İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda tutulan 3 ton heroinlə bağlı yeni şok təfərrüatlar - araşdırma

25793 15.07.2014 09:00 Gündəm A A

Dünən Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin iclasında Azərbaycanla sərhəddə tutulan 3 ton təmiz heroinə görə DİN-i təbrik edib. Gürcü baş nazir bu əməliyyata görə ölkəsinin Daxili İşlər Nazirliyini alqışlayıb, qurumun rəhbərini nəzərdə tutaraq deyib:


“Çikaidzenin nazirliyi böyük həcmdə narkotik ələ keçirib. Bu cür böyük miqdarda heroini indiyədək nəinki bizim ölkədə, heç qonşu ölkələrdə ələ keçirməmişdilər. Mən bu uğur münasibətilə sizi təbrik edirəm. Bu, bizim ölkənin narkotiklərə qarşı ciddi mübarizə aparmaq iradəsini bir daha əks etdirir”.

Xəbər verildiyi kimi, iyulun 11-də Gürcüstan DİN Azərbaycandan keçib Türkiyəyə gedən yük maşınına baxış zamanı 2 ton 790 kiloqram təmiz heroin aşkar edib. Heroin saflaşdırılıb və maye halda olub. 

O, 93 ədəd 30 litrlik maye sabun çəlləklərində qablaşdırılıb. Ekspertiza müəyyən edib ki, ələ keçirilmiş narkotik maddə 80 faiz saflaşdırılmış təmiz heroindən ibarətdir və bazar dəyəri yüz milyonlarla dollardır. İşlə bağlı iki Gürcüstan vətəndaşı saxlanılıb. “Turan” bildirir ki, narkotik maddə Azərbaycanın məşhur boya şirkəti "FAB"ın istehsalı olan boya adı altında qablaşdırılıb. Həmçinin narkotiki daşıyan yük maşınının üstündə "FAB" boyasının təsviri ilə böyük reklam yer alıb.

Azərbaycan tərəfi isə 3 ton təmiz heroinin ölkə ərazisindən keçib Gürcüstana necə daxil olduğuna şərh vermir.  MTN-in ictimaiyyətlə əlaqələr şöbəsindən deyiblər ki, bu məsələ barədə Gömrük Xidmətinə, Sərhəd Xidmətinə müraciət etmək lazımdır. Öz növbəsində Gömrük Xidməti, DİN və Baş Prokurorluq da qalmaqalı şərh etməyib. 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin rəhbəri Elxan Nağıyev məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşının suallarını cavablandırıb. Deyib ki, Gürcüstan DİN-in keçirdiyi əməliyyat haqda məlumatlıdır: “Bizdə əlavə hansısa məlumat yoxdur. Elə bir şey də ola bilməz”. 

- Yəni Gürcüstan DİN-in Azərbaycan ərazisindən keçirilən 2 ton 790 kiloqram narkotik tutması xəbəri düz deyil?


- Yox. Yəni bizdə belə bir məlumat yoxdur.

- Siz rəhbəri olduğunuz mətbuat xidmətini nəzərdə tutursuz, yoxsa ümumiyyətlə Dövlət Sərhəd Xidmətini? 

- Mətbuat xidmətində bu haqda məlumat yoxdur.

- Sizin məsələ ilə bağlı dəqiqləşdirmə aparmaq imkanınız var? 

- Əgər elə bir şey varsa, bizim də məlumatımız olur. Yəni bizdə belə bir məlumat yoxdur.

- Gürcüstan Daxili İşlər Nazirliyi rəsmi məlumat yayır ki, Azərbaycan sərhədlərini aşan 2 ton 790 kiloqram heroin Gürcüstanda tutulub. Bundan sonra Dövlət Sərhəd Xidmətinin rəhbərliyi həmin avtomaşının keçdiyi sərhədlərimizdə xidmət aparan əməkdaşların fəaliyyətinin yoxlanılmasına qərar verib? 

- Sərhəddən keçə bilməz axı. 

- Bəs Gürcüstan DİN niyə rəsmi məlumatda belə yazır? Elə yazaydılar ki, həmin tonlarla heroin Azərbaycanın hava sərhədlərini pozmaqla və ya Dağlıq Qarabağdakı nəzarətsiz ərazilərdən keçirməklə Gürcüstana daşınıb. 

- Sərhəd haqda qanunlar, ölkələrarası müqavilələr var. Həmin yük, siz dediyiniz kimi, sərhəddən keçirilib və tutulub. Azərbaycanın müqaviləsi olduğu ölkələrlə belə bir razılaşması var ki, başqa bir ölkənin hər hansı bir yük maşınında daşınan yüklər Azərbaycan Respublikasının ərazisindən tranzit olaraq ağzı bağlı və möhürlənmiş şəkildə keçib gedə bilər. Dövlət Sərhəd Xidmətinin əməkdaşları, sərhədçilər möhürü açıb maşınların yükünə baxa bilməzlər. Yüklərə baxış keçirir Dövlət Gömrük Komitəsi. Fikir verdinizsə, Gürcüstan Daxili İşlər Nazirliyi rəsmi məlumatda yazır ki, yük sərhəddən yox, sərhəd nəzarət məntəqəsindən keçib və içindən həmin narkotik çıxıb. Azərbaycan sərhədçisi ölkədən tranzit olaraq keçən və yaxud sərhəddən möhürlü olaraq keçən avtomaşının möhürünü açıb onun içini yoxlamaq səlahiyyətinə malik deyil. Həmin yükün möhürünü yalnız hansı ölkədə açılmalıdırsa, həmin ölkənin nümayəndəsi aça bilər. Yəni yükün təyinat ölkəsində açılmalıdır. Amma bu o demək deyil Azərbaycan ərazisindən narkotik keçib gedib Gürcüstana. Gün ərzində Azərbaycan ərazisindən minlərlə elə TİR (ağır tonnajlı yük maşını-E.M) keçir və daşıdıqları yük möhürlü olur. Məsələn, İrandan yüklər Azərbaycandan keçməklə Rusiyaya, Ukraynaya və digər ölkələrə gedir. Ölkəyə yük necə möhürlü daxil olursa, elə də çıxır. Sərhədçi başqa ölkələrə məxsus yüklərə baxış keçirə bilməz axı. 

- Dövlət Sərhəd Xidmətinin sərəncamında ölkə ərazisindən daşınan yüklərə nəzarət etmək üçün, onların tərkibini müəyyən etmək üçün vasitələr var. Narkotiki qapalı yerlərdə müəyyən edən xüsusi öyrədilmiş itlər, rentgen aparatları da sərhədçilərin sərəncamındadır. Belə olduğu halda həmin yük sərhədçilərin diqqətindən necə yayına bilərdi?   

- İtlər də, rentgen aparatları da var. Amma siz nəzərdə tutun ki, 3 ton narkotik keçirənlər bütün bunları yəqin ki, nəzərə alıb. Həmin adam yəqin ki, küçədən keçən adam deyil. Bu dəqiqə bu məsələnin üzərində araşdırma aparılır. Yenə də deyirəm, sərhəddən keçid olmur, gömrükdən keçid olur. Yəni həmin yük gömrük postundan keçib. Orada sərhədçinin işi həmin o rentgen aparatını-filanı istifadə etmək deyil. Sərhədçi dövlət sərhədini mühafizə edir.  
  
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə israrlı zənglərimiz cavabsız qaldı. 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına da sorğu ilə müraciət etdik. Bu quruma müraciətimiz təsadüfi deyil. Qurumun əsasnaməsinin 2.1-ci bəndində yazılıb: “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əsas vəzifələri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən, bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarətdir.

- Başlıca məqsədi bu sahədə dövlət siyasətini həyata keçirməli olan qurum rəsmilərinin baş vermiş məsələyə münasibəti necədir?  


- Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupuna ötən ayın 2-də sədr əvəzi, 30-da isə sədr təyin olunan Fəqan Şahverdiyev deyib ki, Azərbaycan ərazisindən 3 ton heroin daşınması haqda mətbuat vasitəsi ilə xəbər tutublar: “Məsələ haqda məlumatımız mətbuatda yazılanlar qədərdir. Yaxşı olardı ki, bu məsələ ilə bağlı aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edəsiniz. Bununla bağlı əlimizdə geniş məlumat yoxdur ki,  sizinlə bölüşək”.

- Konkret olaraq hansı quruma müraciət edək? 

- Hüquq mühafizə orqanlarına, sırf Dövlət Sərhəd Xidmətinə, xüsusilə Dövlət Gömrük Komitəsinə müraciət olunmalıdır.

- Yayılan məlumatlardan bəlli olur ki, həmin narkotik daşıyan maşın İran ərazisindən sərhədi keçib Azərbaycan ərazisinə daxil olub və ölkəmizin Gürcüstanla olan sərhədini keçməklə...

- Bizdə olan məlumat sizdə olan qədərdir, dedim axı! Saytınızdakı və başqa saytlardakı məlumatla tanışıq, bundan başqa məlumatımız yoxdur. 

- Ümumiyyətlə, Dövlət Komissiyasının rəhbəri olduğunuz işçi qrupunun funksiyası, fəaliyyəti nədən ibarətdir? 

- Dövlət Komissiyasının işçi qrupu cənab prezidentin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı təsdiqlədiyi  proqramdan irəli gələn qurumlararası əlaqələndirmə, statistik məlumatların toplanılması və rəhbərliyə məruzə olunması, dövlət proqramının icrasına nəzarət edir. 

- 2 ton 790 kiloqram heroinlə yüklənmiş avtomaşın Azərbaycanın bir sərhədindən daxil olur, o biri sərhədindən başqa ölkəyə gedir. Necə hesab edirsiniz, bu, nəzarətsizliyin göstəricisidir, yoxsa? 

- Mən şərh verə bilmərəm. Fakt təsdiqini taparsa nəsə demək olar.

- Gürcüstan Daxili İşlər Nazirliyinin bu haqda rəsmi məlumatı var. Orada yazılanlar yalandır? 

- Demirəm ki, o məlumat yalandır. O məlumatdan məlumatın var, yoxdur, bunu da demirəm. Ancaq o məlumat haqda məlumatımız yoxdur. 

- Dövlət komissiyasının işçi qrupuna yad şəxslərin daxil edilməsi haqda məlumatlar var. Razısız bu fikirlə? 

- Mən 4 ildir ki, işçi qrupunda işləyirəm. 

- Buna qədər harada çalışmısınız? 

- Qaradağ Rayon İcra Hakimiyyətində hüquq şöbəsində çalışmışam. 2010-cu ildən burada işləyirəm. Kim qərar verir ki, komissiyada yad şəxslər çalışır?

- Boşluq olması belə fikirlərin, qənaətlərin ortaya çıxmasına səbəb olur. 

- İşçi qrupunda boşluq yoxdur. Tam olaraq narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət siyasətinə nəzarət olunur. Bu sahədə sayca 4-cü dövlət proqramı uğurla icra olunur. 

- Belə məlumatlar da var ki, Dövlət Komissiyası ölkədə narkotiklərin qanunsuz dövriyyəsi haqda hər 3 aydan bir olmaqla ildə 4 dəfə prezidentə hesabat verməlidir. Amma bu hesabatlar ildə 1 dəfə, özü də yarımçıq təqdim olunur.

- Dövlət Komissiyasının saytı var və orada yeni məlumatlar yerləşdirilir.  

- Narkotiklərlə mübarizə aparmalı olan qurumlara Dövlət Komissiyasının nəzarət məsələsinə bir də qayıdaq. 

- Dedim axı, aidiyyəti qurumlara müraciət edin.

- Deyirsiniz ki...

- Nahar zamanıdır, çıxırdım, sizə dedim ki, nə yeni məlumatlar var, bizim saytda olur.

- Gürcüstana Azərbaycandan keçirilməklə 2 ton 790 kiloqram narkotikin daşınması haqda saytınızda məlumat yerləşdirmisiniz? 

- Yox. Əlimizdə tam, dolğun məlumat olandan sonra yerləşdirərik.

- Gürcüstan DİN əməliyyatı iyulun 11-də keçirib və həmin gün də rəsmi məlumat yayıb. Bu məlumatı alandan sonra Azərbaycan tərəfi hansı tədbir görüb? 

- Dedim axı, aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edin. 

- Bu sahədə dövlət siyasətinin icra olunmasına nəzarət edən qurum kimi sizdə hər hansı bir hərəkətlilik olmayıbmı? 

- Bu məsələdən irəli gələn məsələlərlə bağlı aidiyyəti üzrə göstərişlər olur, o göstərişlər də icra olunur. Tam olaraq sizə məlumat verə bilmərəm. 
  
- Dövlət Komissiyasının sədri Əli Həsənov bu yaxınlarda...

- Cənab sədrə müraciət edin, açıqlama vermək onun səlahiyyətindədir.

“Yeni Müsavat” əməkdaşı “FAB” şirkəti ilə əlaqə saxlayaraq yüklərin şirkətə məxsus maşında və qablarda daşınmasına münasibət öyrənməyə çalışıb. Sorğumuza cavab veriləcəyi bildirilib. Həmin cavab redaksiyamıza təqdim ediləcəyi halda yayımlayacağıq.
Mövzuya qayıdacağıq.

E.MƏMMƏDƏLİYEV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR