İnsanlara hürriyət, millətlərə istiqlal!

QƏRB ERMƏNİSTANDAKI REJİMƏ “HƏ” DEDİ, BƏS AZƏRBAYCANDAKI...

964 21.02.2013 09:48 Gündəm A A

Ancaq bu da var ki, Rusiyanın ardınca rəsmi Vaşinqton da Ermənistanda keçirilən prezident seçkiləri ilə bağlı ilk rəsmi mövqeyini açıqlayıb və Sərkisyanın qalib gəldiyini bildirib. ATƏT təmsilçiləri isə İrəvandakı brifinqdə saxtakarlıqları ört-basdır etməyə cəhd göstərib və bu zaman bir qrup müxalifətçi tədbirə müdaxilə elədiyi üçün brifinq yarımçıq qalıb. Görünən buru ki, Ermənistandakı seçkilərə normal qiymət verilməsini müşahidə etmirik. Bu mənada hesab olunur ki, Qərb Azərbaycanda gözlənilən seçkilərlə bağlı də analoji mövqe sərgiləyəcək. Ən azı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun dəyişməməsi üçün mövcud kursun davamında maraqlı olacaq.
Vəfa QuluzadəHərgah politoloq Vəfa Quluzadə hesab edir ki, Ermənistanda hələ proseslər bitməyib: “Sözsüz ki, bu ölkədə seçkilər saxtalaşdırılıb. Amma görək erməni xalqının buna münasibəti necə olacaq. Çünki Raffi Ovanesyan açıq surətdə Serj Sərkisyana vaxt verib. Amma vaxt bitəndən sonra bütün xalqı Ermənistanın küçə və meydanlarına toplaşmağa çağırıb. Ona görə də hələlik Ermənistandakı seçkilər haqqında birmənalı surətdə söz demək olmaz. Sözsüz ki, Sərkisyan Rusiyanın təyinatıdır. Ona görə də hələ seçkilər bitməmiş Putin onu təbrik etdi. O səbəbə dərhal təbrik etdi ki, xalq onun əleyhinə çıxış etməsin. İndi görək erməni xalqı buna necə reaksiya verəcək?”
Seçkilərin Azərbaycana təsirinə gəldikdə, V.Quluzadə dedi ki, Azərbaycan Ermənistanda fərqli bir yerdir: “Üstəlik, xalqın psixologiyası, mentaliteti, problemləri də fərqlidir. Hər iki ölkədə sovet qayda-qanunu, ənənələrinin hələ də qalması, idarəçilikdə tamamilə sovet metodlarından istifadə olunması oxşarlıqlardır. Amma xalqın indiki vəziyyəti nə qədər qəbul etməsindən çox şey asılıdır. Xalqın iradəsi olandan sonra Qərb bu iradə ilə barışmağa məcbur olacaq. Məsələn, Amerika heç vaxt istəməzdi ki, Misirdə inqilab olsun, xalq Amerikanın ən yaxın dostu və müttəfiqi Hüsnü Mübarəki süpürüb atsın. Ona görə də gözləmək lazımdır, görək Azərbaycandakı seçkilər necə keçiriləcək”.
Sabiq müşavir Azərbaycanla Ermənistandakı ötən seçkilərlə bağlı müqayisəli təhlilin, yaxud iki ölkə arasında paralellərin aparılmasına ehtiyac olmadığını deyərək bildirdi ki, artıq situasiya tamamilə dəyişib: “İqtidarların hakimiyyətdə qalması onların özlərini dəyişmiş situasiyaya nə qədər uyğunlaşdıra biləcəklərindən asılıdır. Çünki situasiyaları nəzərə almadan davam etmək sözsüz ki, çox acı nəticələr verəcək”. Politoloq bu iki ölkədəki seçkilərin, Qarabağ məsələsinə təsir etməyəcəyini düşünür: “Qarabağ məsələsi artıq nə Azərbaycan, nə də Ermənistanın yox, Amerika və Rusiyanın nəzarətindədir”.
Arif HacılıMüsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Ermənistanda vəziyyətin Azərbaycandakına nisbətən fərqli olduğunu düşünür: “Ermənistan hakimiyyəti müxalifətə zaman-zaman divan tutsa da, avtoritar bir rejim yaratsa da, hər halda ən azı demokratiya imitasiyası prosesini davam etdirməkdədir. Orada müxalifətçilərin seçkiləri müşahidə etməsi, seçicilərlə görüşmək, onlara öz proqramını təqdim etmək, televiziyada çıxış etmək, xüsusilə də sərbəst toplaşmaq azadlığı imkanları Azərbaycanda olduğundan fərqli dərəcədə üstündür. Ona görə də Qərbin Ermənistana və Azərbaycana eyni yanaşacağı qənaətində deyiləm”.
A.Hacılı onu da qeyd etdi ki, Ermənistanda müxalifət heç də Azərbaycandakı müxalifət kimi cəmiyyətdə nüfuza malik deyil: “Ermənistandakı minimum imkanlar çərçivəsində bu müxalifətin böyük uğur qazanmaq imkanları yoxdur. İkincisi, Qərbin Ermənistandakı seçkilərdə iştirak edən müxalifətlə bağlı mövqeyinin səbəblərindən biri də bu müxalifətin demokratik qüvvə olmaması ilə bağlıdır. Bu qüvvələr Ermənistan hakimiyyətinin daha çox Rusiya yönlü siyasət yeritməsi şüarları ilə çıxış edir. Bu baxımdan onların Qərbin dəstəyini almaması təbiidir”.
Həsən KərimovAXCP-nin sədr müavini Həsən Kərimov da Qərbin mövqeyi ilə bağlı ümidsiz deyil: “Azərbaycan haqqında Qərbin kifayət qədər sərt mövqeyinin şahidi olmuşuq. Avropa Birliyi, Avropa Şurası və ATƏT-in açıqlamalarından, ABŞ-ın ayrı-ayrı institutlarının mövqeyindən görünür ki, onlar Azərbaycanda demokratik seçkilərin keçirilməsində maraqlıdırlar. Hələlik situasiyanı izləmək lazımdır. Dünyanın düzəni dəyişib. Azərbaycan prezidentinin 2012-ci ildə dünyanın korrupsiya lideri elan edilməsi, həmçinin Azərbaycanda söz və mətbuat azadlığının kifayət qədər pozulmasına, sərbəst toplaşma azadlığının təmin olunmamasına təpkilər göstərir ki, burada seçkilərə maraq Ermənistandan fərqli olacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR