İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin Bakıdakı səfirliyinin binası önünə güllər düzüldü - FOTOLAR

1635 19.02.2016 20:02 Gündəm A A
Fevralın 18-də qardaş Türkiyənin paytaxtı Ankarada hərbçilərin yataqxanası yaxınlığında terror hadisəsi baş verib. Məlumata görə, hərbi maşınların partlaması nəticəsində 28 nəfər ölüb, 61 nəfər isə yaralanıb.

Hadisə ilə əlaqədar 2 gündür ki, bir çox partiyalar, təşkilatlar Türkiyənin Bakıdakı səfirliyinin önünə gələrək, qərənfil qoyub, şamlar yandırırlar.

Bu gün isə ilk olaraq Respublikaçı Alternativ Hərəkatının bir qrup üzvü səfirlik önünə toplaşıb. REAL üzvləri bildiriblər ki,"Türkiyə-Azərbaycan üçün qonşu ölkə olması ilə yanaşı, həmçinin strateji müttəfiqdir, dost və qardaş ölkədir. Orada baş verən faciəvi olay bizlər üçün də üzücüdür". 

Tədbir iştirakçıları bəyan ediblər ki, terrorla mübarizədə Türkiyə xalqının və dövlətinin yanındadırlar.

Musavat.com saytı xəbər verir ki, REAL üzvlərinin ardından isə “Nida” Vətəndaş Hərəkatının və VHP-nın bir neçə üzvü səfirliyin önünə gələrək, qərənfil qoyublar, bir dəqiqəlik sükutla həlak olanların ruhunu yad ediblər.

Hadisə ilə bağlı saytımıza açıqlama verən Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi icra aparatının rəhbəri Samir Əsədli bunları deyib: "Türk dünyası daha bir faciənin hüznünə qərq olub. Ankarada baş verən terror sıradan bir xəyanət olayı deyil. Bu, hər tərəfdən çaqqal sürüsünün hücumuna məruz qalan qardaş türk dövlətinə növbəti zərbədir. Amma Atatürkün Cümhuriyyəti bunu da keçəcək. Türk dövlətini və millətini əzmək olmaz. Terrorla, zor yolu ilə hələ heç kim türkü öz yolundan döndərə bilməyib. Şəhid olan qardaşlarımıza Tanrıdan rəhmət, yaralılara şəfa diləyirəm. Hamımızın başı sağ olsun!"

Turqut Qəmbər: "Nida” Vətəndaş Hərəkatı adından Türkiyə xalqına başsağlığı veririk. Təbii ki, bu, çox iyrənc bir hadisədır. Terror, harada və kimin etməsindən asılı olmayaraq, birmənalı sürətdə qınanmalıdır. Bu, heç bir halda məqbul hesab edilə bilməz. Bizə düşən orada vəfat etmiş şəxslərə Allahdan rəhmət diləmək, ailələrinə və Türkiyə xalqına başsağlığı verməkdir. Bu gün də bunun üçün buradayıq". 

Məhəmməd Türkmən,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR