İnsanlara hürriyət, millətlərə istiqlal!

Şeyxlə Səudiyyə arasında konflikt-Həcc ziyarəti kvotasının gizlinləri

5454 11.05.2016 07:55 Gündəm A A
Ötən həftə diqqət çəkməyən xəbərlərdən biri də Həcc kvotasının növbəti dəfə azaldılması oldu. Məlum oldu ki, bu il Azərbaycandan Həcc ziyarətinə yalnız 1040 nəfər gedə biləcək. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, zəvvarlar üçün ayrılan 1040 yerdən 600-ü nisbətən şəraiti zəif olan ziyarət xidməti üçün, 440-ı isə VİP ziyarət xidməti üçün nəzərdə tutulur.

Həcc qiymətləri isə bu il daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, 4 nəfərlik otaqlarda yerləşmək üçün 4500 dollar, nisbətən ucuz, 6 nəfərlik otaqlarda qalmaq üçün isə 3500 dollar müəyyən olunub. 

Ancaq əlaqədar qurumlar Həcc kvotasının endirilmə səbəbini açıqlamayıb. Yalnız bildirilir ki, ayrılan yerlərdən artıq müraciət olduğu halda, əlavə yerlərin alınması mümkün ola bilər. Bu açıqlamada sanki kvotanın satın alındığı görüntüsü yaranır. Lakin hələlik belə bir şeyin olmadığı məlumdur, çünki bu günə qədər məlum olan qaydalara əsasən kvota ölkədə müsəlman əhalinin sayına görə müəyyən olunur. Yəni təxminən 10 milyon əhalisi olan ölkə üçün 10 min nəfərlik kvota ayrılır. 

Azərbaycanda devalvasiyanın və iqtisadi tənəzzülün fonunda Həcc ziyarəti yerlərinin azalması diqqəti çəkmədi. Çünki indi bu cür məsələlər adətən haqlı olaraq əhalinin maddi imkanları ilə müqayisə olunur. Son aylarda məlum səbəblərdən əhalinin alıcılıq qabiliyyəti kəskin düşdüyü üçün Həccə gedənlərin də sayında azalma gözlənilən idi. Amma bunun üçün kvota endirməyə gərək yox idi. Onsuz da hər il kvotadan artıq, bəzən də əksik sayda insan ziyarətə gedir. QMİ-nin birdən-birə kvotanı 4 dəfə endirməsinin istənilən halda bu idarənin istəyi ilə olmadığı görünür. O zaman kim? 


Azərbaycanın Həcc kvotasının azaldılması iki halda mümkündür. Birincisi, bu qərarı hökumət qəbul edə bilər. Yeri gəlmişkən, belə bir addım 2009-cu ildə atılıb. O zaman yayda qəfil məlum oldu ki, Həcc kvotası bir il əvvəlki 6 min nəfərdən 2 minə endirilib. Bu qərarı Şeyxülislam elan etsə də, sonradan məlum oldu ki, hökumətin qərarı olub. Sonrakı illərdə bu rəqəm yenidən tədricən artdı və ildə 4 min nəfərə çatdı. Və yenidən gözlənilmədən 4 dəfə azaldıldı. 

Xatırladaq ki, ötən il Məkkədə Həcc ziyarəti zamanı baş verən basabasda yüzlərlə insan həlak oldu. Mümkündür ki, Azərbaycan hökuməti bu cür faciələrdən qaçmaq üçün Həcc kvotasını azaltsın. 


Daha bir ehtimal isə Səudiyyə Ərəbistanının kvotanı azaltmış olmasıdır. Düzdür, zahirdən bunun üçün səbəb yoxdur, zəvvarların çox olması Ərəbistan üçün daha çox gəlir deməkdir. Amma ötənilki faciənin yenidən təkrarlanması ehtimalı zəvvar sayı narahatlığına səbəb ola bilər. Daha bir ehtimal isə son illərdə bəzi səbəblərdən QMİ ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərdə soyuqluğun yaranmasıdır. Hətta bir ara QMİ rəhbərliyi ilə krallığın rəhbər şəxsləri arasında Həcc məsələləri ilə bağlı anlaşılmazlığın olduğu haqda məlumatlar mediaya sızmışdı. Belə görünür, bu məlumatların müəyyən əsası olub. Xüsusən də son illərdə Şeyxin Suriya mövzusunda, eləcə də Azərbaycanda radikal dindarlığın yayılması ilə bağlı sərt açıqlamalarının bəzi ölkələrdə narazılıqla qarşılandığı bildirilir. Həcc kvotasının məhz bu mövzuların təsiri ilə endirilməsi ehtimalı yüksəkdir. 


Ortada bir həqiqət var ki, bu hadisə QMİ-nin maraqlarına uyğun deyil. Bu qərar başqa yerlərdə alınıb və QMİ bu qərara riayət etməyə məcbur olub. Yəqin ki, yaxın zamanlarda Azərbaycanda Həcc “ixtisarlarının” əsl səbəbi bilinəcək. 

KƏNAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR