İnsanlara hürriyət, millətlərə istiqlal!

Sələfilərin lideri radikalların həbsindən danışdı

4258 06.03.2015 09:30 Gündəm A A

Bir neçə gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilən radikal dindarların Azərbaycanda “şəriət qaydaları ilə idarə olunan dövlət qurmaq” məqsədilə ölkədə sabitliyi pozmaq üçün terror aksiyaları planlaşdırdıqları məlum olub. 
Bəs Azərbaycanda İslam xilafəti və ya dövləti qurmaq üçün şərait varmı?

“Əbu-Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov bu əməliyyatların təşkilini müsbət qiymətləndirir. Onun sözlərinə görə, radikalizmin İslama bağlılığı yoxdur və din pərdəsi altında cinayət törədənlər var. Hacı Qamətin fikrincə, peyğəmbər müsəlman öldürənə, xəvaric fikirlilərə pis baxıb: “Radikalizmə gedənlər psixoloji problemləri olanlardır. İslam dövləti qurmaq xəyal edirlər. Dövlət qurmaq hər adamın işi deyil. Bəziləri bu şüarlar altında cinayətlər törədir. Ona görə də Azərbaycanda belə bir imkan olduğunu görmürəm”. Q.Süleymanov həbslərin məsələnin köklü həlli saymır: “Fikir hələ ki qalır. Bu da tarixdən gəlir. İndiki dövrdə isə internet vasitəsilə qruplar yaranır, təşkilatlanma gedir, dəvət olunurlar. Mən inanmıram ki, onlar Azərbaycanda bir iş görə bilsinlər. Sadəcə, radikalizmə meyllənmənin səbəbləri var. Burada savadsızlıq da rol oynayır, müəyyən qədər işsizlik də. O cümlədən regionda və ölkədə gedən proseslərin təsiri var. İraq və Suriyaya gedənlər təkcə işsizliyə görə getmirlər. Təbliğat və savadsızlıq əsas məsələdir”.

Hacı Qamət dövlət idarələrində, banklarda işləyənlər arasında işini  tərk edib radikalizmə gedənlərin olmasını istisna etmir: “Son həbs olunanların mən heç birini tanımıram. Onlar məscid bağlanana qədər ibadətə gəlməyiblər. Ola bilsin ki, ondan sonra fəaliyyətə başlayıblar. Radikalizmin qarşısını almaq üçün ”Əbu-Bəkr" məscidi də açılmalıdır. Ondan əlavə, radikallığın əsas təbliğ yeri həbsxanalardı. Çünki vaxt çox olur, yanındakı dustaq danışır, təbliğ edir. Mən onun tərəfindəyəm ki, bu adamlar ayrıca türmədə saxlanılsın. Məsələn, ərəb ölkələrində, Qazaxıstanda belədir". 

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı İlham İsmayılın fikrincə, şəriət dövləti istəyi yeni hal deyil. Onun sözlərinə görə, son illər radikal dindarlar bir neçə dəfə şəriət dövləti üçün terrora hazırlıq görüblər. MTN-in sabiq əməkdaşı hesab edir ki, xüsusən də dünyəviliyi təsdiq edən beynəlxalq yarışmalar ərəfəsində bu tədbirlərə kölgə salmaq üçün addımlar atılıb: 

“Eyni vəziyyət, xatırlayırsınızsa, ”Eurovison" ərəfəsində də olmuşdu və xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində həbs olundular. Mən bu əməliyyatların olmasını təqdir edirəm və görünür ki, təhlükəsizliyə ciddi nəzarət var. Ancaq bu gün radikalların sayı az görünə bilər. Sabah onlara azca nəzarət boş buraxılsa, şəriət dövləti qurmaq üçün fəallaşacaqlar. Çünki dinə və radikalizmə meyllilik artıb. Azərbaycanda İslam dövlətinin qurulması perspektivi görünməsə də, boşluq yaransa, çevriliş üçün cəhd oluna bilər". 

İ.İsmayıl hüquq-mühafizə orqanlarının əməliyyatlarını təqdir edir: “Bu əməliyyatlar davam etməlidir. Eyni zamanda maarifləndirmə işləri də aparılmalıdır. Bu həbsləri təkcə bir nazirliyin əməliyyatı kimi deyil, ciddi izahlarla təqdim etmək lazımdır. Ölkəyə, cəmiyyətə hansı zərəri vura biləcəkləri insanlara çatdırılmalıdır. Bu işi də dini komitə, din alimləri görə bilər. İkinci tərəfdən, tez-tez dövlət çevrilişi ifadəsi səslənir. Dövlət quruluşunu dəyişmək bir-iki adamın işi deyil. Yəni 5-6 patronla bir qrup adam dövlət çevrilişi edə bilməz. Bu cür xəbər təqdimatı əməliyyatın ciddiliyinə xələl gətirir. Sadəcə, dövlət çevrilişi onların son məqsədi ola bilər. İstəklə fəaliyyət arasında fərqlər var. Buna diqqət olunmalıdır”.

Ekspert Suriyada ekstremist qruplaşmalara qoşulan azərbaycanlıların ölkəyə qayıtmasını az ehtimal edir. Onun sözlərinə görə, istənilən halda bu adamlar təhlükəlidir və terrorçudur: “Mən həmişə qeyd etmişəm ki, onlar potensial terrorçudur. Xüsusilə beynəlxalq tədbirlər zamanı təhlükəsizlik daha da güclənməlidir. Bu məsələdə həm hüquqi, həm maarifləndirmə işi olmalıdır. Çünki radikalizmə meylliliyin sosioloji kökləri var”. 

Emil SALAMOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR