İnsanlara hürriyət, millətlərə istiqlal!

Günnüt xəbərdarlığı

2584 11.06.2018 08:45 Yazarlar A A

Erməni politoloq Levon Şirinyan ötən ay Ermənistanın xarici və müdafiə nazirləri Zöhrab Mnatsakanyanla Davit Tonoyanın Naxçıvanla sərhəddə getməsini əvvəlki nazirlərə nümunə gətirmişdi. Demişdi ki, keçmiş xarici işlər naziri Edvard Nalbəndyanın aprel döyüşlərindən sonra yoxa çıxmışdı, amma təzəsi cəsarətlidir.

Şirinyanın iddiası bununla bitməmişdi, daha uzağa gedib demişdi ki, vaxtilə Rusiyanın “türklərə verdiyi” Naxçıvanı “geri qaytarmaq”la bağlı hərəkətə keçməyin vaxtıdır. Soyadı belə türklərə məxsus olan bu erməni əbləh həyasızcasına iddia etmişdi ki, vaxtilə Naxçıvanı onlardan oğurlayıblar.

Ordumuzun Naxçıvan istiqamətindən həyata keçirdiyi uğurlu əməliyyat xəbərinin rəsmi təsdiqini oxuyanda ilk yadıma düşən Şirinyanın həmin sərsəmləməsi oldu.

Qürurverici hadisədir. Qələbələrimiz davamlı olar, İnşallah! Daha bir kəndin həsrəti bitdi. Hələ kəndlərimiz, şəhərlərimiz, rayonlarımız qalıb...

Əslində Günnüt əməliyyatı dost-düşmənə növbəti mesaj oldu. Ötən ay elə Naxçıvandan, Ali Baş Komandan səviyyəsində Ermənistana xəbərdarlıq edilmişdi. Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycan ordusunun Naxçıvanda dislokasiya olunmuş birləşməsi ən müasir silahlarla, güclü raketlərlə silahlanıb və düşmənin istənilən həmləsinin qarşısını almağa, uğurlu əks-həmlə həyata keçirməyə qadirdir. Var olsun ordumuz, etimadı qısa zamanda doğrultdu.

Azərbaycan prezidenti 100 il əvvəl Ermənistana paytaxt kimi verilmiş Azərbaycan şəhərində oturan yadlara xatırlatmışdı ki, İrəvan Naxçıvanın ovcunun içindədir. Düşmən özünü yığışdırmaq əvəzinə, Naxçıvan istiqamətində təxribata əl atdı. Bu da nəticəsi, şükürlər olsun, sevinən tərəf bizik. Əməliyyatın nə dərəcədə mühüm əhəmiyyətə malik olduğunu demək üçün bu fakt kifayət edər: dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verəcək. Yəni Qarabağ savaşı başlayanda, bu yolla irəliləyən hərbi texnikanı Naxçıvandan məhv etmək imkanımız olacaq! Bu, həm də o deməkdir ki, Qarabağda savaş başlayanda Ermənistan bir cəbhədə döyüşməyəcək, Naxçıvan istiqamətindəki zərbələrimizə də cavab vermək məcburiyyətində qalacaq.

Nikol Paşinyan Ermənistan hökumətinin başına keçəndə bəziləri ümid edirdi ki, o, müharibə partiyasının üzvü olmadığı üçün normal yanaşma ortaya qoyacaq, bölgədə ədalətin bərpası istiqamətində addımlar atacaq. Ancaq görün özünü nə günə qoyub ki, hətta Qarabağ canisi Robert Köçəryan da Paşinyanın Qarabağ siyasətini tənqid edir.

Deputat Adil Əliyev ordumuzun Günnüt əməliyyatı zamanı şəhid olan əsgərimiz Adil Tatarovun adının əbədiləşdirilməsi ilə bağlı təklif verib, Günnüt kəndinin şəhidimizin adı ilə adlandırılmasını təklif edib. Şəhidimizin ruhunu şad edən qərar olar. Adil Tatarovun həlak olduğu yüksəkliyə də onun adı verilə bilər.

Əslində bu əks-əməliyyat Ermənistanın ifşası istiqamətində növbəti addımdır. ATƏT-in Minsk Qrupunun həmsədrləri bu həftə İrəvana gedəcəklər, Paşinyan hökuməti ilə “tanış” olmaq, yeni hökumətin Qarabağla bağlı mövqeyini öyrənmək üçün. Ancaq bu səfərlər olsa-olsa status-kvonun uzadılmasına xidmət edir, heç bir sülh gətirməyəcək. Paşinyan Qarabağla bağlı mövqeyini baş nazir seçiləndən 12 saat sonra, Qarabağa qanunsuz səfər edib, Xankəndində “danışıqlarda Dağlıq Qarabağ da iştirak etməlidir” deməklə nümayiş etdirdi. Bunun ardınca da onun komandadaşlarının Naxçıvana dil uzatmasını, daha sonra erməni ordusunun Naxçıvan istiqamətində hücuma keçməsini də əlavə etmək lazımdır.

Normalda həmsədrlər Ermənistan XİN başçısı ilə görüşdə “sənin Naxçıvan tərəfdə nə işin var idi” deyə, izahat istəməlidir. Dağlıq Qarabağa iddia edən ermənilər indi də Naxçıvan iddiasındadırlar. İllərdir Azərbaycanla Ermənistan arasında bərabərlik işarəsi qoyan beynəlxalq güclər Naxçıvan iddialarını, işğalçının bu istiqamətdə təxribatını da sükutla qarşılayır.

Serj Sərkisyanı Lələtəpə əməliyyatı yıxdı. Onu əvəzləyən Paşinyan da Günnüt zərbə - xəbərdarlığını aldı. Ritorikanı dəyişməsə, “gözü çıxmış qardaş”ından dərs almasa, davamı mütləq gələcək. Yenə də Moskvaya gedir. Görəsən, “ağası” nə deyəcək?..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR