İnsanlara hürriyət, millətlərə istiqlal!

Girovlarımızdan birinin öldürüldüyü təsdiqləndi

5754 25.07.2014 08:50 Gündəm A A


BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşlarının ailə üzvlərinin srağagün komitənin binası qarşısında keçirdiyi etiraz aksiyasına münasibət bildirərkən deyib ki,  komitə girov ailələrinin öz yaxınlarının taleyi ilə maraqlanmasına normal yanaşır: “Amma onların BQXK-nın binası qarşısında etiraz aksiyası keçirmələrinin bizim işimizə heç bir təsiri yoxdur. Ailələrin bizim nümayəndəliyin qarşısında yığışıb-yığışmaması bizim həmin işlə məşğul olmağımızın sürətini nə azaldır, nə də artırır. Çünki biz onsuz da öhdəmizdə olan, əlimizdən gələn hər bir şeyi edirik”. O, modern.az saytına açıqlamasında girovlarla bağlı BQXK-nın hələ ki hər hansı açıqlama verməyəcəyini də qeyd edib.

Girovlarla görüşülüb-görüşülməmə məsələsinə gəldikdə, İ. Hüseynova hər zamankı kimi “dialoqlar davam etdirilir”, deməklə kifayətlənib və əlavə açıqlama verə bilməyəcəyini söyləyib. Burdan isə belə nəticə çıxır ki, iyul ayının əvvəllərindən girov götürülən vətəndaşlarımıza işgəncələr verilir və elə bu səbəbdən də BQXK-nın nümayəndələrinin  onlarla görüşünə icazə verilmir.  Girovların ailələri isə nigarandır.

Dünən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi  onlarla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılarla bağlı ilk gündən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə bir neçə dəfə görüş keçirilib və girov götürülmüş şəxslərin taleyi ilə bağlı heç bir məlumatın olmadığından Azərbaycan tərəfinin narahatlığı qarşı tərəfin diqqətinə çatdırılıb:

“Bununla yanaşı, girov götürülmüş şəxslərlə bağlı hər hansı bir məlumatın əldə edilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə intensiv iş aparmalarının zəruriliyi  diqqətə çatdırılıb. Bütün bunların nəticəsi kimi Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bir neçə fotolar əldə edilib və həmin fotolarda girov götürülmüş şəxslərdən biri olan və ermənilər tərəfindən öldürüldüyü ehtimal olunan Həsən Həsənovun olduğu bildirilib. Bununla əlaqədar olaraq ailə üzvləri, qohumları həmin fotolarla tanış olub və həmin şəxsin Həsən Həsənov olduğu təsdiq edilib. Eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən cəsədin qaytarılması ilə bağlı danışıqlar aparılıb, lakin onlara bildiriblər ki, cəsədin həmin şəxsə aid olduğunu dəqiqləşdirmək üçün əlavə köməkedici identifikasiya materiallarına ehtiyac var.

Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov, Şahbaz Quliyevlə görüşün təşkil olunması və Həsən Həsənovun cəsədinin qaytarılması ilə bağlı görülən işlər gündəlik ölkə prezidenti cənab İlham Əliyevin nəzarətindədir. Əlavə məlumat olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək”.

Həmçinin ermənilərin Kəlbəcərdə girov götürdükləri vətəndaşlarımızın yeni videosu yayılıb. Video Dilqəm Əsgərovun 2009-cu ildə Kəlbəcərə növbəti ziyarətlərinin birində qeydə alınıb. Görüntülərdə D.Əsgərov Şahbaz Quliyevin onu tək qoymayıb, Rusiyadan gəldiyi üçün xoşbəxt olduğunu deyir: “O, məni Tayqadan bəri tək qoymadı. Mənimlə bərabər Kəlbəcəri ziyarət etməyə gəldi”. 

D. Əsgərov eyni zamanda Kəlbəcərin onun üçün ikinci Məkkə olduğunu və iki ildir bura gəlib-getdiyini deyib. 

H. Həsənovun ölüm xəbəri təsdiqləndikdən sonra isə onun atası Fərman Həsənovun vəziyyəti pisləşib. Bu barədə  ailənin yaxınları məlumat verib. Məlumatda bildirilir ki, həkimlər Fərman Həsənovun tam sakit şəkildə saxlanılmasını məsləhət görüblər. Ailə üzvləri isə Həsənlə bağlı danışmaq istəmir və  onun hələ  də sağ olduğuna dair ümidlərini itirmirlər.

ATƏT Parlament Assambleyasındakı Azərbaycan  nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova isə bildirib ki, ayrı-ayrı dövlətlərin parlamentlərinə girovların geri qaytarılması ilə bağlı müraciət ünvanlamağı məqsədəuyğun hesab etmir: “Onu da nəzərə almaq lazımdır ki, indi yay aylarıdır. Avropada da bu vaxtlar istirahətə xüsusi dəyər verirlər. Avropalı deputatlar da tətildədir. Bu səbəbdən parlamentin adından bu və ya digər məsələyə münasibət bildirilməsini istəmək hesab edirəm ki, doğru olmaz. Bunu etsək belə, müvafiq cavabı ala bilməyəcəyik”

B.Muradova bu məsələ ilə bağlı ATƏT PA-nın prezidentinə ünvanladığı məktubdan da danışıb: “Bildiyiniz kimi, ATƏT Parlament Assambleyasının prezidenti İllka Kanevraya məktubla  müraciət ünvanladım, təəssüf ki, indiyə qədər konstruktiv cavab almamışam.  Hələlik gözləyirik.  Əslində  həm  ATƏT PA-nın prezidentinə, həm ATƏT-in Minsk Qrupuna, onun həmsədrlərinə ünvanlanan məktubu ATƏT üzvü olan dövlətlərin parlamentlərinə yönəlmiş müraciət kimi də qəbul etmək olar. Bu, həm baş katibliyə, həm də prezidentin ünvanına daxil olub və mətbuatda da bu məsələ işıqlanıb. Ona görə də bunu bütün ATƏT üzvü olan ölkələrə göndərilən müraciət kimi də qəbul etmək olar”.

Röya RƏFİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR