İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramazanın sonuncu gününün dartışması - Ay mübahisəsi

3951 30.07.2014 08:35 Gündəm A A



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Astrofizika İnstitutu Ramazan ayının sonuncu gününün iyulun 27-də olduğunu açıqlasa da, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bayramın ayın 29-da olduğunu bildirib. Ramazan təqvimində ortaya çıxan bu fərq isə hər il narahatlıq yaradır. 

Bu il bayram günlərində yaranan fərqlər yenə də müzakirə mövzusu olub. Məsələ hətta sosial şəbəkələrdə də dartışılıb. Deputat Fazil Mustafa da bayram günü ilə bağlı yaranan fikir ayrılıqlarına etirazını bildirib. O, facebookda QMİ-ni sərt tənqid edib. Deputat deyib ki, bəzi qüvvələr Azərbaycanı İranın dini müstəmləkəsinə çevirməyə çalışır. 


Dini ekspert Kənan Rövşənoğlu isə bildirir ki, bu məsələnin o qədər də böyüdülməsinə gərək yoxdur. O, “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, Qurana əsasən Ayın görünməsi ilə yeni ayın başlanmasına işarə olunur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilib. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (”Allahu əkbər" deməklə) təzim və şükür edəsiniz". (Bəqərə-185-ci ayə).  

Quranın bu ayəsindən çıxış edərək Ayın görünməsini şərt kimi qəbul edirlər. Ancaq bir sıra müsəlman ölkələri müasir texnologiyaların inkişafına əsaslanaraq yeni Ayın doğmasını elmi hesablamalara əsasən müəyyən edərək dini təqvimləri də buna əsasən müəyyən edir. Eyni zamanda bir sıra ölkələrdə klassik qaydada Ayın məhz insan gözü ilə görünməsi ilə bağlı İslam dini şərtlərinə əməl olunur. Məsələn, şiə üləmaları bir qayda olaraq Ayın gözlə görülməsini əsas götürür. Ancaq sünni ölkələrdə bu məsələdə ikili yanaşma var. Türkiyə və bir sıra digər ölkələrdə Ayın doğması elmi hesablamalar əsasında müəyyən olunursa, Səudiyyə Ərəbistanı kimi ölkələrdə gözlə müşahidə əsas şərtlərdən biri olaraq qalır".


Dini ekspert Rəsul Mirhəşimli də baş verənlərin narahatlıq doğurduğunu vurğulayır: “AMEA-nın Astrofizika İnstitutu Ramazan ayının sonuncu gününün iyulun 27-də olduğunu açıqlayıb. Əlavə edib ki, Fitr (Ramazan) bayramı iyulun 28-dədi. Bunun adı astronomik müşahidə deyil, dini fətvadı. QMİ-nin də bayramdan 10 gün əvvəl bayramın iyulun 29-da olduğunu deməsi dini fətva deyil, nəsə başqa şeydi. Adamları girinc ediblər”.

Ekspert “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, müsəlmanların bayramları eyni gündə deyil, fərqli vaxtlarda qeyd etməsi xoşagələn hal deyil: “Çox yaxşı olardı ki, müsəlmanlar hamısı bir yerdə bayramı qeyd etsin. Çünki bayram insanların bir araya gəldiyi, Ramazan nemətlərini, sevincini bölüşdüyü bir gündür. Hər il bayram günündə fərqlilik üzə çıxır. Məsələ bundadır ki, müzakirələrdə daha çox ifrata varırlar. Ramazan bayramının Hilalın göründüyü vaxtda keçirilməsi din aləm arasında problem yaradan ixtilafdır. Bir qisim Ayın çıxması ilə, digər qisim isə Ayın görünməsi ilə bayramı hesablayır. Bu il çox böyük əminliklə hamı bilir ki, iyulun 27-də Ay çıxıb. Ayın çıxması ilə bayram edilsin, ya görülməsi ilə, bu iki fikir arasında fərq var. Məsələ bundadır ki, Türkiyə və bir neçə ölkələr Ramazan bayramının vaxtı barədə məlumat verəndən sonra digər bir dövlət çıxıb fərqli tarix söyləyir, başqa tarixdə qərar verir və fərq meydana gəlir. Bu qərara görə də müsəlmanlar arasında parçalanma baş verir. Ayın 29-da bayramdır deyən alimlər təkidlə çox sayda insanların oruc tutmasına səbəb olduqları üçün böyük günaha girirlər. Bayram günü insanların oruc tutmalarına səbəb olduqları üçün çox böyük günah qazanırlar. O günahın altından çıxa biləcəklərmi, bunu bilmirəm. Bunun günahı təkcə bu dünyada deyil, axirətdə də hesablanacaq”.

Röya RƏFİYEVA


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR