İnsanlara hürriyət, millətlərə istiqlal!

RUSİYALI JURNALİSTLƏR AĞDAM XARABALIQLARINDAN DƏHŞƏTƏ GƏLİB

7630 06.10.2010 09:19 Gündəm A A

Bütün bunlar Qarabağ uğrunda gedən böyük savaşın bir hissəsi olan informasiya müharibəsinin elementləridir. Məlumdur ki, Rusiyada mətbuat sahəsində erməni lobbisi xüsusilə güclüdür və davamlı olaraq bu ölkənin telekanallarında və qəzetlərində separatçı rejimi təbliğ edən süjetlər, məqalələr gedib. Lakin elə hallar da olur ki, rusiyalı jurnalistlər sırf peşə prinsipləri ilə hərəkət edərək Qarabağdan həqiqətləri əks etdirən obyektiv yazılar hazırlayırlar. Lenta.ru saytının şərhçisi Artyom Yefimovun Azərbaycanın işğal edilmiş ərazilərindən hazırladığı yazı da bu qəbildəndir. Onun məqaləsində bir çox maraqlı məqamlar və erməni vəhşiliyinin iç üzünü ortaya çıxaran faktlar yer alır.

Sınıq-salxaq “QAZel”lə Gorusdan Xankəndinə

“Ağdamın narları” başlıqlı məqaləsində jurnalist yazır ki, o, Dağlıq Qarabağdakı erməni arxitektura abidələrinin çoxdankı həvəskarıdır və bu bölgəyə səfər etməkdə məqsədi belə abidələrdən ikisi ilə tanış olmaq idi. “Mənim dostum, fotomüxbir kimi Dnestryanı bölgədə, Cənubi Osetiya və Abxaziyada olmuş Maksı isə postsovet məkanındakı tanınmayan ”respublika"nın gündəlik həyatı maraqlandırdı. Ancaq sonda biz nə abidələr, nə Dağlıq Qarabağın gündəlik həyatı ilə tanış ola bilmədik. Çünki bizi sadəcə olaraq Qarabağdan qovdular. Səbəblərini axıradək heç özümüz də anlaya bilmədik" deyə, A.Yefimov yazır. Məqalədən bəlli olur ki, rusiyalı jurnalistlər Qarabağa sentyabrın 12-də Ermənistanın Gorus şəhərindən yola çıxıblar. Onlar dağ yolları ilə adamlarla ağzınadək dolu olan sınıq-salxaq “QAZel” mikroavtobusunda iki saat yarım yol getdikdən sonra Dağlıq Qarabağ hüdudlarına çatıblar: “Sərhədi keçərkən sənədlərimizi yoxladılar və bildirdilər ki, geri qayıdanda ölkəni tərk edə bilmək üçün Qarabağ ”Xarici İşlər Nazirliyi “ndən hansısa sənəd almalıyıq. ”Çıxış vizası" deyə dostum Maks fərziyyə irəli sürdü. Bir çox ölkələrdə belə praktika var".
Məqalədən məlum olur ki, sentyabrın 13-də jurnalistlər Qarabağı gəzməyə çıxıblar. Onlar Xankəndindəki kitab mağazalarından birində turist xəritəsi alıblar və orada Ağdam məscidinin fotosunu görüblər. Müəllif yazır ki, bu foto onun çox xoşuna gəlib: “Biz qərara gəldik ki, Ağdama gedək və həmin məscidə baxaq. Ağdama Xankəndindən təqribən yarım saatlıq yoldur. Ağdam sovet dövründə bu adda buraxılan portveyn çaxırı ilə məşhur idi. Şəhərin əhalisi də azərbaycanlılardan ibarət olub, orada 50 mindən yuxarı adam yaşayıb. 1992-ci ildə Azərbaycandan ayrıldıqlarını elan edəndə Qarabağ erməniləri bu şəhərə iddia etmirdilər. Müharibə zamanı isə Ağdam Azərbaycan qüvvələrinin əsas dayaq nöqtələrindən biri idi. 1993-cü ilin yayında daxili çəkişmələr Azərbaycan ordusunu iflic vəziyyətinə salanda ermənilər hücuma keçdilər. Ağdam uğrunda döyüşlər bir aydan çox davam etdi, ermənilər oranı tutanda isə artıq şəhər demək olar ki, dağılmışdı. Sonda BMT qəbul etdi ki, ermənilər Ağdamı və digər Azərbaycan ərazilərini işğal ediblər, müharibə qanunlarını pozublar və şəhərə hücum etməmək barədə vədlərinə əməl etməyiblər”.

Ağdam narı və xarabalıqları...

A.Yefimov Ağdamın vaxtilə çox gözəl şəhər olduğunu da yazır. Onun təəssüratlarına görə, şəhərin binalarının dağıntıları arasında bağların əhatəsindəki kiçik, ancaq gözəl və rahat şərq şəhərinin əlamətlərini görmək mümkündür: “Yəqin ki, qocalar bu şəhərin küçələrində oturub söhbət edir, çay içir və nərd oynayırlarmış. Səkilərin üstündən üzüm və nar budaqları sallanırmış. Yeri gəlmişkən indi də şəhərdə çoxlu nar yetişib. Haradasa şəhərin kənarlarında mən mina haqqında düşünmək istəmədən tikanlı məftildən hasarı aşdım və bağlardan birinə daxil olaraq ağaclardan birindən iki nar qopardım. Suvenir kimi. Nəhayət, biz həmin məscidə çatdıq. Onun yaşı bir əsr yarımdan çoxdur. Belə görünür ki, məscid Ağdamda salamat qalan yeganə binadır. Məscidin mavi mozaikalarla işlənmiş iki minarəsi uzaqdan görünür. Minarəyə qalxdıq və dərhal da əhvalımız dəyişdi: hər tərəfdə xarabalıqlar görünürdü. Hansısa 20 il qabaq bu xarabalıqlarda 50 min adam yaşayıb. Şəhər dəhşət doğuran xarabalıqlar yığınına çevrilib. İndi bu şəhərdə özbaşına məskunlaşmış beş erməni yaşayır. Onlar bizi qarpıza qonaq etdilər və üzr istədilər ki, çaya qonaq edə bilmirlər. Çünki su qurtarıb və ancaq sabah gətirəcəklər. Böyük bidonu təxminən 10 dollara... Xarabalıqlar arasında çoxlu inək gözə dəyir, ətraf kəndlərdən ermənilər bura nar yığmağa gəlir”.

Drambonda qızıl çıxaran avstraliya şirkəti

Məlum olur ki, rusiyalı jurnalistlər Ağdamda 3 saatdan çox olublar. Daha sonra hərəkətlərini davam etdiriblər. Fotoqraf Maks yerlilərdən yaxınlıqdakı Drambon kəndində qızıl çıxarıldığını eşidərək oradan fotoreportaj hazırlamaq ideyası irəli sürür. Belə ki, populyar Rusiya jurnallarından biri ona belə sifariş veribmiş. “Biz hasilat işləri aparan ”Base Metals" şirkətinin ofisinə yaxınlaşdıq və rəhbərliklə razılaşdıq ki, müvafiq akkreditasiyadan keçib sabah gələk. Elə buradan da hər şey başlandı. Görünür “Base Metals”ın işçiləri bizi casus hesab etmişdilər. Onlar “hara lazımsa” ora zəng etdilər və bizi elə birinci postdaca saxladılar" deyə, müəllif yazır. Qeyd edək ki, söhbət Avstraliyanın mineral ehtiyatların hasilatı ilə məşğul olan “International Base Metals Limited» şirkətindən gedir. Azərbaycan XİN yəqin ki, işğal edilmiş ərazilərdə qanunsuz hasilat aparan bu şirkətlə bağlı tədbirlər görməyə çalışacaq.

“Ağdam qadağan zonasıdır”

Jurnalistlərin başlarına gələnlərdən məlum olur ki, onları saxlayan erməni milisləri olub, lakin məsələ daha ciddi olduğundan jurnalistləri separatçı rejimin xüsusi xidmət orqanlarına təhvil veriblər. Jurnalistləri separatçı rejimin “Milli Təhlükəsizlik Nazirliyi”nin zabiti sorğu-suala tutub. Daha sonra erməni zabit jurnalistlərdən haranı gəzdikləri və nə şəkillər çəkdikləri barədə soruşub. “Biz ona hər şeyi danışdıq. O dedi: ”Ağdam qadağan zonasıdır, ora girmək olmaz". “Axı orada heç bir şlaqbaum yox idi” deyə, biz etiraz edirik. İki saat yarımlıq sorğudan sonra bizə əmr edirlər ki, Xankəndinə qayıdaq və qeydiyyatdan keçək. Ancaq fotoaparatın əlimizdən alınacağı deyildi və biz buna etiraz etdik. Erməni zabit rəhbərliyə məruzə etdikdən sonra yenidən fotoaparatı verməyimizi tələb etdi. Nəhayət, mən ona təklif etdim ki, fotoaparatın yaddaş kartını götürsün, ancaq bu barədə sənəd də versin. Erməni zabit əvvəlcə kartı almağı barədə kağız imzaladı, lakin rəhbərliyə zəng edəndən sonra onu qaytarıb aldı və cırıb atdı".
Jurnalistlər sorğu-sualdan sonra Xankəndinə qayıdırlar və separatçı rejimin “Xarici İşlər Nazirliyi”ndə qeydiyyatdan keçmək istəyirlər. Lakin məlum olur ki, iş günü bitib. Onlar ertəsi gün, sentyabrın 14-də “nazirliyə” qayıdırlar. Jurnalistlərin başına gələnlərdən lenta.ru-nun redaksiyası da xəbər tutur və Rusiya XİN-ə baş verənlər haqda məlumat verilir. Nəhayət, separatçı rejimin “Xarici İşlər Nazirliyi ”ndə jurnalistlərə əmr ediblər ki, axşama qədər Dağlıq Qarabağı tərk etsinlər. Bu zaman separatçılar onlara heç bir izahat verməyiblər. Xüsusi xidmət zabitinin götürdüyü yaddaş kartı isə qaytarılıb, ancaq məlum olub ki, Ağdamdan çəkilmiş şəkillərin hamısını siliblər. “Geriyə cəmi budaqdakı iki narın fotosu qalmışdı. Hansı ki, mən onları qoparmazdan əvvəl çəkmişdim” deyə, müəllif yazır. Məlum olur ki, separatçı rejimin “XİN”-ində jurnalistlərin Ağdamda olmasından qəzəbləniblər: “Nəyə görə gələn kimi Ağdama getmisiniz? Bizim monstrlara baxardınız” deyə, işçilərdən biri onlara qışqırıb. Rusiyalı jurnalistlər Moskvadakı həmkarlarının köməyi ilə Ermənistanın və Dağlıq Qarabağdakı rejimin rəsmilərinin telefonlarını taparaq məsələ barədə məlumat veriblər. Ancaq heç bir köməyi olmayıb. Nəhayət, sentyabrın 14-də axşam jurnalistlər Qarabağı tərk edərək Gorusa qayıdıblar. Gecəni orada keçirdikdən sonra sabah yenidən Qarabağa gəliblər. Ermənistandan və Xankəndindən olan yüksək vəzifəli məmurların zəngindən sonra separatçı rejimin “Xarici İşlər Nazirliyi”ndə onların qeydiyyat məsələsini həll edəcəklərinə söz veriblər. Yenidən jurnalistlərə “qadağan zonası” olan Ağdama getdiklərinə görə irad tutublar: “Xankəndi küçələrində gəzərək məsələmizin həll olunacağını gözləməyə başladıq. Axşamüstü əşyalarımızı yerləşdirdiyimiz oteldən zəng edib dedilər ki, təcili gələk. Oteldə bizi 5-6 iri cüssəli şəxs gözləyirdi. Onlardan biri yaxınlaşaraq ”biz cinayət axtarışı şöbəsindənik" deyə, tərs-tərs bizi süzməyə başladı. “Cinayət axtarışımı” deyə, təəccübləndik. “Nədən erməni ”spesnazı" yox?"
Nəhayət, bu zırpı ermənilər jurnalistləri maşına oturdaraq “XİN”-ə gətirir və orada onlara xəbərdarlıq edilir ki, Dağlıq Qarabağdan “deportasiya” olunurlar. Səbəb barədə isə heç bir izahat verilməyib. “Özünüz başa düşməlisiniz” deyə, işçilərdən biri bildirib. Özlərini “cinayət axtarışı şöbəsinin” əməkdaşları adlandıran ermənilər jurnalistləri sərhəddə aparıblar və gömrükçülərə təhvil veriblər. Onlar isə tələm-tələsik sənədlərə möhür vuraraq Gorusa tərəf gedən maşına oturdublar. Bununla da Qarabağa səyahət başa çatıb: “Belə görünür ki, bizim Ağdamda olmağımız onların xoşuna gəlməmişdi. Fotoşəkillərin silinməsi də bunu təsdiqləyir. Ancaq yaddaş kartından silinmiş fotoları bərpa etmək üçün texnologiya haqda yəqin ki, onlar hələ eşitməyiblər. Bizim gəldiyimiz qənaət isə budur: Qarabağdakı hakimiyyət qətiyyən istəmir ki, Ağdamda baş verənlər barədə kimsə dünyanı məlumatlandırsın. Ermənilərin bu gözəl şəhəri necə yerlə bir etdiklərini göstərsin. Elə biz də bütün bunlar barədə kimlərisə məlumatlandırmaq istəmirdik. O vaxta qədər ki, onlar bizə bunu qadağa etməyə başladılar...”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR