İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda qəzaya uğran Türkiyə təyyarəsi ilə bağlı sensasion iddia – Həmid Hersçi yazır

8893 17.01.2017 08:55 Gündəm A A

Yeni il gecəsi İstanbulun “Reina” gecə klubunda baş verən terror mövzusu, deyəsən, hələ uzun müddət “Yeni Musavat”ın diqqət mərkəzində qalacaq. Mövzu ilə bağlı son araşdırmamızda, cinayət ipuclarının bircə dəqiq ünvana - Qırğızıstandakı “Manas” hərbi bazasına getdiyini vurğulamağımız, deyəsən yavaş-yavaş öz təsdiqini tapmaqdadır. Qısası, “Manas” mövzusu ətrafında izahsız, səbəbsiz qanlı hadisələr hələ də davam edir, səngimək bilmir. Ötən araşdırmamızda yazmışdıq:


“Kələfin bir ucu beləliklə gedib çıxır  Bişkekdəki ”Manas" bazasının dəmir qapılarına. Vaxtilə burdan yönləndirilən gizli casus müharibələri hələ uzun zaman bu, yaxud digər şəkildə davam edəcək. Pentaqon Hərbi Kəşfiyyatı, bir vaxt bu bazaya anasının əmcəyini kəsmiş yüzlərlə uyğur, bəluc, əfqan, çeçen, dağıstanlı terrorçunu yığır. Başlayır onlara təlim-tədris dərsləri öyrətməyə. İstanbulu yeni il ərəfəsində al qana boyamış uyğur terrorçularının mənşəyini, izlərini, dəst-xətlərini öyrənmək istəyiriksə, gərək öncə mütləq bu bazada təlim görmüş digərləri barədə geniş biliklərə yiyələnək".

Ağzımız falmış. Aradan 10 gün keçməmiş, “Manas” bazasının adı növbəti qanlı bir hadisə ilə gündəmə qayıdıb, bütün dünya ictimaiyyətinin fikrini silkələyir:

“Bu gün 16 yanvar səhər saat 07-29-00 radələrində Türkiyə şirkətinə məxsus ”Boeing 747-400" yük təyyarəsi Bişkekin “Manas” hərbi bazası yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində ekipaj üzvləri, qəsəbə sakinləri də daxil olmaqla, 37 nəfərin həlak olduğu ürək ağrısı ilə bildirilir. Qırğızıstanın Nəqliyyat Nazirliyi qəzaya uğrayan yük təyyarəsinin mərkəzi ofisi İstanbulda yerləşən “ACT” Hava Yolları yükdaşıma şirkətinə aid olduğunu bəyan edib. Qırğızıstan Respublikası baş nazirinin müavini Muhambetkalıy Abulkaziyevin sözlərinə görə, təyyarə Honk-konq-Bişkek-İstanbul reysi üzrə uçurmuş.

Bəzi qaynaqlar qüllənin təyyarəyə səhv istiqamət verdiyini və qəzanın bu səbəbdən meydana gəldiyini iddia edir. Bu iddia təxribat ehtimalını daha da gücləndirir.


Qəzada ölən istefada olan hava generalı Kazım Öndül, Əfqanıstanda xidməti vəzifə yerinə yetirən, 2009-cu ildə ABŞ dövlət katibi Hillari Klinton tərəfindən tərifə layiq görülən bir hərbçi olub. 

Düşən təyyarə 2003-ci ildə “Boeing” tərəfindən istehsal edilib. 124 ton yük daşıma qabiliyyətinə malik olan təyyarə, 5 min 230 kilometrlik mənzilə qədər məsafəni qət edə bilir. Saatda ən çox 922 kilometr sürətə çıxa bilən “Boeing 747-400F” -də iki pilot vəzifə yerinə yetirir. 

***


Beləliklə, söhbətimizin əzəl mübtədası “Manas” hərbi bazasıdır, yadda saxlayın. 
ABŞ hərbi kəşfiyyatı, 2001-ci ildə, 11 sentyabr olaylarından dərhal sonra bu bazanı gözaltı edib başlayır oranı gizlincə öyrənməyə. İştaha diş altındadır. Ac, pulsuz qırğız siyasi elitası əvvəlcə təklif edilən 2 milyon dollara razılaşır. Sonra hərifləndiyini duyub bu məbləği 11 milyonadək yuxarı qaldırıb yenə öz nazından qalmır. Vaxtaşırı, boş əlini cibindən çıxararaq Pentaqonun səbrini yoxlamağa başlayır. O vaxtlar təkcə “Manas” deyil, Özbəkistandakı Karşı-Xanabad hərbi-hava bazası da Pentaqonun kirayəsinə verilib əvvəlcə ildə 10 milyon, sonra 163 milyon dollar pul gətirirmiş bu dövlətlərin kasıb, içində siçan oynayan xəzinələrinə. 

11 sentyabr qanlı terror aktlarından sonra Pentaqon bir çox ölkələrin xüsusi xidmət qurumları tərkibində “Antiterror mərkəz”ləri yaratdığı zaman “Manas”, “Karşi” bazaları yada düşür. Pentaqon bu ünvanlarda reqional “Antiterror mərkəzi” yaradıb başlayır orda MDB xüsusi xidmət qurumları nümayəndələrinin təlim-tədrislərinə. Lakin bu, işin ancaq rəsmi tərəfidir. Gündüzlər bu ünvanlarda rəsmi dövlət nümayəndələri təlim keçir, gecələr isə...


Gecələr isə... əli qanlı çeçen, dağıstan, uyğur, tatar, əfqan, bəluc, İran terrorçuları...

***
İlqar Əliyev, qazamatda müəmmalı şəkildə qətlə yetirilmiş sabiq MTN zabiti, ssenarinin Azərbaycana aid hissəsini heyf özü ilə birgə cəhənnəmə apardı. Diri qalsa, o, bizə bu bazada təlim keçən Azərbaycan yaraqlıları barədə müfəssəl, tam məlumatlar ötürər, “Manas”dakı bu “Sirlər bazası”nda əslində nələrin baş verdiyini bittə-bittə, cümlə-cümlə saatlarla danışardı. Amma...

Amma indi görün dövri mətbuatda İlqar barəsində nələr danışılır: “Ləğv olunmuş MTN Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyev E.Mahmudov vəzifəsindən çıxarılandan dərhal sonra - 2015-ci il oktyabrın 17-də həbs edilmişdi. Az bir vaxtda İ.Əliyevə ittiham elan edib, onu Bakı İstintaq Təcridxanasına (BİT) göndərmişdilər. İ.Əliyev BİT-də 2 aya yaxın qaldı və 2015-ci il dekabrın 20-də onun kəndirdən asılmış meyitini saxlanıldığı kamerada aşkar etdilər. Bu gün də onun ölümünün üzərində sirr pərdəsi qalmaqdadır..."

***

Ancaq “Manas” bazasının əsl sirri inanın heç bu da deyil. “Nədir, yaxşı, bu bazanın əsl sirri” sualına cavab verməmişdən öncə xahiş edərdim indi eşidəcəkləriniz barədə kənar şəxslərlə çox danışmayasız. Səsinizi, söhbətlərinizi xırp yarıdaca kəsib, mənə diqqətlə qulaq asasız.


Demək, belə. Əsl həqiqət tam başqa məzmunlu olub bu başıbəlalı ünvanda. Biləndə ki, Pentaqon “Manas”da öz gizli bazasını açıb Rusiyanın tabutuna son mismarını vurmaq istəyir, rus hərbi kəşfiyyatı QRU, “MOLE” kod isimli agentin rəhbərliyi altında çox ciddi hiyləyə əl atır. Bazanı başdan-ayağa dinləmə böcəkləri ilə bəzəyir. Uçan pilotsuz təyyarələr və sair və ilaxır məxfi texniki cihazlar vasitəsilə bazanı tam nəzarətə götürüb başlayır təlim keçən terrorçuların tam dosyelərini toplamağa. Dosyelər günü-gündən şişir. Bəlli olur baza “Antiterror mərkəzi” yox...yooooooxxx...əsl “Terror mərkəzi” imiş...
Rus kəşfiyyatı QRU, müxtəlif texniki vasitələrdən istifadə edərək gündüzlər burda İlqar Əliyev kimi rəsmi dövlət nümayəndələrini güdür, gecələr isə əli qanlı Dağıstan, Çeçenistan yaraqlılarını. 


Tezliklə bəlli olur ki, anasının əmcəyini kəsən terrorçuları “Manas”a xüsusi trafik xətti - “Dubay-Bişkek” təyyarə reysi daşıyır. Dağıstan, çeçen yaraqlıları əvvəlcə gəlirdilər Dubay hava limanına. Burda gizli QRU videokameralarına düşüb, yallah, qanadlanıb gedib çıxırdılar birbaşa adı bədnam “Manas” hava bazasına. Rus əks-kəşfiyyatçıları, beynəlxalq terrorçuların uzun siyahısını məhz bu cür əldə edib sonra girişirlər “Manas”dakı təhsil proqramlarına. Partlayış, təxribat əməliyyatlarının bütün incəliklərini, ssenarilərini, texniki sənədlərini oğurlayıb gətirirlər Moskvaya. Bax bu zaman, gözləri qarşısında həqiqətin əsl siması, əsl qanlı, sirli mənzərəsi açılır.


2005-ci ildə məsələ gizli şəkildə Şanxay Əməkdaşlıq Şurası (ŞOS-da) üzvləri - Rusiya, İran, Çin xüsusi xidmət qurumları arasında müzakirəyə çıxarılır. Sammit iştirakçıları o vaxt - yəni 2005-ci ildə, rəsmi bir sənəd qəbul edib Pentaqon şahinlərini bu bazanı bağlamağa səsləyirlər. Sənəd Pentaqon tərəfindən qulaqardına vurulanda QRU hirsindən yerə tüpürür. Bildiklərini başlayır İran, Çin kəşfiyyatçıları ilə bölüşməyə. Çinliləri Manasdakı uyğur terrorçuları maraqlandırır, iranlıları, burda təlim keçən anti-Tehran “Cundulla” yaraqlıları.

***
“Cundulla” ilə qarşıdurmada Rusiya, nəhayət, İranın köməyinə gəlib Tehrana çatdırır ki, “Dubay-Bişkek” hava xətti ilə uçan sərnişinlərə xüsusi diqqət yetirmək lazımdır. Ruslarla iranlılar Bişkekə uçan sərnişinlərin uzun siyahısını vaxtaşırı əldə edib sıralarında onlarla Çeçenistan, Dağıstan yaraqlısını, nəhayət, ən vacibi - “Candulla” üzvlərini, o cümlədən bu terror qurumunun rəhbəri Əbdülmalik Riqini aşkarlayırlar. Bəxt quşu, necə deyərlər, qonur rus əks-kəşfiyyatçılarının başına. Moskvadan Tehrana ötürülən siqnal anında öz təsdiqini tapır. İran qırıcı təyyarələri sağdan-soldan, altdan-üstdən Qırğızıstan hava laynerini əhatəyə alaraq onu Bəndər-Abbas aeroportunda yerə endirirlər. Həbs prosesinə Qırğızıstan güc strukturların maneçiliyi alınmır. Gülməli çıxır. Sonralar rəsmi Tehran Bişkekin bu müdaxiləsinə sərt reaksiya verir. Qırğızıstan rəhbərliyini beynəlxalq terrorizmlə əməkdaşlıqda ittiham edib, bir gözü ilə Haaqa Tribunalına tərəf baxır. 


Bunu görən rəsmi Bişkek isə susur...

***
Əməliyyatın rus ordu kəşfiyyatı QRU üçün rəmzi məna daşıdığı 23 fevral 2010-cu il tarixində keçirilməsi də, görünür, təsadüfi deyildi. Riqinin həbsindən sonra kütləvi tuthatut Çeçenistanda, Dağıstanda, Tatarıstanda davam edərək Pentaqon kəşfiyyatına güclü və sarsıdıcı zərbə vurur. Əməliyyatın kuratoru, ABŞ Dövlət Departamentinin Pakistan və Əfqanıstan üzrə xüsusi məruzəçisi Riçard Xolbruk, düz həmin tarixdə “Manas” bazasında oturub Riqiylə görüşəcəyi anı səbirsizliklə gözləyirdi. Xəbər gələndə ki, bəs təyyarə yerə endirilib, Riqi həbs olunub, həəəə... Riçard Xolbrukun sağ əli gedir ürəyi üzərinə. Tezliklə o, infarkt keçirib “aorta yırtılması” diaqnozuyla dünyasını dəyişir. 

***



“Manas” bazasına qarşı güc tətbiqi o vaxtlar təkcə elə kəşfiyyat əməliyyatları çərçivəsində həyata keçirilmir. Qırğızıstan parlamenti üzvləri, silsilə siyasi aksiyalar keçirib “Manas”a qarşı bir neçə qərar qəbul edirlər. O vaxt da ölkə prezidenti Kurbanbek Bakiyev vəziyyəti münasib görüb istəyir bir az da varlansın. Amerikalılara xəbər göndərir ki, narahatçılığa ehtiyac yoxdu. Əliniz cibinizdə olsun. Gic-gic danışanlara fikir verməyin. “Manas”ın icarə müqaviləsini birtəhər uzadıb işimizi əvvəlki tempdə davam etdirəcəyik.

Ancaq artıq gec idi. 7 aprel 2010-cu ildə xalq etirazlarının hündür dalğası havaya qalxıb prezident sarayının üstündən aşır bir növ. Kurbanbek Bakiyev paytaxtı tərk edib qaçır öz doğma Oş vilayətinə. Sonra ordan da qaçıb gedir, Allah bilir hara...

***

Son zamanlar dövri mətbuat Amerika ilə Rusiya arasındakı gərginliyə xüsusi fikir versə də burdakı bəzi gizlinlərdən əsla xəbərdar deyildir. Həqiqət isə budur - Rusiya ilə ABŞ arasındakı gərginlik ilk növbədə bu ölkələr arasındakı real kəşfiyyat müharibələrindən qaynaqlanır. 2010-cu il 23 fevral tarixindən bu döyüşlərdə hesab çoxdan Rusiyanın xeyrinədir.

Obama-Hillari Klinton administrasiyası bu sahədə kəşfiyyat müharibəsini böyük hesab fərqi ilə ruslara uduzub.

Kopitoliya hündürlüyündə baş verən hakimiyyət silkələnmələri də ilk növbədə məhz bununla əlaqədardır. 

***

Qırğızıstanda ötən gün qəzaya uğrayan “Boinq-747” yük təyyarəsinin təxribat nəticəsində yaşayış massivinə düşməsi barədə birmənalı fikir bildirməyə tələsməyə gərək yoxdu. Amma düşüncələrdə təxribat versiyası ilk sıradadır. “Reina” terrorundan sonra Türk Hava Yolları təyyarələrinin terrorçuların hədəfində olması ilə bağlı ekspertlər açıqlama vermişdilər. Bunun çox pis nümunəsi yaxın tariximizdə ABŞ-da baş verdi - 11 sentyabr 2001 tarixində. 

***

Türkiyənin başı üzərindəki qara buludlar bu ölkənin hava gəmilərinin pistlərə eniş-qalxışlarına mane ola biləcəkmi? Təki olmasın. Günahsız insanların zərər görməsi çox acıdı...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR