İnsanlara hürriyət, millətlərə istiqlal!

"Taleh Bağırzadə: Xəlifəlikdən Azərbaycan İslam dövlətinə doğru" - Azərbaycan millət vəkilindən sensasion iddialar

12515 18.01.2017 22:10 Gündəm A A
Milli Məclisin deputatı Zahid Oruc bu məqalənin çap olunması üçün onu musavat.com redaksiyasına yollayıb. Mövzunun aktuallığını nəzərə alaraq yazını dərc edirik.

Ötən əsrin ortalarında Misir dövləti Britaniya müstəmləkəçiliyindən azad olandan sonra da kral üsul-idarəsini qoruyub saxlayırdı. Qərb millətçilik, demokratik dövlət idealları ilə yeni paytaxtları ələ keçirəndə və milyonlarla insanın beynini işğal edəndə fironların vətənində sosialist inqilabına dərin hazırlıqlar görülürdü. Lakin nə qədər qəribə səslənsə də, mövcud idarəetməyə və cəmiyyətdə hökm sürən münasibətlər sisteminə köklü dəyişikliklər gətirmək istəyən qüvvələr - başda Camal Əbdül Nasir olmaqla, hamısı islam dininin birləşdirici gücündən, əsrlərdən bəri kütlələri ətrafında cəmləşdirmək və qanlı mübarizələrə qaldırmaq potensialından yararlanmağa ehtiyac duyurdular. İndi ərəb dünyasında yalnız bəlli elmi çevrələrin adını xatırladığı Seyyid Qütüb 1-ci Faruğun krallığını devirməkdə inqilabçılara kömək etdi. 

O vaxtlar Amerikaya təhsil dalınca gedənlərin sırasında Qərbin ailə dəyərləri, qadın-kişi münasibətləri, açıq cəmiyyət modeli və hüquq sistemindən iyrənərək öz ölkəsinə dönənlər çox idi. Xüsusilə də 1949-cu ildə “Müsəlman qardaşları” hərəkatının lideri şeyx Həsən-Bannu qətlə yetiriləndə Amerika qəzetləri hələ o vaxtlar yenicə bir istilah kimi dəbə düşmüş “terrorçu, ekstremist” terminlərindən gen-bol istifadə edirdilər. “Nyu-York Tayms” baş sərlövhəsində muzdlu adamların gizli din qardaşlarının liderinə sui-qəsd etdiyindən böyük şövqlə yazırdı. Ona görə də elmi işlərini yarımçıq qoyub Misirə dönən Seyyid Qütüb o vaxtlar orduda baş qaldıran silahlı üsyana yaxından kömək edərək cəmiyyətdə “İlahi nizamı yalnız islam qanunları ilə təmin edəcəkləri”nə belə bağlayırdı.

Lakin Misirin yeni həyatı uğrunda canını verməyə hazır olan böyük yazıçıya və mütəfəkkirə edam kürsüsünü də məhz təzə hakimiyyət göstərdi. Polkovniklər Nasir və Sədatın etiraf etdikləri kimi, inqilabın baş ideoloqlarından olan Qütüb Misir dövlətinin quruculuğunda ən böyük maneəyə çevrildi. Süveyş kanalının milliləşdirilməsindən tutmuş yeni Konstitusiyanın qəbuluna qədər bütün məsələlərdə ixvanların dediyi ilə durub-oturmaq mümkün olmadığından 1966-cı ildə Seyyid Qütübdən xilas olmaq qərarına gəlindi. Lakin ölüm kötüyünə aparılan alimin çarmıxa çəkilməsindən düz 45 il sonra “ərəb baharı” dalğasında Misirin baş şəhərinə islam bayrağı sancıldı.



“MÜBARƏKSİZ İNQİLAB” 

Amerikada 2001-ci ildə əkiz binalar yerlə-yeksan ediləndə liberalizm öz tankı-topu ilə müsəlman dünyası üzərinə böyük hərəkata başladı. Doğrudur, qlobal ağalıq planları hər zaman olduğu kimi bu dəfə də dünyanın təhlükəsizliyi və islam fundamentalizmi ilə mübarizə ideologiyası ilə pərdələnmişdi. Uolstritin zənginlər məhəlləsinin planı ilə bir zamanlar sovet təhlükəsinə qarşı Pakistan səhralarında yaradılmış muzdlu döyüşçü dəstələr sonralar bəşəriyyətin məhvini doğuran bir nömrəli düşmən elan olundu. 

Halbuki mağaralardan çıxarılıb əlinə silah verilən 100 mindən artıq qüvvəni “şər imperiyası”na qarşı qaldıranda ona Mərkəzi Kəşfiyyat idarəsinin əliylə, həmçinin müqəddəs Məkkə torpaqlarının üstündə kraliyyət quran ərəblərin kisəsi hesabına 40 milyard dollardan artıq maliyyə yardımı və müasir hərbi texnika vermişdilər. Lakin artıq bolşeviklərin tiraniyası iflasa uğramışdı və indi Qərb silahları ilə təlim görmüş puştun orduları böyük baş ağrısına çevrilmişdi. 

Ağ Evin bətnindən törəmiş Əl-Qaidəni məhv etmək lazım idi. Bununla bərabər, Hindiquş dağlarının ətəklərinə qədər irəliləmiş 200 minlik imperiya orduları bütün mifik kosmik gücünə və dünyanın dörd bir tərəfini allahcasına görmək qabiliyyətlərinə baxmayaraq, Üsəma bin Ladeni tapıb qətlə yetirə bilməmişdilər. Yaradanına-Amerikaya qarşı müharibəyə and içmiş islam əmirindən xilas olmaq üçün 2011-ci ildə başlanan əməliyyat ərəb dünyasını ağuşuna alan yeni səlib yürüşü ilə üst-üstə düşdü. Ona görə də Məhəmməd Mursinin başçılıq elədiyi “Müsəlman qardaşları”nın Hüsnü Mübarəkin 30 illik hökmranlığına son qoyması bin Ladenin ölümünü kölgədə qoydu.

“Taleh Bağırzadəni daxili mübarizənin aləti kimi həbsdən buraxan Milli Təhlükəsizlik Nazirliyi uzun illər külli miqdarda vəsaiti guya vəhhabiliyin güclənməsinə qarşı şiə təmayülünü təmsil edənləri qoyduqları haqda mifik rəylər yaratmağa cəhd edirdilər” 


Lakin yaranışının az qala 100-cü ilində gizli fəaliyyətdən çıxmış və nəhayət, ərəb dünyasının aparıcı ölkəsində sosial partlayışı durdurmaq, iqtisadi geriliyi aradan qaldırmaq və həqiqi mənada milli azadlığa nail olmaq vəzifəsi yeni dini hökumətin bacarığı daxilində olmadı. Başqa cür də mümkün deyildi. Hər halda Mursi İran dini lideri və islam inqilabının banisi Xomeyni ilə bir sıraya qoyula bilməzdi. 

Elmi auditoriyalarda və ya yarımməxfi dərnəklərdə müqəddəs ayələrdən xütbələr oxumaqla dövlət işini aparmaq eyni çəkidə deyil. Prezident Mursinin siyasi islam idealları məhkəmələrin parlamentin yuxarı palatasının səlahiyyətlərini durdurmaq hüququnu ləğv etməyə və ölkəni şəriət qanunları ilə dünyəvi hüququn qarışığı əsasında idarəetməyə çatınca ordu silahlı devrimlə onu taxt-tacdan saldı. 

İndi Mübarək dövründən də böyük cəza və ictimai qəzəb qarşısında olan Misirin dini müxalifəti ölkəni islamlaşdırmağın və dini dövlətə daşımağın yaratdığı təhlükələri yaxşı görür, demokratiya mücrüsü ilə 14 əsr əvvəlki hökmləri yerinə yetirməyin faciəsini yaşayır. Mübarək belə bilsəydi, ”qardaşları” hakimiyyətə özü gətirərdi. Bəli, ifşa etmək və ümumxalq nifrətinə hədəf seçmək üçün..



AZƏRBAYCANIN “MÜSƏLMAN QARDAŞLARI”

Sovetlər birliyindən xilas üçün ayağa qalxan xalqların heç birində din davası müstəqillik müharibəsindən üstün getməmişdi. Görünür, 70 il bir nəslin formalaşması üçün yetərliydi və bolşeviklərin antixrist kursu, beynəlmiləl millət yetişdirmək siyasəti öz bəhrəsini vermişdi. Hətta xalqların atası böyük Stalin də ikinci dünya müharibəsi qarşısında leninizm kursundan sapmayıb, kilsə və məscidləri bərpa edib faşizmə qarşı müqəddəs savaşa keşişləri, yaxud mollaları göndərməyi qət etməmişdi. 

Dinə tiryək kimi baxan sosialist inqilabının banilərinin qurduğu fəhlə-kəndli hakimiyyətinə son qoyulanda, taxıl anbarlarına və klublara çevrilən müqəddəs ziyarətgahlara təzədən dini ayinləri qaytaranda hər kəs ateistlər hökumətinin Allahın qəzəbinə tuş gəldiyini zənn edirdi. Sovetin ucqarlarında milli-azadlıq mübarizəsi aparan Qafqaz müsəlmanları sırasında azərbaycanlılar üçün yeni Cümhuriyyətin libasında dinin rəngi və yeri klerikal cəmiyyətlərdən çox-çox fərqli görünürdü. 

Ona görə aylı-ulduzlu bayrağımızın və deməli, dövlətin məhək daşına avropaçılıq, türkçülükdən sonra din daşının da qoyulması alqışla qarşılandı. Çünki ilahi qüdrətə söykənməyən və ruhlara xitab etməyən quruluşlar məhvə məhkumdur. Fəqət bütün hallarda böyük müharibəyə sürüklənmiş və Vətən torpaqlarının silahlı müdafiəsinə qalxmış bir xalq heç zaman müsəlman kimliyini əlində tutarqa edərək Məkkəyə, Ankaraya, Tehrana doğru düzlənmədi. Böyük siyasət generalı Heydər Əliyev Allah evini ziyarətə gedib Kəbədə dualarını edəndə də ölkəsinin siyasi gələcəyini müqəddəs taxt-tacların qarşısına atmadı. Hər halda siyasi meydana çıxmış gənc dövlətin üzərində belə xarici planlar olmamış deyildi. 

Bununla bərabər, “İslam partiyası”nın yaradılışı ilə müxtəlif siyasi mərkəzlərə qulluq etmək istəyənlər və bayrağımızı yalnız bir rəngə - yaşıla boyayıb din dövləti qurmağa çalışanlar çoxpartiyalı bir ölkənin vitrininə özlərini çıxarsalar da onların elektoral bazaları heç vaxt ümummilli miqyasa çatmadı. Hərdən buna görə sovet keçmişinə şükürlər etməli olursan ki, dünyəvilik, sekulyarlıq istəyənlərlə xilafət qurucuları arasındakı döyüşdə birincilər həmişə qalib gəldilər.

Müstəqil Azərbaycan dövlətinin liderləri Avropa paytaxtlarındakı kimi ali hüquqi sənəd olan konstitusiya ilə yanaşı, müqəddəs kitaba and içsələr də ölkədə dinlə dövlət arasında dəqiq sərhədi yox etmək istəyənlərə qanunun sərt üzünü hər zaman göstərməli oldular. Ona görə də böyük Əliyevlər hakimiyyəti dünyada qəbul olundu və Qərb kapitalı, texnologiyası, insanı paytaxt Bakıya gəlməkdən qorxmadı. Hər halda neftin cazibəsinə baxmayaraq, bütün Avropanı mədəni müxtəlifliyi, dini çoxkonfesiyyalılığı ilə özünə çəkən bir ölkə İsrail lideri Netanyahunun dediyi kimi, yəhudilərə və digər millətlərə qardaş olmağın yolunu hər kəsə göstərdi.

NARDARANDA MÜXALİFƏT HAKİMİYYƏTƏ GƏLSƏ...

Azərbaycanın bütün coğrafiyasında dinin yayılması bərabər templə getsə də çox keçmir ənənələr özünü göstərməyə başlayır. Dünyanın mədəniyyət beşiklərindən olan qədim Bakını zümrüd qaşı kimi əhatəyə alan kəndlərdə yerli əhalinin rəğbətini qazanmaq siyasi və dini maraq daşıyıcılarının hər biri üçün həyat məsələsi idi. Ancaq insanları sivil həyata, qabaqcıl təhsil məkanına və dünyəvi quruluşa səsləyənlərin yaşamaq uğrunda mübarizəyə başının qarsıması fonunda bir ayrı mənzərə meydana çıxdı. 90-cı illər azadlıq hərəkatının önündə gedən Nardaran qəsəbəsi zamanla ölkənin siyasi-iqtisadi inkişaf yolundan qoparaq feodal geriçiliyini xatırladan və orta əsrlər tayfa, əşirət başçıları tərəfindən idarə olunan əyalətə döndü. 

Fanatizmin meydan suladığı məkanlarda olduğu kimi, hər bir yenilik burada süngü ilə qarşılanırdı. Əgər çürümüş taxta dirəkləri dəmir dayaqlarla əvəz etməyə çalışanlara qəsd edilirsə, mavi yanacaq daşıyan kəmərləri sındırıb daimi isti ocaqlardan əhalini məhrum qoyurlarsa, on min nəfərlik bir ordunu hakimiyyət əleyhinə qaldırmaq elə də çətin olmayacaq. Çünki ətrafında səni məngənə kimi sıxan ehtiyacın, cəhalətin, qaranlığın səbəbini kənarda axtaracaqsan və hər gün meydanlarda baş qaldıran antimütləqiyyət şüarları daha da cəlbedici olacaq. Bir yandan da siyasi meydanı daralan və sosial simasını itirib simasızlaşan, hakimiyyəti hər vasitə ilə qəsb etməyə qalxan bir ovuc revanşist müxalif qüvvələrin maraqları ora qatılınca səhnə daha da qarışır və məzhəb itir. 

“Müstəqillik illərində iki dəfə dövlət çevrilişinə silahlı qiyamın yatırılmasında müstəsna xidmətlər göstərən nazir Ramil Usubov bu dəfə islam demokratiyası pərdəsi arxasında gizlənənlərlə mübarizənin asan olmayacağını yaxşı bilirdi” 


Başqa nə cür olsun - məgər 90-cı illər Azadlıq meydanını indi kim qurub Xalq Cəbhəsinin son qəlpəsinə başçılıq edən Əli Kərimlinin sərəncamına versin? Lideri Əbülfəz Elçibəyin siyasi sürgündə olduğunu zənn edib onun xanimanına sahib durandan və bir müddət hakimiyyətlə gizli müqaviləyə gedib xalq hərəkatının rəhbərini əyalətdə bitirməyə çalışandan sonra adam hansı bayraq altında auditoriya qarşısına çıxmağa nədən fərq qoysun ki? 

Yaxın silahdaşlarının hamısı Əliyev ordusuna keçən əsgərsiz komandirin gedib Nardaran pirində dua etməkdən başqa yol qalmırdı. Ona görə də Taleh Bağırzadə adlı bir gəncin - Seyyid Qütübün şagirdi səviyyəsində olmayan birisinin gəlib hansısa şuralarda yer almasından çox, liberalların və milli demokratik dəstələrin gedib provinsial hərəkatlarda ucalan bayraqların altına girməsindən danışmaq daha doğru olar. Əgər Məhsul meydanında 20-ci əsr ədiblərimizin inqilabi uvertürası altına yüz minlər toplaşmırsa, Allahu-Əkbər sədalarına doğru üz tutmaq qaçılmaz olacaqdı.

NARDARAN ƏMƏLİYYATI - NƏDƏN ELDAR MAHMUDOVUN İFŞASINDAN SONRA

Uzun müddət hakimiyyəti Nardarandakı dini əsarəti, mövhumatı görməzdən gəldiyinə və bu yolla Qərbi şantaj etdiyinə görə suçlandıranlar hər halda inanclı insanlarla zorakı toqquşmanın faydasına daha çox bel bağlayırdılar. Axı gətirdiyimiz tarixi paralellərdə deyildiyi kimi, məscidlərlə savaş heç zaman uğur gətirmir, əksinə, islamı qapıdan qovanda gedib üstünə silahla geri dönür. Yaxud, yeraltına çəkilir, mücahidlik mübarizəsinə və cihad ideologiyasına bürünür. O üzdən Nardaranda bir-birinə qarışan Maydan bayraqları və yaşıl inqilab sədaları uzun müddət hüquq mühafizə orqanlarının passiv seyrçi müşayiəti ilə toxunulmaz olaraq qaldı. 

Belə nizamsızlıq şəraitində cümə namazlarını məscidlərin hücrəsindən çıxarıb ümumxalq manifestasiyalarına çevirmək adi hal almışdı. Əgər partiyalar bir-birinin ardınca qapanırsa, yaxud meydanı daralırsa, hamısının bir rəngə bürünməsinə təəccüblənmək də doğrusu, artıqdır. Bir tərəfdən Breksitlə avrointeqrasiyanı dağıdan, o biri yandan iqtidar əleyhinə protest elektoratını səfərbər etməyə çalışan Qərbin siyasi institutları da son illər Azərbaycanda müxalifəti məscidlərdə axtarırdılar. Onlar üçün inqilabın hansı rəngdə olmasının önəmi qalmamışdı - istər qara, qırmızı, yaxud narıncı. O üzdən, Allah evlərinin partiya qərargahlarına çevrilməsi və siyasi şüarların dualarla bərabər səslənməsi nəhayət, hakimiyyəti 2015-ci ilin noyabrında qəti addımlar atmağa vadar etdi. 

Hər halda daxili işlər orqanlarının kürəyinə hər zaman zərbə vurmağa və hakimiyyətin vahid siyasi xəttini keçmiş qisas hislərinə qurban verməyə hazır olan Eldar Mahmudovun cinayətkar dəstəsinin ifşasından sonra Nardaranda “qara bayraqlar”ın hakimiyyətinə son qoyulması üçün həlledici əməliyyata start verildi. O vaxta qədər Taleh Bağırzadəni daxili mübarizənin aləti kimi həbsdən buraxan Milli Təhlükəsizlik Nazirliyi uzun illər külli miqdarda vəsaiti guya vəhhabiliyin güclənməsinə qarşı şiə təmayülünü təmsil edənləri qoyduqları haqda mifik rəylər yaratmağa cəhd edirdilər. Yoxsa, öz qardaşı tərəfindən 3 il öncə polisə təqdim olunan Taleh Bağırzadə yenidən Nardaran bölgəsində həyatı iflic edərək itaətsizlik hərəkatına qalxa bilməzdi. 

“Azərbaycanda divarları dini şüarlarla bəzədilmiş və sanki yad bir ölkənin ərazisinə çevrilmiş asi qəsəbəni geri qaytaranda kimsə ağız büzərək Şuşanın alınmadığını deyərkən, qələbənin nədə olduğunu anlamış deyildilər” 


Müstəqillik illərində iki dəfə dövlət çevrilişinə silahlı qiyamın yatırılmasında müstəsna xidmətlər göstərən nazir Ramil Usubov bu dəfə islam demokratiyası pərdəsi arxasında gizlənənlərlə mübarizənin asan olmayacağını yaxşı bilirdi. Çünki 1994-95-ci illər çevriliş planlarını hazırlayanlardan fərqli olaraq, yeni antihakmiyyət qüvvələrindən əzabkeş və qurban obrazında “imam Hüseyn” şəhidliyi düzəltmək üçün durmadan müasir informasiya makinaları işləyirdi. Liberallar, sağçılar, solçular, ateistlər və qatı dindarlar belələrinə tribunalarını təslim edincə, sanki müqəddəs İsanı çarmıxa çəkirsən və qədim Roma hökmdarı Ponti Pilat da dirilib səhnəyə qayıdıb. Bir zamanlar İraq həbsxanasına atılan və 5 ildən artıq orada saxlanılan İbrahim əl Bədrinin həyatı ilə paralellər axtaranlar üçün də burada yetərli mücahidlik dərsləri var. 

Amerikanın Əfqanıstanda 8 illik mövcudluğu səmərə verməyincə və 2009-cu ildə Talibana qarşı yeni cəbhə açmaq üçün türmədən buraxılan əl Bədri çox keçmir, yeni xilafətin qara bayrağını ərəb qitəsində qaldırmağa nail olur. İraq Şam İslam Dövləti - İŞİD beləcə dünyanın bir nömrəli qorxusuna dönür və cihadçı terror ordusunun komandanı özünü bütün müsəlmanların lideri adlandıraraq əl Bədridən 29-cu xəlifə əl Bağdadiyə çevrilir. Ona görə də Azərbaycanda divarları dini şüarlarla bəzədilmiş və sanki yad bir ölkənin ərazisinə çevrilmiş asi qəsəbəni geri qaytaranda kimsə ağız büzərək Şuşanın alınmadığını deyərkən, qələbənin nədə olduğunu anlamış deyildilər. 



Övladları dərsə buraxılmayan və cəhalətə sürüklənən adamları məktəbə qaytarmaq, 700-dən artıq gənci vətənə hərbi xidmətin səngərinə göndərmək və dövlət orqanlarının normal fəaliyyətini bərpa etmək Qarabağ torpaqları qədər hər bir coğrafi-siyasi vahiddə təmin edilməli olan mütləq vəzifələrdir. Əgər 30-cu illər Sovet və İran tarixinin qanlı səhifələri içərisində itib-batan Cəmil Həsənlinin nəzərində “imam Hüseyn şühədalığı” budursa, onda yaşının ahıl çağında gedib məscidlərdə moizəyə qulaq asıb, sonra Qərb səfirliklərinə raport verən dindar-ateistlərin nələrə qadir olduğunu yaxşı görün!

“Taleh Bağırzadənin qaldırmaq istədiyi bayraq və can atdığı ideallar Hüseyn məktəbi ilə bağlı deyil. O, məruz qaldığı siyasi təlatümə ad qoymaqda çətinlik çəkir. Çünki Xalq Cəbhəsinin akademiyası çoxlu gəncin ömrünü Taleh kimi bitirib”


Bir zamanlar saqqalı Cəbhəçiliyin simvoluna çevirənlər dönüb indi üzü Həccə doğru düzlənirsə, müqəddəs peyğəmbərimizə sitayişdən danışırsa, demək, onların ruhi dünyasında böyük təbəddülatlar baş verib. O üzdən Taleh Bağırzadənin qaldırmaq istədiyi bayraq və can atdığı ideallar Hüseyn məktəbi ilə bağlı deyil. O, məruz qaldığı siyasi təlatümə ad qoymaqda çətinlik çəkir. Çünki Xalq Cəbhəsinin akademiyası çoxlu gəncin ömrünü Taleh kimi bitirib. Şuşada qətlə yetirilənlərin cəsədini Ali Sovetə gətirib Mütəllibovu süquta uğradanda da eyni ssenari işə salınmışdı. 

Ona görə Nardaranı sülhə və əmin-amanlığa qaytaran qüvvələri pisləyib özlərinə məscidlərdə səngər qazan adamlar Cəmil Həsənlinin hansı müsibəti törətməyə hazır olduğunu yaxşı dərk edirlər. Alim olan kəsə Taleh Bağırzadənin arxasında gizlənib, paytaxt siyasi qovğaları ilə bir əyalət arasında barrikada qurmasından böyük rəzalət yoxdur. Baxın, Milli Şura sədrinin 14 dekabrdakı yazısı Azərbaycanın “müsəlman qardaşları”nın liderinin son məhkəmə çıxışlarının epiqrafına çevrilir. Yox, əqidə birliyi deyil bu, sadəcə liberal tör-töküntülər yeni qurbanlarını əllərində Quran kitabı gəzdirənlərin sırasından seçiblər.

Taleh Bağırzadə -  xəlifəlikdən Azərbaycan İslam dövlətinə doğru?

Hakimiyyətə heç bir əhali qrupu ilə savaş sərfəli ola bilməz. Bu, aksiomadır. Nədən Buzovna, Maştağa deyil, məhz Nardaranın siyasi qalaya döndərildiyini sual etməyə də ehtiyac yoxdur. Ona görə də müqavimət olmadan polislərin bir-birini gülləboran etməsi, yaxud hər ay naməlum ünvanlardan tank-top tapması kimi iddialar cəfəngiyatdır. Axı dövlət öz ordusunu bir adaya yeritməyə və Qarabağ səngərində keşik çəkməli olan əsgəri paytaxt düşərgələrində gecələməyə niyə vadar etsin ki? 

Halbuki Nardaranı qurban vermək istəyənlər qarşılarında normal həyata dönmüş insanları görüncə sinir krizi keçirirlər. Çünki 90-cı illər hərəkatının önündə gedənləri son nəfərinə kimi rahat buraxmayıb, onları inqilab üçün sümürmək lazımdır. Müstəqillik yolunda şəhid olanlardan xurafat divarı tikənlər yaxşı bilir ki, oradan Xilafətə cəmi bir addım qalır. Yetər ki, müasirliyin simvollarını hədəfə çevirib kütlələri onun üstünə qaldırasan. 

Deməli, biz gözləməliyik ki, kimsə Alov qüllələri nişan verib Çəmbərəkənd qəbiristanlığının yerində yeni qətliam törətsin, biz də yalnız ondan sonra dini siyasətə alət edənləri təhlükə sayaraq, Amerika kimi atları yəhərləyib panaqavk raketləri ilə fundamentalist iraqlıları, əfqanları, yaxud azərbaycanlıları yeni sivilizasiyanın adamına çevirmək üçün müharibəyə başlayaq? Onda sizlər nə qazanacaqsınız? Məgər Suriyada dalğalanan qara bayraqlar altına bizim milli demokratiya mücahidlərini doldursan ki, get, Allah yolunda vuruş, onlar Hələbə yollanıb, orada din davası aparacaqlar? Əgər elə deyilsə, milyonlarla inanclı insanın etiqadını və müqəddəslərə sevgisini sümürüb özünüzün hakimiyyət marağına alət etməyin. Din dövlətdən ayrı olsa da, dövlət dinsiz, din də dövlətsiz ola bilməz!

Hər meydanda ermənilərlə mübarizə cəbhəsində olduqlarını deyənlər, Eçmiədzinin Ermənistan dövlətçiliyində rolunu və döyüşə öndə gedən keşişləri unutmasınlar. İmam Hüseyn üçün ağı deyənlərin, bir damla göz yaşı da Azərbaycanın can varlığı üçün töklüsə, əqidələri daha da saflaşar. Yoxsa, 14 əsr əvvələ qayıdan təxəyyülünüz Yaradanın yolunda qurban gedənlərə sevginizin yox, onlardan mənafe savaşında qalxan düzlətmək istəyinizin ifadəsi olacaq.

İslamın görkəmli təbliğatçılarından və alimlərindən olan Əli Şəriəti deyirdi ki, şiəlikdə on iki imam olduğu halda niyə yalnız imam Hüseynin qiyamı təbliğ olunur, lakin məsələn, imam Həsənin Müaviyə ilə onun qanuniliyini qəbul etməsə də sülh müqaviləsi bağlamasından danışılmır? Göründüyü kimi, islam tarixindən hər kəs özünə gərək olanı öyrənir. Halbuki milyard yarım insanın qəlbinin fatehi Məhəmməd əleyhissəlam məktəbi məsciddən yüksəyə qoyurdu. Allahın böyük elçilərindən ilham alan fransız yazıçısı deyirdi ki, bir məktəb artıq tiksəniz, bir həbsxana daha azaltmış olarsınız!

Ona görə də yalnız cisminin məhbəsə atıldığını deyənlər, ruhunuza gerçəkdən də azadıq lazımdır. Çünki bəzən böyük cinayətlər müqəddəs məramlar naminə həyata keçirilir. Gəlin işıq gələn tərəfə gedək, İŞİD gələn tərəfə yox!

Zahid ORUC, 
Milli Məclisin deputatı

Redaksiyadan: Mövzu polemikaya açıqdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR