İnsanlara hürriyət, millətlərə istiqlal!

Qum adasını “Hafka”dan aldılar – özəl xəbər

14961 22.01.2015 09:00 Gündəm A A

***

Xəzər sahilindəki torpaq sahələri kimi dənizin içindəki adalar da məmur-oliqarxlar arasında bölünüb. Qum adası illərdir ki, nəqliyyat naziri Ziya Məmmədovun şəriki, adı az qala tanınmış müğənni qədər populyar olan iş adamı, “Baglan Group”un sahibi, “Hafka” ləqəbli Hafiz Məmmədovun nəzarətində idi. Redaksiyaya etibarlılığı şübhə doğurmayan mənbənin verdiyi məlumata görə, indi Hafiz Məmmədov “vurulmuş”lar sırasına qoşulduğu üçün onun varidatı da bölüşdürülməyə başlayıb. Aldığımız məlumatda deyilir ki, bir vaxtlar “Hafka”nın istifadəsinə verilmiş Qum adası AZAL prezidenti Cahangir Əsgərovun nəzarətinə keçib. C.Əsgərov adada hökumətin xüsusi iqtisadi zonaların yaradılması planlarını gerçəkləşdirmək öhdəliyi götürüb. Bu proyektin gerçəkləşməsi üçün niyə məhz C.Əsgərovun seçilməsi də onun biznes aparmaq maneralarına bağlı məsələdir. 

***


Ötən ilin ortalarından Hafiz Məmmədov biznes və siyasət olimpində mövqelərini itirməyə başlayıb. “Bank of Azərbaijan”ın əlindən alınması ilə başlanan proses bu gün də davam edir. Belə məlumat da var ki, iş adamı neft biznesindəki payından da məhrum olmaq üzrədir. Xatırladaq ki, bir neçə ay əvvəl elə Qum adasında yerləşən və H.Məmmədova məxsus olan “Bahar Enerji Əməliyyat Şirkəti”nin əməkdaşları əməkhaqlarının yubadılması və kütləvi ixtisarlar səbəbindən etiraz aksiyası keçirmişdilər. Həmin vaxt “Yeni Müsavat”ın reportyoru aksiya keçirilən ərazidən reportaj hazırlamışdı. İşçilər onda əməkdaşımıza bildirmişdilər ki, əməkhaqları neçə aydır verilmir, üstəlik də xəbərdarlıq edilmədən ixtisarlar aparılır. 


Bunun ardınca mediada “Hafka” ilə bağlı bədbin məlumatlar ard-arda yayılmağa başladı. Onun sahibi olduğu Fransanın “Lans” futbol klubu ətrafında da ciddi qalmaqallar başladı. Hətta bir müddət Fransa mətbuatında Hafiz Məmmədov manşetlərdən düşmürdü. “Lans”la bağlı qalmaqal bu futbol klubunun Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən alınması ilə özünün pik nöqtəsinə çatdı. A.Məmmədov “Hafka”dan xəbərsiz onun sahib olduğu əcnəbi futbol komandasını ələ keçirdi. Bundan sonra Məmmədovların keçmiş ortağının adından kifayət qədər sərt tonda bəyanat yayıldı.


Hafiz Məmmədov Ziya və Anar Məmmədovları həmin bəyanatda hədələyərək “onlar bu hərəkətlərinə görə cavab verəcəklər” cümləsi işlətdi. Hadisələrin sonrakı inkişafı haqda oxucuların məlumatı olduğundan bu mövzunun üzərində çox dayanmağı lazım bilmirik. Təkcə onu xatırladaq ki, 2015-ci ilin ilk günlərində “Hafka” haqda yayılan xəbər bu oldu ki, o, biznesini Türkiyəyə köçürüb, iş adamı qardaş ölkədə yeni şirkət qurub.  

Beləliklə, barəsində əfsanələr dolaşan Hafiz Məmmədov hazırda karyerasının qürub dövrünü yaşayır. Futbol klubu, bankı əlindən çıxdıqdan sonra indi də neft biznesini onun əlindən tamamən alırlar. Mənbəmiz bildirib ki, “Hafka” neftlə əlaqəli kontraktlarını da Cahangir Əsgərova satmalı olub. Artıq Qum adasındaN “Hafka”ya məxsus neft hasilatında istifadə olunan ağır texnikalar da çıxarılıb. Bu, H.Məmmədovun Azərbaycandan tamamilə qovulması anlamına gəliRmi? Məlumatlı mənbə bu suala “bəli” cavabını verdi. 


Onun əmlaklarını, biznes payını alan Cahangir Əsgərov təkcə Azərbaycanın hava məkanına ağalıq etmir. Bakı Hava Limanının yerləşdiyi Binə və bu qəsəbəyə bitişik Şüvəlan zonası da çoxdandır AZAL prezidentinin tam nəzarətindədir. O, vaxtilə Bakı milyonçularından olan Hacınskinin bağ evini də alıb. Sahəsi cəmi 20 sot olan bu bağın ərazisi hazırda genişləndirilib və 2 hektar yarımdır. Cahangir Əsgərovun həmin ərazidə atçılıq stadionu, administrativ bina, şəxsi vertolyot meydançası, həyat yoldaşının parfümeriya istehsalı müəssisəsi, hazır mal anbarı və s. yerləşir. 

Burada tennis kortunun, üzən yay və qış hovuzlarının, futbol meydançasının, yüz nəfərlik qonaq evinin olduğu da bildirilir. Cahangir Əsgərov havadan yerə enəndə bu ərazini elektromobillə gəzir, bunun üçün bir neçə elektromobilə də sahibdir.  Yəni AZAL prezidentinin keçmiş milyonçuların mülklərini alıb özünə şəxsi xüsusi iqtisadi zona yaratması praktikası var. Ona “Hafka”nın əmlaklarının verilməsi də bu baxımdan başa düşüləndir. 

E.HÜSEYNOV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR