İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın maliyyə naziri: “Azərbaycanda kimya sənayesinə böyük həcmdə investisiyalar qoyulur”

982 23.03.2018 01:08 İqtisadiyyat A A

“Son illərdə Mərkəzi Asiya ölkələri və Azərbaycanda kimya sənayesinə böyük həcmdə investisiyaların qoyulduğunu müşahidə edirik”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze Batumi limanında yeni terminalın inşası ilə bağlı investisiya razılaşmasının imzalanması mərasimində deyib.

Nazir bildirib ki, bu investisiyalar Gürcüstana Xəzər dənizi hövzəsində yaxın gələcəkdə yaranacaq yüklərin cəlb olunması üçün nəqliyyat infrastrukturunu inkişaf etdirməyə əsas verir.

M.Baxtadze qeyd edib ki, Gürcüstan hökumətinin məqsədi ölkəni nəqliyyat və loqistika habına çevirməkdir. “Gürcüstan müasir İpək yolu kimi əhəmiyyətli nəqliyyat dəhlizlərinin inkişafında vacib rol oynayır. Biz Anaklia dərin dəniz limanı, Gürcüstan dəmir yollarının modernləşdirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb avtomagistralı, Tbilisi və Kutaisidə loqistika mərkəzlərinin inşası kimi çox əhəmiyyətli layihələri reallaşdırırıq. Bu layihələrin məqsədi Gürcüstanı regionda nəqliyyat və loqistika mərkəzinə çevirməkdir və bu da öz növbəsində ölkəyə çoxlu dividentlər gətirəcək, yeni iş yerlərinin yaradılmasına imkan verəcək”.

Qeyd edək ki, investisiya razılaşmasına əsasən, “Wondernet Express” beynəlxalq loqistika şirkəti Batumidə yeni multimodal terminalın inşasına 20 mln. dollar investisiya yatıracaq. Layihənin reallaşmasından sonra Mərkəzi Asiya ölkələrindən mineral gübrələr Batumi limanı vasitəsilə dünya bazarlarına nəql olunacaq. Yeni müasir terminal Mərkəzi Asiya-Azərbaycan-Gürcüstan loqistika dəhlizinin bir hissəsi olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR