İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş Prokurorluq və MTN-in Leyla Yunusun həbsi ilə bağlı açıqlaması - şok erməni adları

18005 01.08.2014 08:05 Gündəm A A

Xəbər verildiyi kimi, iyulun 30-da Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunus həbs edilib. SDİ rəhbəri barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçildi. O, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. Hüquq müdafiəçisinin həyat yoldaşı Arif Yunusdan isə ölkədən çıxmamaqla bağlı iltizam alınıb.
Leyla Yunus CM-nin  274 (dövlətə xəyanət), 178 (dələduzluq), 192-ci (qanunsuz sahibkarlıq) və 213-cü (vergidən yayınma)  maddələri ilə ittiham olunur. Arif Yunus isə 274 və 178 maddələri ilə təqsirləndirilir. Çoxları Yunusovlar ailəsinə qarşı bu cür sərt ittihamların irəli sürülməsinə səbəb kimi, son zamanlarda Leyla Yunusun ölkə prezidentinin ünvanına tənqidi fikirlər söyləməsi, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Yay oyunlarını boykot etməsi amilinin olduğunu iddia edirlər. 

Leyla Yunus əvvəlcə 11:45-də yaşadığı binanın önündən həbs olunaraq, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə gətirilib. Axşam saatlarında isə barəsində həbs-qətimkan tədbiri seçilmək üçün məhkəməyə aparılıb. Hüquq müdafiəçisinin dindirilmə və məhkəməsi təxminən 10 saata yaxın çəkib. Bu müddət ərzində həbsindən daha çox, onun meydanda tək qalması diqqəti çəkdi. Belə ki, məhkəmə önündə nə müxalifət partiyalarının liderləri, nə hüquq müdafiəçiləri gözə dəydi. 
***
Müsavat başqanının müavini Gülağa Aslanlı hesab edir ki, Leyla Yunusa dəstək verilməməsi iddiası reallığı əks etdirmir: “Leyla Yunus istintaqda olarkən, Müsavat rəhbərliyi bu məsələni qərargahda müzakirə etdi. Onun məhkəməyə aparılacağı barədə dəqiq məlumat yox idi. Bu baxımdan siyasilərin məhkəmə önünə gəlməməsi ilə bağlı səsləndirilən fikirlər düzgün deyil. Partiyamız Leyla Yunusun həbsindən əvvəl öz etirazını bildirdi. Bu barədə bəyanatda verib. Əgər məhkəmənin zamanı məlum olsaydı, partiya rəhbərliyinin və üzvlər ora getməsi mümkün idi. İlk olaraq, bəyanat verməyimiz onu göstərir ki, Müsavat Partiyası təkcə Leyla Yunusu deyil, bütün hüquqları pozulmuş vətəndaşları müdafiə edir”.
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə insanların Leyla Yunusun həbs ediləcəyinə inanmadığı səbəbindən məhkəmə önünə gəlmədiklərini bildirdi: “Heç kəsin ağlına gəlmirdi ki, Leyla Yunus barədə həbs qərarı verilə. Düşünürdük ki, dindiriləndən sonra buraxılacaq. Təəssüf ki, ümidlərimiz və gözləntilərimiz doğrulmadı. Məhkəmə onun haqqında həbs-qətimkan tədbiri seçdi. Bundan sonra hüquqlarının müdafiəsi istiqamətində lazımı addımları atacağıq”.

Deputat bu məsələni Milli Məclisdə qaldıracağını da qeyd etdi: “Arzu edirəm ki, Leyla xanım oktyabra qədər azad olunsun. Bildiyimiz kimi, parlament oktyabrda fəaliyyətə başlayacaq. O dövrə qədər proseslər davam etsə, bu məsələni parlamentdə qaldıracağam. İndiyə qədər haqqı tapdalanan hər kəsin hüquqlarını Milli Məclisdə müdafiə etmişik. Bu həbsi birmənalı olaraq, qətiyyətlə pisləyirəm. Vətənə xəyanət maddəsi olduqca ağırdır. Bu ağır ittihamlara baxmayaraq, cəmiyyət Leyla Yunusu kifayət qədər tanıyır və müdafiə edir. Onun barəsində verilən məlumat bu qədər bəsit və istintaq sirri kimi dəyərləndirilməsi düzgün deyil. Sübutlar varsa, açıq mövqe qoyulmalı idi. Təəssüf ki, bu barədə dəqiq məlumat cəmiyyətdə yoxdur. Fikrimcə, Leyla Yunusun həbsi qərəzli, sifarişlə olan bir həbsdir”.

Milli Şuranın Sədr Aparatının üzvü Yeganə Hacıyeva Leyla Yunusa dəstək verilməməsindən təəssüfləndiyini bildirdi: “Məndə hətta təəssürat yarandı ki, sanki cəmiyyət ya bu həbsdən xəbərsizdir, ya da bu həbsin nə demək olduğu haqqında fikirləşmir. Leyla Yunus sovetlər dövründən ölkədə və xaricdə tanınmış hüquq müdafiəçisidir və onun həbsi hüquq müdafiəçiliyi institutunun çökdürülməsinin son akkordları idi. Çoxluğun məhkəmə önündə olmamasının izahını verməyə, doğrusu, çətinlik çəkirəm və bunu görmək üzücü idi. Çünki bu ölkədə siyasi baxışından asılı olmayaraq günahsız həbs edilən hər bir şəxs onun dəstəyini hiss etmişdi. Siyasi məhbuslar, evləri sökülmüş vətəndaşlar, etnik icmaların nümayəndələri, jurnalistlər, inanclı kəsimin nümayəndələri və digərləri. Hesab edirəm ki, icmalar, onların ətrafı, evləri sökülmüş adamlar, siyasi partiyalar, inanclı kəsimin nümayəndələrinin məhkəmə önündə olması onların bir formada mənəvi borcu idi. Təəssüf ki, bu belə olmadı. Ümumiyyətlə isə Azərbaycanda siyasi quruluşlar fəaliyyətini bəyanat vermək və ondan uzağa getməmək tendensiyası ilə davam etdirməsi uzun illərdir, mövcuddur. Bu, kökündən yanlış siyasətdir. Bəyanatın ardınca mütləq müəyyən bir aktivlik olmalıdır”.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev məhkəmə önünə gəlməklə dəstək olmağın mənasız olduğunu söylədi: “Məhkəmə önünə gəlməklə həmrəylik göstərmək olardı. İndiyə qədər dəfələrlə belə hallar olub. Amma heç bir təsiri olmayıb. Leyla Yunusun məhkəməsinin zamanında belə tərəddüdlər çox idi. Qəflətən baş verən bir qərar idi. Hüquqi cəhətdən müdafiə etmək lazımdır. Məhkəmə prosesləri başlayan zaman  inanıram ki, tanınmış insanların çoxu ona dəstək olacaq. Onunla bağlı ilk dəfə istintaq başlayanda da az sayda tanınmış şəxslər dəstək oldu. Təəssüf ki, cəmiyyətin böyük hissəsi hakimiyyətlə anlaşıb. Bu baxımdan dəstək olmaqdan çəkinir. Amma biz indiyə qədər necə dəstək olmuşuqsa, bundan sonra da o istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.

Mehman Əliyev bu həbs dalğasının böyüməsi ehtimalının olacağını düşünür: “Hazırda böyük həbs dalğası var. Bu baxımdan hər şey ola bilər. Çünki biz hüquqi dövlət deyilik. Özbaşınalıq baş alıb gedir. Hakimiyyət nə istəyirsə, onu da edir.  Aktiv adamların sıradan çıxarılması prosesi davam edir. Hesab etmirəm ki, bu proses Leyla Yunusla bitəcək. Bunun davamı olacaq”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu məhkəmə önünə getməmələrinin səbəbləri barədə bunları dedi: “Dünən gecə səhərə qədər yatmamışam. Həqiqətən çox pis oldum. Çünki Leyla xanım xəstədir. Ağır əməliyyat keçirib. Ürəyim ağrıdı ki, Leylanı həbs ediblər. Sadəcə, vaxtilə onun Ramil Usubovla davası var idi. Biz Ramil müəllimin qəbuluna getdik. Xahiş etdikdən sonra, o işi bağladılar. Bundan sonra Leyla xanım çıxış etdi ki, onların müdafiəsində lüzum görmürəm, məni müdafiə etməsinlər. Bütün bunlara baxmayaraq, ona verilən 3 ay cəza bizi üzdü. İnanmıram ki, Leyla Yunus vətən xainidir. Hamımızı yoxlasaq, qüsur tapmaq olar. Qrant məsələlərində. İstintaq bitmədən bu cür qərar vermək düzgün deyil. Ev dustağı etmək mümkün idi. İstəmərəm ki, o, həbsxanada olsun. Onu sona qədər müdafiə edəcəm. O, müdafiəsindən imtina etsə belə, biz yenə öz borcumuzdan çıxıb, müdafiəmizi quracağıq. Çünki 20 ildir, bu şərəfli adı daşımışıq. Bütün metodlardan istifadə edəcəyik. Hökumətlə belə danışıqlara gedəcəyik. Əlimizdən gələni edəcəyik ki, Leyla Yunus həbsxanada qalmasın”.
***
Leyla Yunusun vəkili Cavad Cavadov “Yeni Müsavat”a açıqlamasında məhkəmə qərarı ilə bağlı apelyasiya şikayətləri hazırladıqlarını bildirib: “Məhkəmə qərarında Leyla Yunusun Bakı İstintaq Təcridxanasına aparılması qeyd olunub. Bugünlərdə onunla görüşəcəyik. Hazırda məhkəmə qərarından apelyasiya şikayəti hazırlayırıq”.

Leyla və Arif Yunusların qızı Dinara Yunusova BMT-nin insan haqları üzrə xüsusi məruzəçisinə, demokratik ölkələrin prezidentlərinə, beynəlxalq hüquq müdafiə təşkilatlarına və valideynlərinin həmkarlarına məktubla müraciət edib. O, beynəlxalq təşkilatları valideynlərinə dəstək olmağa çağırıb: “Mənim valideynlərim - Leyla və Arif Yunusun azadlıqlarına təhlükə yaranıb. Onlar ağır cinayətlərdə ittiham olunur, o cümlədən vətənə xəyanətdə. Bu ittihamlar sifarişli səciyyə daşıyır. Son 30 ildə valideynlərimin fəaliyyəti Azərbaycan Konstitusiyası çərçivəsində insan hüquqları və azadlıqlarına həsr olunub. Onlar siyasi məhbuslar, işgəncələr, Qarabağ münaqişəsi ilə bağlı fəal mövqe tutub və bu prosesdə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin prinsiplərinə əsaslanıblar.

Mən hakimiyyətlərin azad və müstəqil hüquq müdafiəçilərinə dözümsüz yanaşdığı ölkələrdə demokratik dəyərlərə səs verən hər kəsə çağırış edirəm. İnanıram ki, yalnız demokratik  qüvvələri dəstəkləməklə mənim ana və atama qarşı olan ittihamların ləğvinə təsir etmək olar".
***
İyulun 31-də Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi (MTN) Leyla Yunusun həbsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: “Azərbaycan Respublikasının(AR) vətəndaşı Mirqədirov Rauf Həbibula oğlunun 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanının əməkdaşlarına qəsdən kömək edərək casusluğu ilə dövlətə xəyanət etməsinə əsaslı şübhələr olduğundan onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Müəyyən edilib ki, Leyla Yunus 2002-ci ildən etibarən təsisçisi və sədri olduğu, “Sülh və Demokratiya İnstitutu” adlı qurumla Şahnazaryan David Qurgenoviç, Baqdasaryan Laura Seyranovna və digərləri ilə birlikdə Ermənistanın “Region” Tədqiqatlar Mərkəzi və digər qeyri-hökumət təşkilatları arasında “xalq diplomatiyası” üzrə birgə layihələrin həyata keçirilməsi adı altında beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri, eləcə də Karen Ohacanyan tərəfindən Böyük Britaniyadakı bankdan 2002-ci ildə, Ermənistanda fəaliyyət göstərən “Jurnalist Araşdırmaları” qeyri-hökumət təşkilatı tərəfindən isə Yerevan şəhərindəki bankdan 2004-cü ilin iyulundan 2005-ci ilin mayınadək olan müddətdə rəhbərlik etdiyi qurumun şöbə müdiri olan, əri Yunusov Arif Seyfulla oğlunun Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarındakı hesablarına köçürülmüş külli miqdarda pul vəsaitləri müqabilində, maddi maraq zəminində xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün şəxsi keyfiyyətlərini araşdırıb maddi vəziyyətlərini yaxşılaşdırmaq niyyətlərinə əmin olaraq Mirqədirov Rauf Həbibula oğlunun dəfələrlə Gürcüstan Respublikasının ərazisindən Ermənistan Respublikasına səfərlərini Arif Yunusov ilə birlikdə təşkil edib. Həmin səfərlərin bir qismində Arif Yunusov da Rauf Mirqədirov ilə birlikdə iştirak edərək Ermənistan Respublikasının sabiq milli təhlükəsizlik naziri David Şaxnazaryan və xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən digər qurumların nümayəndələri ilə görüşlər keçiriblər.

Göstərilən xüsusatlar üzrə dindirilmələri üçün Leyla və Arif Yunusovlar dəfələrlə istintaqa dəvət olunmalarına baxmayaraq, müxtəlif bəhanələrlə, heç bir üzrlü səbəb olmadan çağırışa gəlməkdən yayındıqlarından 2014-cü il 25 iyul tarixdə AR-nın Cinayət-Prosessual Məcəlləsinin 178-ci maddəsinə əsasən istintaq orqanına məcburi gətirilmələrinə dair qərarlar qəbul edilib.

Leyla Yunusovanın Cinayət Məcəlləsinin 274-cü, 178.3.2-ci, 192.2.2-ci, 213.2.2-ci, 320.1-ci və 320.2-ci, Arif Yunusovun isə həmin məcəllənin 274-cü və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrində əsaslı şübhələr olduğundan 2014-cü il 30 iyul tarixdə onlar qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib, Leyla Yunusovanın ölkəni tərk etməyə cəhd göstərməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsi, eləcə də iş üzrə şahid qismində dindirilmiş Əzizova Mətanət Mürşüd qızı və digərlərinin obyektiv ifadə vermələrinə qanunsuz təsir göstərməsinə dair məlumatlar nəzərə alınaraq, azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyi, ibtidai istintaqın normal gedişinə mane olacağını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Arif Yunusovun isə səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib".
***
Leyla Yunusun həbsi ilə bağlı bəyanat verən Milli Şura hüquq müdafiəçisinin həbsini qanunsuz hesab edərək, onun azadlığa buraxılmasını tələb edib: “Zaman-zaman siyasi mülahizələrlə həbs edilmiş bütün siyasi məhbusların, vicdan məhbuslarının azadlığa çıxmasında onun misilsiz xidmətləri olmuşdur. Bu gün də siyasi və vicdan məhbuslarının ən dolğun və obyektiv siyahısını məhz Leyla Yunus hazırlamış və beynəlxalq təşkilatlara göndərmişdir. Lakin indi o özü vicdan məhbusudur və ölkənin bütün vicdanlı adamları onun yanında olmalıdır. Milli Şura bütün qanuni vasitələrlə Leyla Yunusu hakimiyyətin qanunsuz repressiyalarından qorumağa çalışacaq və bütün vasitələrlə onu müdafiə edəcək. Biz onun dərhal azad olunmasını tələb edirik”.   

Bundan əlavə, beynəlxalq hüquq-müjafiə təşkilatları da Leyla Yunusun qanunsuz olaraq həbs olunduğunu bildiriblər. “Human Rights Watch”, Norveç “İnsan Hüquqları Evi Fondu” və “Amnesty İnternational” kimi nüfuzlu təşkilatlar bəyanatlarında  Azərbaycan hökumətindən hüquq müdafiəçisinin azadlığa buraxılmasını tələb edib.

Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR