İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biz türkük və dilimiz də Azərbaycan türkcəsidir”

2671 11.02.2015 01:50 Güney hadisələri A A




Azərbaycanın güneyində milli oyanış hərəkatında yeni bir mərhələ müşahidə olunmaqdadır. Belə ki, prosesə artıq əslən azərbaycanlı olan, ölkənin parlamentində və digər hakimiyyət qollarında təmsil olunan azərbaycanlılar da öz tövhəsini verməkdədir. Təbriz, Üskü və Azərşəhrin İran parlamentindəki millət redvəkili Məsud Pezeşkiyan son zamanlar musiqi konsertlərinin ləğv olunmasına etiraz edib.

“Təəssüflə hələ də musiqi ittiham altındadır. O halda ki, din üləmaları musiqiyə qarşı rəy verməyiblər, bəziləri öz şəxsi fikrini başqalarına sırıyır”-deyə, o, bildirib. Azərbaycanlı millət vəkili əlavə edib ki, qanuna riayət olunmur və musiqiçilərin konserti səbəbsiz yerə ləğv olunur. Onlara əlavə olaraq maddi ziyan da dəyir. Ona görə ki, konsert vermək musiqiçilərin gəlir mənbəyidir. Qeyd edək ki, son günlərdə Güney Azərbaycanın Qoşaçay və Şot şəhərlərində “Yaşıl Günəş” musiqi qrupunun konsertinə qadağa qoyuldu. Şotda Azərbaycanın milli rəqslərini icra etmək üçün “Qaya” rəqs qrupuna da icazə verilmədi.

GünAz TV xəbər verir ki, Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik işləri üzrə müavini Səid Şəbistəri bu vilayətdə siyasi icmaların fəaliyyəti ilə əlaqədar danışarkən maraqlı məqama toxunub. Jurnalistlərlə görüşündə o, deyib: “Biz türkük və dilimiz də Azərbaycan türkcəsidir. Tamaşaçılar stadionda “Yaşasın Azərbaycan” deməsin bəs nə desin?! Onlar da bu məmləkətin övladlarıdır. Kimsə “Traxtur” və “Yaşasın Azərbaycan” deməklə pantürkist olmaz. Biz də deyirik “Yaşasın Azərbaycan”. Azərbaycan da İranın bir hissəsidir”. Vali müavini vurğulayıb ki, qövmlərarası nifaq salmaq qarşıdurma ilə nəticələnər. Bu isə həm dini nöqteyi-nəzərdən həm də həyatda qəbuledilməzdir, belə şeylərdən uzaq olmalıyıq.

Yeri gəlmişkən, Təbrizin “Traktor” komandasının son oyununda yenə də qürurverici anlar yaşanır. 35 min azarkeş oyun boyu “Yaşasın Azərbaycan!” hayqırıb və Tehran rejiminin bu şüarı qadağan etməsinə məhz belə “cavab” verib.

Bu arada Güneydən daha bir xoş xəbər gəlib. Belə ki, Dünya Ana Dili Günündə keçirilməsi nəzərdə tutulan mərasimlə bağlı cəhdlər nəticə verib. Ana Dili Gününü qeyd etmək üçün rəsmi icazə tələb edən imzatoplama kampaniyasının səhifəsində yayılan məlumata görə, Tehran Vilayəti Təmin Şurası bu önəmli günün qeyd olunmasına icazə verib. Tehran Vilayəti Təmin Şurasının məsulları azərbaycanlı mədəni fəallarla əlaqə saxlayaraq 2015-ci il fevralın 21-də Dünya Ana Dili ilə bağlı mərasimin keçirilməsinə müsbət baxdıqlarını bildiriblər. Həmçinin məlum olub ki, məsullar müraciətdə istənilən kimi mərasim üçün zal  və digər vəsait ayırmayacaq. Bu səbəbdən mərasimin keçirilməsi üçün İmzatoplama Kampaniyasını başladan fəallar Tehran və  digər şəhərlərdə yaşayan azərbaycanlı iş adamlarından xahiş edib ki, Dünya An Dili Gününə qədər sözügedən mərasimin güclü keçirilməsi üçün öz maddi yardımlarını əsirgəməsinlər. Güney azərbaycanlılar Dünya Ana Dili Gününü təntənəli mərasimlə  qarşılamağa hazırlaşır.

Xatırladaq ki, imzatoplama kampaniyasında aşağıdakı fikirlər əksini tapırdı: “Fevralın 21-i Beynəlxalq Ana Dili Günü,  Dünyada Ana Dilinin əhəmiyyəti və çeşitli mədəniyyətlərin tanıtımı baxımından bir illik olaydır. Türk dili İran sakinlərinin əhəmiyyətli hissəsinin ana dilidir. Biz Azərbaycan türkləri olaraq bu önəmli günü qeyd etmək üçün rəsmi icazə istəyirik. Bu tələbi imzalamaqla (an və soyadınızı qeyd edərək) bizə qoşulun!”

Fakt budur ki, hər il bu tədbiri boğmaqla, yüzlərlə insanı həbsə atmaqla sərt mövqe tutuan İran hakimiyyəti nəhayət, Azərbaycan türklərinin səsini eşitməyə vadar olub. Ekspertlərin fikrincə, görünür hakimiyyət dünyada baş verən ciddi proseslərin fonunda milyonlarla azərbaycanlının yenidən kütləvi etirazlara qalxmasından ehtiyatlanır. Hesab olunur ki, azərbaycanlı rəsmilərin və millət vəkillərinin də xalqımızın haqq səsinə səs verməsi hakimiyyəti geri addım atmağa vadar edib.


Cavid TURAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR