İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadın sürücülər içki şüşəsində niyə boğulur? – araşdırma

3786 30.11.2015 09:40 Gündəm A A
Son bir neçə günün ən çox müzakirə olunan mövzularından biri də reydlər zamanı yaxalanan sərxoş qadın sürücülərdir. Bu zaman özlərini hədsiz dərəcədə tərbiyəsiz aparan qadınlar ilk baxışda ikrah doğurur. Onlar polisi saymır, onlarla olduqca pis davranırlar, hadisə yerindəki jurnalistləri təhqir edirlər və sair. 

Təbii ki, bu mənzərələrin sayı artdıqca sürücü qadınlara da içdən-içə bir aqressiya yaranır. Cəmiyyətdə onların hamısının bu cür olması barədə təəssürat yaranır. Onsuz da bu günə qədər nəqliyyatda qadın sürücülərə qarşı qeyri-adekvat münasibət özünü göstərirdi. İndən belə...

Aprel ayındakı statistikaya nəzər salaq. 2015-ci ilin əvvəlindən aprelə qədər 150 sürücü qadın sərxoş avtomobil idarə etdiyi üçün saxlanılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov həmin vaxt bildirmişdi ki, keçirilən reydlər zamanı sərxoş sürücülər arasında qadınların da sayı artır.

“İlin əvvəlindən bu günə qədər reydlər zamanı 150 sərxoş qadın sürücü müəyyən edilib. Çox təəssüflər olsun ki, həmin xanım sürücülər arasında ciddi qanun pozuntularına görə bir neçəsi də həbs edilib”, -deyə Vaqif Əsədov bildirib.

Yol polisi onu da açıqlamışdı ki, polis əməkdaşlarına qarşı kobudluq edən qadın sürücülərə də rast gəlinib. Onlar barəsində də hüquq müstəvisində tədbirlər görülüb.

Qadınları kişilər  içirdir?!

“İmkanlı kişilər qadınlara 400 minlik maşın hədiyyə edirlər. Deyirlər ki, al sür, istədiyini elə! Onlar da içib bara gedirlər...”. Bunu azvision.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. Millət vəkili son günlər içkili vəziyyətdə sükan arxasına oturan qadınların sayının artmasına münasibət bildirib.


Qeyd edib ki, qadınların içki içmələri, əxlaqsızlıqla məşğul olmalarının kökündə bir sıra ciddi məqamlar durur. Onun sözlərinə görə, bu çox təhlükəli bir haldır: “Ölkəmizdə qadınların əxlaqsızlıq etmələri və insan alveri ilə məşğul olmaları ilə bağlı kifayət qədər problemlər mövcuddur. Buna qarşı cəmiyyətin ümumi mübarizəsi yoxdur. Qadınların xeyli hissəsi pis alışqanlığa düçar olub. Azərbaycan cəmiyyətinin içkiyə aludəçiliyi çox yüksəkdir. Bu çox üzücü bir haldır. Bu gün barlarda gecə həyatı yaşayan çoxlu sayda qadın var. Hesab edirəm ki, hazırda ölkədə əxlaqla bağlı çox ciddi aşınma prosesi gedir. Bunun qarşısını almaq üçün cəmiyyətin səfərbər olması lazımdır”.


Deputatın sözlərinə görə, içkili vəziyyətdə avtomobil idarə edən qadınların öz himayədarları var: “Qadınların içkili formada maşın idarə etmələri daha çox onların himayə olunmaları ilə bağlıdır. Özünə arxayın olmayan adam içkili formada sükan arxasına oturmur. Bəzi şəxslər öz himayələrində olan və qeyri-qanuni formada münasibət qurduqları qadınlara maşın alıb verirlər və onları küçəyə buraxırlar. Nəticədə həmin qadınlar yollarda bildiklərini edirlər”.


Psixoloqlar isə hesab edirlər ki, haqq etmədiyi mərtəbəyə yüksələn bütün insanlar üçün bu hal keçərlidir. Onlar öz hesablarına yox, başqalarının pulu, gücü hesabına əldə etdikləri üstünlüklərdən bu cür sui-istifadə edirlər. Haqqında danışdığımız nümunəyə gəlincə, ailə-uşaq məsuliyyəti olan qadın heç bir zaman maşını içkili vəziyyətdə idarə etmir. Onlar bu halda özlərinə çox arxayın olduqları üçün və hətta öz canlarını da heçə saydıqları üçün belə riskə gedirlər. 

İş yerində həftədə 48 saatdan çox vaxt keçirən qadın... içkiyə meyilli olur?

Dünyanın 14 ölkəsini təmsil edən alimlər tərəfindən aparılmış araşdırmanın nəticələrinə əsasən, insanın gündəlik işə sərf etdiyi vaxtla onun spirtli içkilərə aludəçiliyi dərəcəsi arasında birbaşa asılılıq müəyyən edilib. Alimlərin qənaətinə görə, iş yerində həftədə 48 saatdan çox vaxt keçirən kişi və qadın işçilər spirtli içkilərdən daha tez-tez istifadə edirlər.

Bundan əvvəl belə bir rəy geniş yer almışdı kı, 48 saatdan artıq iş həftəsi insanda ürək-damar, depressiya, narahatlıq, yuxusuzluq və bu kimi digər xəstəliklərin riskini artırır.
Bütün bu xəstəliklər alkoqol istehlakı ilə əlaqələndirilirdi, lakin çox işləməklə spirtli içkilərə aludəçilik arasında birbaşa bağlılıq müəyyən edilməmişdi.

Yeni elmi tədqiqat Britaniyada nəşr olunan tibbi jurnalda dərc edilib. Tədqiqat Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, Kanada, Yeni Zelandiya, ABŞ, Tayvan, İsveç kimi inkişaf etmiş iqtisadiyyatlar da daxil 14 ölkə üzrə keçirilib.

Həmin ölkələrdən 400 min nəfər tədqiqat çərçivəsində müşahidə edilib. Tədqiqatın nəticələrinə görə, çox işləyənlər arasında alkoqolizm riski normal iş həftəsi olanlarla müqayisədə bütövlükdə 11 faiz artıq olub.

Həftədə 48 iş saatı əvəzinə 49-54 saat çalışanların həftədə 35-40 saat işləyənlərlə müqayisədə alkoqolizmə meyillilik riski 13 faiz çox çıxıb.

Spirtli içkilərin riskli istehlakı qadınlar üçün 14, kişilər üçün isə 21 alkoqol vahidinə bərabərdir; müvafiq olaraq bu miqdar qadınlar üçün 1220 ml qırmızı şərab deməkdirsə, kişilər həmin risk həddi ilə, misal üçün, bir həftəyə 4 litr pivə içdikdən sonra üzləşirlər. 

RUS qadınların içkiyə meyli və dünyaya gətirdiyi xəstə uşaqlar 


Rusiyada aparılan araşdırmalarda isə üzə çıxıb ki, alkoqol düşkünü olan anaların dünyaya gətirdiyi uşaqlarda zahirdən ağıldankəmlik hiss olunur. Bu cür uşaqların üzünün orta hissəsi və beyni lazımi qədər inkişaf etmir. Dünyanın bütün ölkələrində bu cür uşaqlar oxşar qüsurlarla doğulur: gözlərində çəplik, qulaq seyvanı böyük, ümumi fiziki inkişafdan qalma, alçaqboy və s. olurlar. Bu cür bioloji xüsusiyyətlər bütün xalqlar üçün hamilə qadının alkoqoldan istifadəsinin göstəricisidir. 

Rusiyada aparılan monitorinqlər orta məktəbdə oxuyan qızlar arasında spirtli içkilərdən geniş istifadəni də üzə çıxarıb. Belə ki, məktəbli qızlar spirtli içkilərdən mütəmadi istifadə edirlər. Ancaq eyni yaşda oğlan uşaqları arasında isə Rusiyada rəqəmlər o qədər də yüksək deyil. Daha doğrusu, oğlanlar alkoqolla tanışlığa daha gec başlayırlar. Monitorinq qrupunun rəhbəri Yelena Varavikova bildirib ki, ölkədə alkoqoldan istifadə səviyyəsi gələcək nəsillərin və əhalinin sağlamlığını risk altında qoyur. Belə ki, alkoqol hamiləliyin normal müddətini pozur. Bu hətta, uşaqsalmaya, ölü doğuşlara, rüşeym dövründə pozuntulara və eybəcər uşaqların doğulmasına səbəb olur. Rusiyada bu sindromdan əzab çəkənlərin ümumi sayı məlum olmasa da, liçkili sonluğ»un genişlənməsi Rusiya uşaq evlərinə “daun” sindromu ilə yerləşdirilən uşaqların bir neçə dəfə çoxaldığını ortaya çıxarıb. “Əgər qadın hamiləlik dövründə alkoqoldan istifadə edirsə, demək, o, buna erkən yaşlarından aludə olub. Ancaq Rusiyada hamiləliklərin yarısı planlaşdırılmamış olduğundan, qadınlar öz vəziyyətlərini bilmədən içməkdə davam edirlər”. 

Tədqiqatlar göstərir ki, analar xüsusən hamiləlik dövründə alkoqol qəbul edərkən bu, doğulacaq uşaq üçün böyük risk yaradır. Bu, həmçinin ailənin gələcəyi və ölkə üçün təhlükəli sayılır. “Hazırda Rusiyada həkimlərin nevroloji status qoyduğu çoxlu sayda uşaqlar böyüyür. Bu o deməkdir ki, bu uşaqlar alkoqol düşkünü olan analar tərəfindən dünyaya gətirilib. Rüşeymin inkişafı dövründə onlara psixoloji, fiziki və emosional inkişafın pozğunluğu diaqnozu qoyulub. Həmçinin Şərqi Avropadan qəyyumluğa götürülən uşaqların da əksəriyyətində nevroloji problemlərin ortaya çıxması analarının içkidən istifadəsi ilə əlaqədar olub”. Hazırda Rusiyada doğulan uşaqların çoxunda rüşeymin inkişafı dövründə alkoqol pozuntuları aşkarlanıb. Belə ki, həmin analar həftə ərzində dozadan 7 dəfə çox alkoqoldan istifadə edirlər... 

PULU varsa, cəriməni ödəyəcəyini də bilir - daha bir “məntiq”


Azərbaycanlı qadın sürücülərin hərəkətinə qayıdaq. Fakt göstərir ki, bu hal həm də yaş həddi ilə bağlıdır. Gənc xanımlar bəzən çevrəsindən fərqlənməmək üçün spirtli içkilərdən kifayət qədər çox istifadə edirlər. Bunu özünütəsdiq kimi də qəbul etmək olar. Bu mənada özünütəsdiq üçün qadınların nəinki spirtli içkilərə qurşandığını, hətta narkomaniyaya aludə olduğunu, erkən cinsi münasibətlərə başladığının da şahidi oluruq.

Konkret bu halla bağlı Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Yeni Müsavat”a açıqlamasında danışıb. O deyib ki, bu mənzərənin yaranmasında bir neçə amil rol oynayır. Belə ki, maddi rifahın yüksəlməsi ilə bağlı ölkədə avtomobil idarə edən qadınların da sayında bir artım yaranıb. 


Onun sözlərinə görə, onlardan bəziləri sürücülük təcrübəsinin artması səbəbindən daha mükəmməl idarə etməyə qadir olduqlarını fikirləşib, alkoqollu içki də qəbul edirlər: “Bunların hamısı da yollarda sərxoş qadınların artmasına təsir edir. Dediyim kimi, maddi durumla bağlı məqamlar da var. İnsan bu gün fikirləşsə ki, hansısa qayda pozuntusuna görə bu cəriməni ödəmək iqtidarında deyil, bundan çəkinər. Amma dediyim kimi, bunların hamısı bir səbəb deyil. Bir neçə amilin təsiri nəticəsində xanım sürücülər də sükan arxasında alkoqollu içki qəbul edib, əyləşirdi”.

Müsahibimiz “sərxoş qadın sürücülərin sayının  bu dərəcədə kəskin artımı göstərir ki, bu günə qədər reydlər zamanı qadın sürücülər saxlanılmayıb” sualına cavabda isə dedi ki,  reydlər zamanı sürücülərin cins kateqoriyası nəzərə alınmır: “Sadəcə, plan əsasında müəyyən reydlər aparılanda qadın sürücülər də aşkara oluna bilər. İçkili qadınlar hər zaman olub. Hətta bir neçə il bundan əvvəl avtoxuliqan qadınlar da vardı. Əvvəl qadın sürücülərin sayı az idi. Amma say çoxaldıqca pozuntuların da sayı artdı. O baxımdan bir-iki qadın reyd vaxtı saxlanılırdısa, qadın olmaları nəzərə alınaraq bu informasiya ictimailəşdirilmirdi. Məsuliyyətə cəlb olunurdular, amma ictimailəşdirilmirdi. Amma qadın sürücülərlə bağlı qayda pozuntuları, xüsusən də sərxoş qadın sürücülərin sayı artdıqca bunu ictimailəşdirmə zərurəti hiss etdik. 

Çünki öncədən sürücü xanım fikirləşirdi ki, maddi imkanım var, cərimə də ödəyə, 6 ay-1 il sürücülük hüququndan da məhrum edilə bilərəm. Bunu nəzərə alıb, içə bilərəm. Amma bunun ictimailəşdirildiyini gördükdə ola bilər ki, təsiredici vasitə kimi ona təsir etsin, hərəkətinin qarşısını alsın. Onun özünün, həyatının qorunması, digər yol hərəkət iştirakçılarının təhlükəsizliyi üçün belə profilaktik tədbirləri keçirmək vacibdir. Amma hansı xanım hansı səbəbdən içib, içməzdən əvvəl nə düşünüb, bunu psixoloqlar dəyərləndirsə, daha yaxşı olar".

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR