İnsanlara hürriyət, millətlərə istiqlal!

Heroin əməliyyatından üç generalımızın xəbəri olub

17223 17.07.2014 08:55 Gündəm A A

A.Çikaidze deyib ki, narkomafiya heroini Gürcüstandan Türkiyəyə, oradan isə Avropaya daşımağı planlaşdırıb. Lakin aylar öncə planladıqları əməliyyatla bunun qarşısı alınıb. Narkotik maddəni daşıyanlar Gürcüstan DİN əməkdaşları tərəfindən saxlanılıb.
“İstintaq maraqlarından çıxış edərək mən informasiyanın ancaq bir hissəsini açıqlaya bilərəm. 

Bu, əfqan narkotikidir, Gürcüstana İran və Azərbaycan üzərindən daxil olub, buradan isə artıq Avropaya çatdırılmalı idi. Narkotrafikin izinə düşməyimiz bizim əməkdaşların aylarla davam edən işinin nəticəsidir” - deyə, A.Çikaidze bildirib. Nazir əməliyyatda iştirak edən hər kəsə təşəkkür də edib: “Bu, misli görünməmiş haldır və hesab edirəm ki, heç də bütün nazirlər, nazirliklər bu cür iri partiyada narkotikin ələ keçirilməsi ilə fəxr edə bilməzlər”.

Narkotrafikdə iştirak edən digər şəxslərin Gürcüstanda olduğunun mümkünlüyünü deyən A.Çikaidze hazırda istintaq getdiyini, detalların isə yalnız istintaq yekunlaşandan sonra açıqlanacağını bildirib. Daxili işlər naziri narkotikin Azərbaycan sərhədindən “əməliyyat tədbirləri çərçivəsində buraxıldığını” da vurğulayıb.

“Şübhəsiz ki, ABŞ Dövlət Departamentinin 2012-ci il hesabatı ilə müqayisədə vəziyyət dəyişib. Biz narkotiklərlə daha fəal mübarizə aparırıq, fakt ortadadır. Bir neçə səs-küylü işin üstü açılıb” - deyə, A.Çikaidze əlavə edib.

“Yeni Müsavat” Gürcüstan DİN-in hazırladığı əməliyyat planının bəzi detalları haqda məlumat toplayıb. Məlum olub ki, Rusiya xüsusi xidmət orqanlarının da iştirak etdiyi bu əməliyyat daxil olmuş məlumat əsasında bu ilin aprelində hazırlanıb. Əməliyyatın hazırlanmasına Gürcüstanın daxili işlər naziri şəxsən rəhbərlik edib. Bu məqsədlə Aleksandr Çikaidze bu il mayın 13-dən 16-na qədər Azərbaycana səfər edib. Səfər çərçivəsində prezident İlham Əliyevlə, daxili işlər naziri Ramil Usubovla, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə görüşüb. Gürcü nazirin görüşlərinin detalları haqda trend.az-ın yaydığı məlumatlarda antinarkotik əməliyyatının hazırlanması prosesinin hazırlandığını sezmək olur. 

Mayın 14-də daxili işlər naziri Ramil Usubovla görüşən gürcü nazirlə həmkarı arasında narkotiklərin qanunsuz dövriyyəsi haqda sənədlər də imzalanıb. Sitat: “Xüsusilə 2002-ci ilin aprelində Azərbaycan, Gürcüstan və Türkiyə respublikaları arasında terrorçuluq, mütəşəkkil cinayətkarlıq və ağır cinayətlərin digər növlərinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair imzalanmış müqavilə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar səviyyəsində əlaqələrin inkişafına təkan verib. Daxili işlər naziri mövcud problemlərdən də danışmış, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulamışdır”.

Gürcü nazir mayın 15-də Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə, 16-da isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovla da görüşüb. Həmin görüşlər zamanı antinarkotik əməliyyatının detallarının müzakirə edilməsi şübhə doğurmur. Bu halda ortaya sual çıxır - bəs həmin əməliyyatı Azərbaycan hüquq-mühafizə orqanları keçirə bilməzdimi? 

Narkotiklərə qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev AzadlıqRadiosuna deyib ki, Gürcüstanda tutulan 2 ton 790 kiloqramlıq əməliyyat böyük sensasiya doğuracaq bir hadisə deyil: “Bilirsiniz ki, belə əməliyyatlar məxfi və xüsusi agentura şəbəkəsinin qurulması ilə həyata keçirilir. Gürcüstan polisinin uğurla başa çatdırdığı bu əməliyyatda, şübhəsiz ki, Azərbaycan hüquq-mühafizə orqanlarının da rolu var. Fikir vermisinizsə, Gürcüstanın daxili işlər naziri deyib ki, Əfqanıstanda hazırlanan narkotik İrandan Azərbaycana keçib, ordan da Gürcüstana gətirilib, amma Azərbaycan tərəfi bundan məlumatlı olub. Fikrimcə, bir belə narkotik maddəni ələ keçirərkən, Azərbaycanla Gürcüstanın hüquq-mühafizə orqanları mükəmməl əməliyyat gerçəkləşdiriblər”.
Ofis rəhbəri “Azərbaycan hüquq-mühafizə orqanları bu məsələdən xəbərdar olubsa, niyə heroin keçirənlər elə Azərbaycandaca tutulmayıblar” sualını belə cavablandırıb: “Bəlkə də məsələnin siyasi tərəfləri var. Bilirsiniz ki, Gürcüstanda hökumət yenidir və istəyir ki, əhali arasında böyük rəğbət qazansın. Azərbaycan tərəfi həmişə regionda sülhün, əmin-amanlığın tərəfdarıdır. Bu baxımdan ola bilsin ki, qonşu ölkəyə belə bir jest edilib”. 

- Belədirsə, bu, Azərbaycanın imicinə zərər vurmurmu ki, bir-iki qramlıq narkotik maddəni tutduğunu bəyan edən bir ölkə 3 tona yaxın narkotik maddəni niyə tutmayıb?

- Belə düşünmək tam yanlış olardı. Birincisi, Azərbaycanda hər il tonlarla narkotik maddə dövriyyədən çıxarılır. Gürcüstana nəzər yetirsəniz, görəcəksiniz ki, son 5 ildə bu ölkədə heç 300 kiloqramdan çox narkotik maddə aşkarlanmayıb. Amma Azərbaycan son 7 ildə qanunsuz dövriyyədən 10 tondan çox narkotik maddə çıxarıb. Bu baxımdan da mən məntiq və iş tərəfdarıyam. Bəli, Gürcüstanın həyata keçirdiyi bu əməliyyat çox böyük uğurdur və dünyada sensasiya doğuracaq  hadisədir.

- Olmazdımı Azərbaycan bu uğuru öz aktivinə yazaydı?

- Olardı. Amma Azərbaycan hər il qanunsuz dövriyyədən tonlarla narkotik maddə çıxarır və bununla bağlı BMT-yə hesabat verir. BMT-də utanırlar ki, son 5 ildə Ermənistanla Gürcüstanın birgə üzə çıxardığı narkotik maddənin həcmi 1 tondan artıq olmayıb. Ancaq Azərbaycan son 6-7 ildə 10 tondan artıq qeyri-qanuni narkotik maddənin qarşısını alıb. Onu deyim ki, Əfqanıstandan Azərbaycan vasitəsilə Avropaya daşınan narkotik maddənin həcmi də çox böyükdür. Bu baxımdan, hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları çox ayıq-sayıq olmalıdırlar.

- Hüquq-mühafizə orqanları Gürcüstanda saxlanılan narkotik maddə barədə medianın suallarını cavabsız qoyurlar. Milli Təhlükəsizlik Nazirliyi jurnalistləri Dövlət Sərhəd Xidmətinə və Gömrük Komitəsinə yönəldir. Onlar da bu məlumatları mətbuatdan oxuduqlarını deyirlər. Beləcə, külli miqdarda heroinin hansısa bir qüvvə tərəfindən himayə olunmasına şübhələr yaranır...

- Ola bilər. Dolğun məlumat verilməməsi müəyyən şübhələrə yer açır. Amma yenə deyirəm, Gürcüstan tərəfi bildirib ki, bu məsələdə Azərbaycan tərəfinin yardımı olub. Bu o deməkdir ki, Azərbaycan bu məsələdən xəbərdarmış.

- Sizcə, Azərbaycanda belə böyük miqdarda narkotik maddənin keçirilməsini himayə edəcək qurum və ya qrup var?

- Azərbaycanda hər hansı narkomafiyanın, narkoticarətlə məşğul radikal qruplaşmanın olduğuna inanmıram. Amma regional narkomafiyanın əlaltıları var. O əlaltıların toruna bəzi məmurlar da düşə bilər. Bilirsiniz ki, dünyada ikinci ən böyük gəlir narkotik alverindən götürülür. Bu baxımdan o böyük pullarla hansısa məmurun yoldan çıxarılmasına cəhdlər olur. Yəni belə hallar var. Amma Azərbaycanda hansısa narkomafiyanın mövcudluğuna gəlincə, mən buna inanmıram.

- Bəs Gürcüstanda tutulan 3 tona yaxın narkotik maddə məsələsində hansısa məmurun ələ alınmasından da söhbət gedə bilərmi?

- İndi istintaq gedir. Bir də deyirəm ki, bu əməliyyat Azərbaycanın razılığı ilə həyata keçirilib. Digər cinayət işlərinin araşdırılması zamanı bu yanaşmanı da ortalığa qoymaq olar.

Qeyd edək ki, deputat Zahid Oruc heroin qaçaqmalçılığı ilə bağlı “Yeni Müsavat”a müsahibəsində İranı Azərbaycana qarşı narkosavaş açmaqda ittiham edib. Deyib ki, il ərzində tonlarla narkotik maddənin İran sərhədlərindən Azərbaycan ərazisinə keçirilməsi cəhdləri olur və bu, İran xüsusi xidmət orqanlarının nəzarəti ilə baş tutur. Deputatın bu açıqlamasına istinadən söyləmək olar ki, gürcü polisinin keçirdiyi əməliyyatın Azərbaycanda deyil, məhz Gürcüstanda baş tutması rəsmi Bakının İranla toqquşmaq istəməməsindən irəli gəlib.  

“Yeni Müsavat” iyulun 15-də məsələ ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyinə informasiya sorğusu ilə müraciət edib. Həmin sorğuda Gürcüstan DİN-dən aşağıdakı suallara aydınlıq gətirilməsi xahiş olunub: 

- Gürcüstan Daxili İşlər Nazirliyi məsələ ilə bağlı Azərbaycan hökumətinə, hüquq-mühafizə orqanlarına müraciət edibmi? 

- Narkotranziti həyata keçirənin vətəndaşlığı məlumdurmu? 

- Yükün sahibi kimdir? 

- Yük hansı adla rəsmiləşdirilib?

- Azərbaycan ərazisində yükün tranzitlə keçməsini kim təşkil edib? 

- Narkotrafikin arxasında dayanan şəxs və ya şəxslər müəyyən olunubmu? 

Gürcüstan DİN sorğumuzun alınmasını təsdiqləyib və müvafiq şöbənin sorğunu cavablandırılacağı qeyd olunub.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə, gömrük və sərhəd xidməti orqanları maye halında olan, 93 ədəd 30 litrlik çəlləyə doldurulmuş heroinin sərhəddən necə keçdiyinə hələ də aydınlıq gətirməyib. Gürcüstan daxili işlər nazirinin açıqlamasından məlum olur ki, “qara bazar”da dəyəri təxminən 170 milyon dollar olan əfqan mənşəli heroinin ələ keçirilməsi üçün qurulan əməliyyat planında Azərbaycan da iştirak edib və narkotik maddə sərhəddən məhz bu əməliyyat planı çərçivəsində, yəni məqsədli və planlı şəkildə buraxılıb. 

Mövzunu diqqətdə saxlayacağıq.

E.MƏMMƏDƏLİYEV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR