İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən manatın kursu ilə bağlı mövqe və reaksiyalar

11193 26.02.2015 08:30 Gündəm A A


“İqtisadiyyatın öz qanunları var. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Azərbaycanda gedən işlər təqdirəlayiqdir və mötəbər beynəlxalq maliyyə qurumları bizim uğurlarımızı yüksək qiymətləndirir. Ancaq eyni zamanda regionda gedən proseslər istər-istəməz bizə də təsir göstərir”. 

Bu fikirləri prezident İlham Əliyev Mingəçevirdəki çıxışında bəyan edib.

Dövlət başçısı manatın məzənnəsindəki dəyişikliyə münasibət bildirərkən deyib ki, son bir il ərzində MDB məkanında yaşanan gərginlik müəyyən dərəcədə Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib: “Bir neçə gün bundan əvvəl manatın məzənnəsində dəyişiklik edilib. 2006-cı ilin əvvəlindən bizim pul islahatlarımız  başa çatıb. Təbii ki, yaşlı nəsil bunu xatırlayır, o vaxta qədər 1 dollar 5 min manata bərabər idi. Biz manatı dollarla eyniləşdirdik, 1 dollar 1 manat oldu və on il ərzində manat getdikcə dollara nisbətdə güclənirdi. Əslində bu, bizim iqtisadi islahatlarımızın uğurlu olmasını göstərirdi. Ancaq eyni zamanda qonşuluqda baş verən hadisələr və bütün qonşu dövlətlərdə milli valyutaların kəskin şəkildə ucuzlaşması istər-istəməz bizə də mənfi təsir göstərməyə başlayıb. Üstəgəl, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim gəlirlərimizə də mənfi təsir göstərib. Eyni zamanda əlbəttə ki, manatın məzənnəsinin getdikcə artması iqtisadi inkişafımıza mənfi təsir göstərirdi. Ona görə qərar qəbul edilib ki, manat bir az ucuzlaşsın”. 

Prezident xatırladıb ki, bu ilin yanvarında regionların sosial iqtisadi inkişafının yekunlarına həsr edilmiş konfransda bu barədə fikrini bildirib: “Regionda baş verən hadisələr və dünyanda neftin qiymətinin aşağı düşməsi artıq müəyyən çətinliklərə gətirib çıxarır. Bu, birinci siqnal idi. Ondan sonra Mərkəzi Bankımız açıqlama verib ki, tədricən ilin sonuna qədər manatın məzənnəsi aşağı düşəcək. Bu da bir siqnal idi ki, insanlar buna hazır olsunlar. Ancaq ondan sonra biz gördük ki, müəyyən ajiotaj yarandı. Manatın məzənnəsində bir qədər dəyişiklik olan kimi, əhali puldəyişmə məntəqələrinə üz tutdu və kütləvi şəkildə dollar almağa başladı. Eyni zamanda bəzi möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün bu vəziyyətdən istifadə ediblər. Belə olan halda bizim valyuta ehtiyatlarımız, Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başlamışdır. Sadəcə, bir rəqəmi sizə deyə bilərəm. Bir neçə gün ərzində hər gün bazardan minimum 500 milyon dollar alınırdı və əgər belə getsəydi, ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi. Belə olan halda qərar qəbul edildi ki, manat ucuzlaşsın”.

İ.Əliyev bildirib ki, əslində manat əvvəlki səviyyəyə enib. Yəni pul islahatı başlayanda 1 manat 1 dollar idisə, bu gün də 1 manat təxminən 1 dollardır. Prezidentin sözlərinə görə, bütün müvafiq qurumlara göstəriş verilib ki, süni qiymət artımına yol verilməsin: “Son illər ərzində ölkədə istehlak olunan əsas ərzaq məhsulları Azərbaycanda istehsal edilir. Belə olan halda bu məhsullarda heç bir bahalaşmadan söhbət gedə bilməz. Kim qiymətləri süni şəkildə artırırsa, dövlət tərəfindən öz cəzasını alacaq”. Prezident deyib ki, manatın dollara bərabərləşdirilməsi sosial məsələlərə daha çox vəsait xərclənməsinə, büdcədə problem olmamasına və ölkə üçün lazım olan bütün infrastruktur layihələrinin vaxtında icra edilməsinə şərait yaradacaq.


Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə prezidentin mövqeyi ilə tanış olduğunu bildirdi: “Bunu qəbul etmək lazımdır ki, Azərbaycan hökuməti manatın kursunu 5 ay saxlamağa imkanı olsaydı, bunu saxlayardı. Ancaq artıq saxlamaq mümkün deyil deyə, vəziyyət bu həddə gəlib çıxdı. Biz uzun illərdir deyirdik ki, ölkənin inkişafını təkcə neftin üzərində qurmaq olmaz. Çünki neftin qiyməti xaricdən müəyyən olunur.  Yanlışlıq onda oldu ki, Azərbaycan hökuməti uzun illərdir iqtisadi siyasətini neft və neftin dünya bazarındakı qiyməti üzərində qurdu. Nəticədə bu tipli problemlərlə üzləşdi”. 


AVP sədri, deputat Fəzail Ağamalı deyib ki, prezident çıxışını kifayət qədər nikbin notlar üzərində qurub: “Xüsusi olaraq qeyd etdi ki, dövlətin, hökumətin bu gün başlıca qarşısında duran vəzifə əhalinin təhlükəsizliyini və sosial rifahını qorumaq, onu möhkəmləndirməkdir. Bu, kifayət qədər ciddi bir mesaj idi. Həm də hər kəsə məlum oldu ki, yaranmış situasiya Azərbaycan hökumətinin iradəsindən asılı olmayan amillərlə bağlıdır. Bu, dünyada, eyni zamanda MDB məkanında gedən proseslərlə birbaşa bağlıdır. Cənab prezident də bunu ifadə etdi ki, baş verən hadisələrin Azərbaycana bu və ya digər şəkildə təsiri var”. F.Ağamali dövlət başçısının qiymətlərin artırılması ilə bağlı mövqeyini ortaya qoyduğunu da vurğuladı: “Xüsusilə də prezidentin ərzaq məhsullarının qiymətinin süni şəkildə artırılması ilə bağlı sərt tədbirlərin görüləcəyi barədə verdiyi xəbərdarlıq ciddi qəbul olunmalıdır. Yaranmış situasiya Azərbaycan dövlətinin iradəsindən kənar olan, dünyada gedən proseslərin məntiqinə söykənir”. 

AVP sədri “elnən gələn bəla toy-bayram kimi qəbul olunmalıdır” misalını da xatırlatdı: “Mən demirəm ki, bu vəziyyəti toy-bayram kimi qəbul edək, sadəcə olaraq, bu hadisələrə təmkinli, səbirli yanaşaq. Ümid edirəm ki, ölkəmizdə ən çətin məqamlarda çıxış yollarını tapan iqtidar, prezident indiki situasiyada proseslərə tam nəzarət edir. İnanıram ki, yaranmış vəziyyət əhalinin durumuna o qədər də ciddi təsir göstərməyəcək. Xalqımıza da yaranmış vəziyyətə görə obyektiv mövqe tutmalı, təmkinli və səbirli münasibət ifadə etməlidir və düşünməlidirlər ki, hər zaman olduğu kimi, bu gün də ölkə prezidenti Azərbaycan xalqı ilə bərabərdir, ona göstərilən etimadı yüksək səviyyədə dəyərləndirərək bütövlükdə mahiyyət etibarilə Azərbaycan xalqı ilə bərabərdir”.

Cavid TURAN


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR