İnsanlara hürriyət, millətlərə istiqlal!

Umud Rəhimoğlu Batumi forumu ilə bağlı bəyanat yaydı

1141 26.11.2014 08:22 Gündəm A A

İlk olaraq Gürcüstanın Batumi şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumunun xüsusi əhəmiyyət daşıdığını bildirən U. Rəhimoğlu bu tədbirdə Azərbaycan QHT-lərinin iştirakının vacibliyini önə çəkib. 

Forumda yaşanan hadisələr, baş verənlər haqqında çoxlu müzakirələr və yazıların olduğunu qeyd edən U.Rəhimoğlu, yerli mətbuatın bəzi məqamlarda səhvlərə yol verdiyi də etiraf edib. Xüsusilə məlumatların ilk mənbədən yayılmaması forumun ilk günlərində cəmiyyət tərəfindən yanlış təəssürat formalaşmasına rəvac verib. U.Rəhimoğlunun sözlərinə görə , forumda ilk ciddi qalmaqal məhz  Çexiyanın “People in Need”  təşkilatının  foyeyə stendlər quraşdıraraq, Azərbaycana dair tənqidi plakatlar asması ilə başlayıb. 

Stendlərdə Azərbaycandakı  insan hüquqları ilə bağlı vəziyyət tənqid olunur və hətta bəzən təhqirlərə də yer verilirdi: “Azərbaycandan gedən nümayəndə heyəti buna etiraz olaraq foruma qatılmaqdan imtina etdi. Biz bildirdik ki, insan haqlarının pozulmasına dair hallar başqa ölkələrdə, məsələn, Belorusda, Ermənistanda, Gürcüstanda, hətta Çexiyada da var, nəyə görə məhz Azərbaycana qarşı ayrı-seçkilik edilməlidir. Təəssüf ki, bizim nümayəndə heyətindən bir neçə nəfər bütün cəhdlərimizə rəğmən iclas zalına daxil oldular. Bununla belə, biz etirazımızı bildirdik, çünki belə bir plakatın yerləşdirilməsi forumun proqramına daxil deyildi  və məsələ sadəcə bizə qarşı qərəzli münasibətin inikası idi .” 

Stendləri yerləşdirən Çexiyaya məxsus təşkilatın  Avropada ermənipərəst bir təşkilat kimi tanındığını bildirən U.Rəhimoğlu, hətta bu təşkilatın Dağlıq Qarabağ ermənilərini əsas nümayəndə heyəti kimi foruma salmağa çalışdığını da xüsusi qeyd edib: “Azərbaycan nümayəndə heyəti forumda  bu cəhdin qarşısını aldı. Ermənilər bu addımı MDB məkanındakı münaqişə ocaqlarından fərqli olaraq yalnız bu ərazidə rus ordusunun təmsilçilərinin olmaması ilə əsaslandırmağa çalışırdılar. Mən forumda çıxış etdim və bəyan etdim ki, rus ordusu Dağlıq Qarabağda olmasa da, İrəvandadır, bu ölkənin parlamentindədir və idarə strukturlarındadır. Bizim bu istehzalı çıxışımız forum iştirakçıları arasında ciddi  təəssürat yaratdı. 

Bundan başqa, erməni nümayəndə heyətinin üzvləri cəbhə xəttində vurulmuş Ermənistana məxsus helikopterlə bağlı məsələni də forumun gündəminə daxil etməyə cəhd etdilər. Bizim ciddi təpkimizdən sonra onların  bu istəyi də baş tutmadı. Ən vacib nüanslardan biri də ”People İn Need"in rəhbər şəxslərinin Azərbaycanın işğal olunmuş torpaqlarına, Dağlıq Qarabağa buna qədər bir neçə dəfə qanunsuz səfərlər etməsidir. Göründüyü kimi, bu təşkilatın Azərbaycana qarşı niyə belə addım atmasının səbəbi məlumdur . Bu təşkilata bir sıra erməni QHT-ləri lobbiçilik edir, xüsusilə Batumi skandalının əsas dirijorlarından biri Ermənistanın vətəndaş cəmiyyəti təmsilçisi Boris Novosardiyanın bu təşkilata təlimatlar verdiyi ortaya çıxdı. Hətta  forumun rəsmi foto və videoçəkilişini aparanlar da əslən erməni olan işçilər idi“.

Tədbirin ən vacib məqamlarından biri isə forumda Azərbaycanda insan hüquqları ilə bağlı məruzənin müzakirəyə çıxarılması idi: “Təsəvvür edin ki, məruzə başdan-ayağa qərəzli və onu da tərtib edən məruzəçilərdən biri Artur Sagunts adlı erməni idi. Prosesin Azərbaycanın əleyhinə cərəyan etdiyini görüb yenidən çıxış etmək qərarına gəldim və söz haqqı istədim. Belə bir məruzənin, özü də erməni əsilli birisinin hazırladığı sənədin forum iştirakçıları tərəfindən qəbul olunmasının çox ciddi səhv olacağını  və  Azərbaycanın vətəndaşı cəmiyyəti təmsilçilərinin bu forumla gələcək əməkdaşlığını sual altına alacağını iştirakçıların diqqətinə çatdırdım. Səsvermə bizim xeyrimizə başa çatdı və biz auditoriyadan dəstək aldıq. Müşahidə elədiyimiz ən vacib detallardan biri də foruma moderatorluq və həmsədrlik edən şəxslərin aydın şəkildə bizə qərəzli mövqe sərgiləməsi və iştirakçıları bu məruzəni qəbul etməyə yönləndirməsi idi. Təsadüfi deyil ki, forumdakı iclasda bu məruzənin müzakirəsi zamanı moderator əslən polşalı Kristof Babinski təkid edərək səsvermənin yenidən keçirilməsini istədi. Mən və nümayəndə heyətindəki digər həmkarlarım Sabir Bağırov və İradə Rzazadə yenidən çıxış etdik və belə bir sənədin qəbulunun hansı mənfi nəticələrə gətirib çıxaracağını sadaladıq. Yenidən gizli formada keçirilən səsvermədə   32 nəfər əleyhinə və  29 nəfər lehinə olmaqla sənəd qəbul edilmədi”.   

BAMF sədri təəssüf etdiyini bildirib ki, forumun bəzi iştirakçıları bu səsvermə prosesi ilə bağlı mətbuata səhv informasiya verib, guya ermənilərin də sənədin əleyhinə olduğunu deməklə cəmiyyəti aldatmağa cəhd edirlər. Ermənilərə bəraət qazandırmaq heç də onların adını uca etmir. Əksinə, bunun məyusedici bir hal olduğunu bildirən BAMF sədri həmin şəxsləri belə strateji  məsələlərdə öz siyasi maraqlarından çıxış edərək ictimai marağı monipulyasıya etməkdənsə, öz vicdanlarının səsinə qulaq asıb milli maraqlarımızı qorumağa çağırır: “Əgər forumda nümayəndə heyəti arasında həmrəylik olsaydı, nə plakat məsələsi, nə qərəzli məruzə və digər qalmaqallar ciddi rezonans doğurardı. Əksinə, çox asanlıqla nümayəndə heyəti bu problemləri həll edərdi. Təəssüf ki, biz əksini müşahidə etdik”. 
 
Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR