes imkanları yaradılıb. Nazirin bu ölkədə çox böyük biznesi var. Bu amil də S.Qurbanovun azadlığa çıxmasında önəmli rol oynayıb. F.Məmmədov S.Qurbanova görə böyük bir beynəlxalq biznes şəbəkəsi ilə münasibətlərini korlamaq istəməyib”.


Mənbə maraqlı bir detala da toxunub. S.Qurbanovun istintaqı Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində aparılır. Ancaq istintaq müddətində onun müdafiəsi ilə bağlı tanınmış vəkillərdən heç biri ilə müqavilə imzalanmayıb. Onun hüquqlarını təyinat üzrə ayrılmış vəkil müdafiə edib. Bu onu göstərir ki, F. Məmmədov S. Qurbanova münasibətdə öncədən ehtiyatlı mövqe tutub. Yəni onun taleyinin istintaqdan kənar həll ediləcəyi öncədən razılaşdırılıb. Bu detal da F.Məmmədovun sələfi icması ilə iş birliyində olmasını təsdiqləyir.

Yazıda adıçəkilən hər kəsin, eyni zamanda Vergilər Nazirliyi və Baş Prokurorluğun mövqeyini də dərc etməyə hazırıq.

İqtisadiyyat şöbəsi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR