İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya “aclar inqilabı”na sürüklənir – Bakıya təsiri olacaqmı...

6950 18.12.2014 08:55 Gündəm A A

Artıq Kreml rəsmiləri Qərbin Putini devirmək planı barədə açıq bəyanatlar səsləndirməkdədirlər. Rusiyanın “aclar inqilabı”na sürüklənməsi isə bu ölkədə məskunlaşmış miqrantlara iki qat zərbədir.

Çünki mümkün xaosda bu ölkədə məskunlaşan miqrantların qəzəbli kütlənin hədəfinə çevriləcəyi ehtimalı böyükdür. Radikal rus cəmiyyəti illərdir ki, bütün bəlalarını təkcə gəlib-keçmiş hakimiyyətlərində deyil, həm də “qaralar” adlandırdıqları gəlmələrdə görür. Bu isə o deməkdir ki, həmin statusda olan adamlar təkcə iqtisadi böhranın deyil, həm də qəzəbli kütlənin qurbanına çevrilə bilərlər. Putinin əl-ayağını yığdığı “dazbaşlar”  miqrantlara divan tutmaq üçün çoxdan münasib məqam gözləyirlər və bu təhlükə riski getdikcə artır.

Rusiya iqtisadiyyatını bürüməkdə olan böhranla əlaqədar azərbaycanlıların da kütləvi şəkildə bu ölkədən Vətənə qayıdacağı barədə məlumatlar son günlər daha da artıb.  Hökumət neçə vaxtdır yayılan bu məlumatları təəccüblü susqunluqla qarşılayır.
Parlamentin son iclasında deputat Fərəc Quliyev Rusiyada yaşayan azərbaycanlıların ölkəyə qayıtma prosesinin başladığını bildirib. Deputat xeyli işsiz kütlənin Azərbaycanda çətinlik yaratmaması üçün təcili tədbirlər görməyə çağırıb: “Rusiyadakı vəziyyətlə bağlı soydaşlarımızın xeyli hissəsi Azərbaycana qayıdır. Rusiyadan qayıdan azərbaycanlıların az-çox pulu var. Onlara dövlətin dəstək çıxması və faydalı çalışdırılması üçün qənaət olunmuş vəsait hesabına bir fond yaratmaq mümkündür”.


Ölkəyə qayıdan soydaşlarımızın qeydiyyata alınması və digər sənəd işlərinin müvafiq strukturlara həvalə ediləcəyini deyən deputat onlara dövlət dəstəyinin vacib olduğunu bildirib: “Soydaşlarımız əyalətlərdə iş qurmaqla bağlı layihələrini təklif olunan fonda təqdim edərək həm öz vəsaitlərini qoymaqla və bu fonddan da müəyyən  dəstək almaqla iş qursunlar”. 

Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar gücləndikcə, rubl sürətlə dəyərini itirdikcə, əmək miqrantı kimi Rusiyada məskunlaşan və kiçik bizneslə məşğul olan azərbaycanlıların ölkəyə dönüşü güclənib. Məlumatlara görə, xüsusilə Rusiya ilə daha sıx əlaqələri olan şimal bölgəsindən ölkəyə qayıdanların sayı daha çoxdur. Bu qayıdış  Azərbaycanın narahat bölgələrindən olan şimal rayonlarında əlavə gərginliyə səbəb ola bilər. Cənub bölgəsindən də Rusiyaya gedənlərin sayında kəskin azalma müşahidə olunduğu halda, şimaldan vətənə dönənlərin sayı çoxalıb. Cənub bölgəmizdəki əməkdaşımızın dediyinə görə, bu cür hal sonuncu dəfə ötən il Orxan Zeynalovun Rusiya vətəndaşı İqor Şerbakovu qətlə yetirəndən sonra skinhedlərin qeyri-ruslara qarşı hücumları zamanı müşahidə edilib.


Son həftələr Rusiyaya gedən üç qatar marşrutu ləğv olunub, eyni proses təyyarə ilə uçuşlarda da başlayıb. Bakı Hava Limanındakı mənbə “Yeni Müsavat”a təsdiq edib ki,  Rusiyaya uçuşlar artıq rentabelli sayılmır: “Getmək istəyənlər əhəmiyyətli dərəcədə azalıb. Əvəzində isə Rusiyadan Bakıya uçmaq istəyənlərin sayı günbəgün artır. Tələbatın artdığını görən AZAL rəhbərliyi qiymətləri bahalaşdırmağa qərar verib” deyə, mənbə bildirib.

Bu xəbəri rəsmi mənbələr də təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, son aylar hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 12,5 faiz, bütövlükdə nəqliyyat sektorunda sərnişindaşıma tarifləri isə 3,2 faiz bahalaşıb.
Söhbət Rusiya iqtisadiyyatının çökməsi ucbatından Azərbaycana dönməyə məcbur olacaq ən azı 1 milyondan çox olan vətəndaşımızdan gedir. Bu gün ən azı 1 milyon Azərbaycan vətəndaşı Rusiyada işləməklə, özlərini və burada qalan ailələrini dolandırır. Ailə üzvlərinin sayını da buraya əlavə etsək, ən azı 3,5 milyon nəfər Rusiyadan gələn gəlir hesabına dolanır. Rusiyada iqtisadi çöküş bu cür sürətlə davam edəcəksə, ölkəni işsizlik bürüyəcək və iş yerini itirən miqrantlar ölkəni tərk etməyə məcbur olacaqlar. Özü də ilk növbədə iş yerlərini  miqrantlar itirəcək. Onların ən azı 60-70 faizi vətənə dönməyə məcbur olacaq və Azərbaycana böyük köç başlanacaq. Qısa müddətdə qazancını itirmiş bu qədər şəxsin ölkəyə qayıtması təkcə miqrantların deyil, onların ailələrinin də ciddi problemlərlə üzləşməsi deməkdir. 


“Azərbaycan hökuməti bu köçü qəbul etməyə hazırdırmı” , sualına isə müsbət cavab vermək çətindir. Çünki hökumətin bəyanatlarına baxmayaraq, azərbaycanlıların kütləvi şəkildə geri qayıdacağı təqdirdə vəziyyətin necə olacağı aydındır. Heç kimə sirr deyil ki, rəsmi statistikada gizlədilsə də, ölkədə iş yerləri məhdud, biznes mühiti isə monopoliyadadır. Azərbaycanda biznes mühiti o qədər monopoliyalaşıb ki, vətənə qayıdıb burada iş qurmaq istəyənləri nə gözlədiyi məlumdur.

Onu da nəzərə almaq lazımdır ki, Rusiyada işləyən azərbaycanlı miqrantların böyük bir qismi ali savadlı deyil və hər hansı peşə ixtisası yoxdur. Bu səbəbdən də Azərbaycana qayıtdıqdan sonra onların işlə təmin olunmasında müəyyən çətinliklər yarana bilər. Azərbaycanda işsizlər ordusunun sayının birdən-birə  kəskin artması isə ölkədə sosial gərginliyi partlayış həddinə gətirə bilər. Üstəlik, Rusiyadan Azərbaycan vətəndaşlarının geri qayıtması şübhəsiz ki, ölkədə onsuz da ağır olan kriminal duruma da təsir edəcək. 
Azərbaycanlılarla bağlı vəziyyəti qəlizləşdirən daha bir mühüm amil də var ki, bu da Ukraynadakı vəziyyətdir.


Məlumdur ki, Ukrayna Rusiyadan sonra azərbaycanlıların ən çox məskunlaşdığı keçmiş SSRİ respublikalarından biridir. Ukraynada yaşayan azərbaycanlılar Rusiya ilə müqayisədə bu ölkəyə daha tez uyğunlaşa bilirlər. Amma bu ölkədəki müharibə vəziyyəti Rusiyadan çıxmaq istəyənlərə alternativ kimi Ukraynanı seçməsinə imkan vermir. Hazırda Ukrayna iqtisadiyyatı çox çətin günlərini  yaşayır, orada da qrivin (pul vahidi) kəskin şəkildə alıcılıq qabiliyyətini  itirib. Bu da bilavasitə orada əmək fəaliyyəti ilə məşğul olan miqrantların gəlirlərinin azalmasına səbəb olur. Əgər Ukrayna hökuməti də tez bir zamanda sabitliyə nail ola bilməzsə, bu da bilavasitə azərbaycanlıların  müəyyən qisminin Azərbaycana qayıdışına səbəb olacaq.

Dünya bazarında neftin qiymətinin düşməsi azərbaycanlıların mümkün böyük köçünün yarada biləcəyi problemləri daha da artıra bilər.  Dekabrın 17-də London birjasında Azərbaycan nefti 0,48 dollar ucuzlaşaraq 61,91 dollar təşkil edib.
Görünən budur ki, təkcə Rusiyanı deyil, Azərbaycanı da çətin qış imtahanı gözləyir... 

Xəbər xidməti

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR