İnsanlara hürriyət, millətlərə istiqlal!

Təmiz, yaşıl, ucuz, sakit Batumi və biz... - fotolar

18989 25.07.2014 12:57 Gündəm A A
Bir azərbaycanlının öz ölkəsində istirahəti o qədər baha-başa gəlir ki, məcbur olub başqa bir ölkəyə gedir. Azərbaycanda turizmin az da olsa inkişaf etmiş bölgələrində bir neçə günlük tətilin qiyməti, qonşu ölkələrdə olan 1 həftəlik istirahətdən daha bahadır. Buna görə də istirahət üçün qonşu ölkələrə üz tutanların sayı daha çoxdur. 

Tətil üçün ən sərfəli ölkələrdən biri də Gürcüstandır. Gürcüstana üz tutanlar sırasında biz də olduq. Gürcüstanın istirahət üçün ən çox üz tutulan iki şəhəri var: paytaxt Tiflis və Qara dəniz sahilində məskən salmış Batumi.

Bakıdan Batumiyə getmək, Bakıdan Nabrana getməkdən daha sərfəlidir. Batumidə heç kəs sizdən giriş üçün pul almayacaq. Həmçinin yol kənarıdır deyə 40 qəpiklik suya görə sizdən heç kəs 1 manat istəməyəcək. Turist olduğunuzu görüb sizə ikiqat qiymət “oxumayacaqlar”. 


Öncə Batumi haqqında bir az məlumat verim. Batumi şəhəri Acarıstan Muxtar Respublikasının paytaxtıdır, Qara dənizin sahilində yerləşir. Əhalisinin əksəriyyətini gürcü müsəlmanları olan acarlar təşkil edir. Batumi limanı regiondakı iri transmilli layihələrin, o cümlədən Avropa-Asiya nəqliyyat dəhlizinin əsas qovşaqlarından biridir.

1991-ci ildən muxtar respublikaya rəhbərlik edən və "Acarıstan aslanı" kimi ad çıxaran Aslan Abaşidze (Abaşidzelərin Acarıstandakı hakimiyyətinin kökləri 6 əsr öncəyə, 15-ci əsrin ortalarına gedib çıxır - red.) belə mürəkkəb etnik strukturu olan bölgənin 2004-cü ilə qədər rəhbəri olub. 1991-1992-ci illərdə Gürcüstanda başlanan müharibə və münaqişələr Acarıstandan yan keçib.


Batumi heç də böyük, gözəl, tarixi yerləri bol olan bir yer deyil. Amma daha ucuzdur, səliqəlidir, təmizdir, bir turist üçün hər şeyi olan bir şəhərdir. Çimərlikləri hasarlanmış vəziyyətdə deyil. Dənizə girmək üçün də heç kəsə 5-10 manat pul verməyə ehtiyac yoxdur. Gecə vaxtı saatın neçə olmasından asılı olmayaraq çıxıb şəhərdə gəzmək mümkündür. Heç bir təhlükəsi yoxdur. Polislər də sizə şübhəli şəkildə yaxınlaşmayacaq, sizdən sənəd tələb etməyəcək. Ümumiyyətlə, sakit, dincəlmək üçün ideal şəhərdir. 


Cibinizdə 300 manat pulla 1 həftə ərzində mükəmməl şəkildə istirahət edə bilərsiniz. Otellərin qiyməti 40-50 laridən başlayır. Manatla hesablasaq 20-25 manat edir ki, bu da çox sərfəlidir. İstədiyiniz restoranda rahatca əyləşib doyunca yemək yeyə bilərsiniz. Çünki qiymətlər çox ucuzdur. Küçələrin təmizliyinə isə söz ola bilməz. Gün ərzində bir neçə dəfə küçələr süpürülür və təmizlənir. 


Dövlət hər kəsi nəzərə alıb. Gözdən əlil insanlar üçün bütün küçələrdə xüsusi yer örtükləri döşənilib. Həmin örtüklər tək sıra şəkildə düzülüb və digər yer örtüklərindən öz üzərində olan fərqli fərqlənir. Bu da gözdən əlil insanların hərəkəti üçün çox əlverişli şərait yaradır. 


Velosiped sürücüləri də diqqətdən kənarda qalmayıb. Onlar üçün də xüsusi yol ayrılıb. Velosiped yollarını həm şəhərin bütün küçələrində həm də sahil boyunca görmək mümkündür. 


Şəhərin içində gül bazarı yerləşir. Burada təbii güllər satılır. Yerli sakinlər hər şeydən pul qazanmağı bacarırlar. Əsasən uşaq vaxtlarımızda tonqal zamanı yandırdığımız qamışları burada bir ədədi 1 lariyə satırlar. 

Batumidə alış-veriş etmək üçün ən böyük bazar Hopa bazarıdır. Bu bazarda olarkən özümüzü yad yerdə hiss etmədik. Çünki bizim bazarlara çox oxşayırdı. Qiymətlər oxşar deyildi, bir az daha ucuz idi. 


Qara dəniz sahilləri çox təmizdir. Nə sudan kanalizasiya iyi gəlir, nə də dəniz kənarında qarpız qabıqları var. Dənizə girmək üçün bir az əziyyət çəkməli olacaqsınız. Çünki həm çox dərindir həm də xırda dəniz daşları ayağınızı bir az əzəcək. Dəniz kənarında uzanmaq üçün isti qum da tapmayacaqsınız. Amma bu dənizə girmək üçün xırda əziyyətə dəyər.


Küçə alverinə və küçə musiqisinə heç bir qadağa yoxdur. Bakıda olduğu kimi polis gələrək insanların əyləncəsinə mane olmur. Nə də küçədə alver edən insanların mallarını ayaqları ilə dağıtmırlar. 


Şəhərdə həm kilsə, həm də məscid mövcuddur. Yerli sakinlərin böyük hissəsi müsəlmanlardan ibarətdir. İnsanlar gələrək rahat şəkildə öz ibadətlərini edirlər. 


Şəhərdə olan avtobuslar Bakıda avtobuslardan bir az fərqlənir. Bakıdan fərqli olaraq, Batumidə avtobusda siqaret çəkilir. İstənilən sərnişin pəncərə tərəfdə oturaraq rahat şəkildə siqaret çəkə bilir. Ödəmə də fərqlidir. Sərnişin ya kartla, ya da biletlə ödəmə etməlidir. Oxşar cəhət isə oturacaqların arxasına, avtobusun divarlarına yazılan yazılardır. Burada da oturacaqların arxasında yazılar, elanlar, çat elanları yazılıb. 


Dilənçilər bu şəhərdə də çoxdur. Mərkəzi küçələr dilənçi uşaqlardan keçiləsi deyil. Dilənçilərin böyük hissəsi gürcülər deyil, əsasən qaraçılar və moldovanlardır. 


Şəhərdə tarixi bir muzey fəaliyyət göstərir. Muzeydə əsasən yerli rəssamların əl işləri sərgilənir. 


Şəhərin polisləri də fərqlidir. Onlara yaxınlaşaraq bir az söhbət etmək imkanımız oldu. Normal münasibət bəslədilər. 


Batumidə ən çox bəyəndiyimiz şeylərdən biri də yaşıllıqların bol olmasıdır. Yaşıllıqlar çox yaxşı qorunur. Bu, havanın da təmiz olmasına gətirib çıxarıb. 


Şəhərin bir neçə küçəsində dayanacaq üçün yerlər ayrılıb. Sürücülər çox rahat şəkildə öz avtomobillərini dayanacaqda saxlaya bilirlər və bu, çox səliqəli şəkildə edilir. Heç bir küçədə tıxac əmələ gəlmir. 


Şəhərin mərkəzində möhtəşəm bir göl var. Bu gölün mənzərəsi belə istirahətiniz üçün yetərli ola bilər. Hətta bu göldə balıq da tuta bilərsiniz. 


Amma hər şey mükəmməl deyil. Restoranlarda turistləri nəzərə almırlar. Hesab gətirdikləri zaman yeməklərin adı gürcü dilində yazıldığı üçün turistlər narazı qalır. Hər restoranda xidmət yaxşı olmur. Restoranda xidmət göstərənlərin böyük əksəriyyəti gürcü dilindən başqa dil bilmirlər. Bu da müəyyən problemlər yaradır. 

 

Seçkilərdən qalan elanlar hələ də divarlardadır və bu heç də yaxşı görünmür. 


Batumidən qayıdarkən Tiflisdə bir həmyerlimizlə tanış olduq. Tiflis küçələrindən birində parkinq işçisi vəzifəsində çalışırdı. Söhbətimiz zamanı dedi: “Uzun zamandır burada çalışıram. Azərbaycanlılar bura çox gəlir. Səbəbi də məlumdur. Burada istirahət etmək daha sərfəlidir. Mən də qarşılaşdığım azərbaycanlılara köməklik edirəm. Ev, otel tapmaqda onlara kömək edirəm”.


Bir neçə saat sonra Bakıya doğru yola düşdük. Yolda bir restoranın önündə dayandıq. 40 qəpiklik suyu 1 manata aldıqdan sonra anladım ki, artıq Azərbaycandayıq. 

Məhəmməd TÜRKMƏN
Gürcüstan, Acarıstan, Batumi 


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR