İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat atəş altındakı Əlibəylidəki son durumdan danışdı

2851 30.07.2014 08:25 Gündəm A A


Əlibəylidəki vəziyyətlə bağlı deputat Qənirə Paşayeva ilə söhbətləşdik. Tovuzdan millət vəkili seçilən Q.Paşayeva rayondan iyulun 29-da səhər saatlarında qayıtdığını bildirdi. 

- Bizim üçün önəmli bayramlarda - Novruzda, Ramazanda Ermənistan silahlı qüvvələri sırf mülki vətəndaşları, onların evlərini hədəfə alır. Bu, həmişə belə olub. Özəlliklə çox təəssüf edirik ki, ermənilər mülki vətəndaşlara qarşı belə hərəkətlər etməklə insanlıqdan kənar əməllər törətmiş olurlar. Təbii ki, bizim Tovuz istiqamətində böyük bir ön cəbhəmiz var və bu ön cəbhə çox yaxşı qorunur. Düşmən qeyri-insani hərəkətlərə əl ataraq uzaq vuran silahlarla məhz mülki vətəndaşları, onların evlərini hədəfə alır. Bu da bütün beynəlxalq konvensiyalara, beynəlxalq hüquq normalarına ziddir. Amma çox təəssüf ki, Ermənistanın, onun silahlı qüvvələrinin bu kimi insanlıqdan kənar davranışları beynəlxalq təşkilatlar, özəlliklə münaqişənin tənzimlənməsində rol alan ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən ciddi şəkildə pislənilmir. 

Bizim gözlədiyimiz odur ki, Ermənistana bununla bağlı ciddi şəkildə təzyiq göstərilməlidir. Mülki vətəndaşların, onların evlərinin hədəf alınması yolverilməzdir. Çox təəssüf ki, beynəlxalq təşkilatların, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti qaneedici səviyyədə deyil. Həmsədrlər belə məsələlərdə susqunluq nümayiş etdirirlər və ya ümumi, heç bir təsiri olmayan bəyanatlar, açıqlamalar verməklə kifayətlənirlər. Ermənistana təzyiq və təsir göstərmək yoxdur. Ermənistan belə qeyri-insani addımlarla mülki vətəndaşları narahat etməyə, gərginlik yaratmağa, təmas xəttində yaşayan vətəndaşlarımızın yurd-yuvalarından çıxmalarına nail olmaq istəyir. Müharibənin ən gərgin vaxtlarında həmin evlərdə yaşayıb müdafiə olunan sakinlər ordumuzla bərabər olub. Heç vaxt bir evi belə tərk etməyiblər.   

- Hər dəfə Ermənistan silahlı qüvvələrinin hücumu olanda ortaya belə iddia çıxır ki, Azərbaycan tərəfi susur və ya adekvat cavab vermir. Bu baxımdan Əlibəylidə vəziyyət necədir?

Azərbaycanlı gənc evinin içində erməni gülləsindən yaralanır, beynəlxalq təşkilatların birindən səs çıxmır” 


- Tovuzdan yenicə qayıtmışam. Əlibəyli cəbhəsindən ermənilərə gərəkən cavab verildi! Düşmənin bunu etiraf edən açıqlamaları da olur. Mən ön cəbhədə olub hərbçilərlə söhbət etmişəm. Düşmənə layiqli cavab verilir. Bizim Tovuz istiqamətində ciddi itkilərimiz yoxdur. Düşmən mülki insanları vurmaqla gərginliyi artırmağa can atır. Vurulan insanlara baxın. Birini evinin qarşısında, o birini isə evinin içində vurublar. Bizim insanlar bunu dərk edəcək düşüncədədir. Çünki illərdir ki, insanlarımız Ermənistanın bu kimi təxribatlarının arxasında duran məqsədlərini çox yaxşı bilirlər.  Birmənalı şəkildə deyirəm ki, bizim ordumuz, hərbçilərimiz düşmənə ən layiqli şəkildə cavab verirlər.  

- Tovuz istiqamətinə əlavə hərbi qüvvə yığılırmı? 

- İstənilən qədər qüvvə var. Möhkəmləndirilmə mütəmadi şəkildə davam etdirilir. Hazırda bəzi ailələrimizin, onların yaşadığı evlərin qorunması istiqamətində də işlər görülür. 

- Təmas xəttində yaşayan sakinlərin evlərinin vurulmasının qarşısının alınması üçün tədbirləri bir qədər də sürətləndirmək olmazmı? 

- Belə tədbirlər görülür və görüləcək. Bəzi evlərimiz var ki, onları müxtəlif çaplı silahlarla düşmən hədəf ala bilir. Evləri düşmən gülləsindən qoruyan divarların tikilməsi istiqamətində də işlərin həcmi artırılır. Bu istiqamətdə Qırmızı Xaç Komitəsi ilə birgə işlər həyata keçirilir. Hansı evlər ki, mütəmadi olaraq hədəf alınır, həmin evlərin qoruyucu divarlarla düşmən gülləsindən yayındırılması üçün tədbirlər həyata keçirilir. Belə tədbirlər artmalıdır. Çünki düşmən sadə insanlara - uşaqlara, qocalara, qadınlara atəş açmaq kimi qeyri-insani xislətindən əl çəkə bilmir. Ordumuz insanlarımızı ən yüksək səviyyədə qoruyur, amma insanlarımızın düşmən tərəfindən hansısa istiqamətdən hədəf alınmasının qarşısını tamamilə alınması üçün belə qoruyucu divarların sayı artmalıdır.

- Həmin insanları cəbhə xəttindən çıxarmaq, başqa yerə məskunlaşdırmaq planı varmı? 

- Düşmənin istədiyi də budur ki, kəndlərimiz boşalsın. Amma o kəndlər müharibənin ən qızğın, ən ağrılı-acılı günlərini yaşayıb. Heç vaxt evlərindən  çıxmayıb, geri çəkilməyiblər. Bu gün isə bütün o cəbhədə bizim ordumuz var. Təmas xəttindəki evlərimizin qarşısında bizim əsgərlərimiz var. İnsanlarımızın oradan köçməsi düşmənin arzusu, istəyidir. Biz buna imkan verməməliyik. İndiyədək təmas xəttində yaşayan bir kimsədən “biz buradan köçmək istəyirik” sözlərini eşitməmişəm. Həmin insanlar müharibənin ən qızğın vaxtında evlərini tərk edib düşməni sevindirməyiblər. Düşmənin əlindəki yüksəklikdən istifadə edərək qeyri-insani xislətini ortaya qoyması da heç nəyi dəyişmir. Təmas xəttindəki qoruyucu divarların inşası vətəndaşlarımızın hədəfə alınmasının qarşısını alacaq. Xatırladım ki, iyulun 26-da düşmən tərəfindən açılan atəş nəticəsində Tovuzun Əlibəyli kəndinin iki sakini, 1997-ci il təvəllüdlü Fərid Nəbi oğlu Məmmədov və 1962-ci il təvəllüdlü Anya Qara qızı Ələkbərova yaralanıblar. Fərid evinin içində erməni gülləsindən ağır şəkildə yaralanıb. Bu gəncin evinin içində erməni gülləsindən yaralanmasına görə bir beynəlxalq təşkilatdan səs çıxmadı, bəyanat vermədilər. 

E.MƏMMƏDƏLİYEV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR