İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident benzinin bahalaşma qərarını niyə ləğv etdi?

17332 15.01.2015 09:00 Gündəm A A

Qərara əsasən,  Tarif Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 12 yanvar 2015-ci il tarixli 1 nömrəli qərarı ləğv edilib.  Beləliklə, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə,  əvvəl olduğu kimi “Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib. Həmçinin maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilib və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib. 


Əslində Tarif Şurasının 12 yanvar qərarı kifayət qədər ictimai rezonans doğurmuşdu, gözlənilirdi ki, yanacağın qiyməti ilə bərabər ərzaq məhsulları da bahalaşacaq.  Ancaq bu qərardan az sonra onun geri oxutdurulması razılaşaq ki, həm də kifayət qədər gözlənilməz oldu. Düzdür, Azərbaycanda bir sıra hallarda (məsələn, yumurtanın qiymətinin aşağı salınması ilə bağlı) dövlət başçısının şəxsi müdaxiləsi ilə qiymətlərin süni şəkildə bahalaşdırılmasının qarşısının alınması halları bundan əvvəl də müşahidə olunub. Hətta bundan öncə dövlət başçısı özəl bankların faizlərinin kifayət qədər yüksək olduğunu irad tutaraq bununla bağlı tədbirlər görülməsi barədə tapşırıq vermişdi. Ancaq benzinin 2 qəpiklik artımı ilə bağlı İlham Əliyevin  müdaxiləsi maraqlı nüansları ortaya çıxarıb. Düzdür, Tarif Şurası qiymət artımı barədə qərar verərkən yol vergisinin ləğvini əsas kimi götürmüşdü. Ancaq ayrı-ayrı müstəqil ekspertlər 2 qəpiklik bahalaşma ilə bağlı qərarın verilməsini xalqa qarşı addım sayırdılar. Dünyada neft məhsullarının qiymətində enmənin müşahidə olunduğu bir dönəmdə Azərbaycanda endirim əvəzinə qiymət artımı çoxsaylı suallar oraya çıxartsa da, rəsmi qurumlar bahalaşmaya gedilməsini ciddi şəkildə əsaslandıra bilmirdilər. 2014-cü ilin avqustundan bəri dünyada neftin qiyməti azı iki dəfə ucuzlaşıb və dünya bazarında 110 dollara satılan brend markalı neft yanvarın ortalarında 45 dollara düşüb. Neft ucuzlaşandan bəri isə benzinin qiyməti müxtəlif ölkələrdə 10-40 faiz arasında ucuzlaşıb. O cümlədən qonşu Gürcüstanda belə qiymətlər azı 10 faiz ucuzlaşıb. Hətta SOCAR-ın yanacaqdoldurma məntəqələrində Azərbaycan benzininin qiyməti aşağı salınıb. Hesablamalara görə, bu artımdan dövlət büdcəsinə təqribən 70 milyon manat vəsait daxil olacaqdı. Ancaq qərarın icrası dövlət başçısının müdaxiləsi nəticəsində cəmi bir gün çəkdi. Belə bir həssas məqamda prezidentin müdaxiləsini əksər müşahidəçilər məmnunluqla dəyərləndirir. 


“Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan vətəndaşlarını narahat edən, onların sosial vəziyyətlərinə təsir göstərən məsələdə həssaslıq və diqqət göstərdi”. Bunu “Trend”ə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Vitse-spikerin fikrincə, prezidentin bu addımı yanacaq istehlakçılarının çətinliklərini, xüsusilə də onunla əlaqədar sahələrdə ortaya çıxa biləcək müəyyən problemləri aradan qaldırdı: “Hesab edirəm ki, cənab prezident hər zaman olduğu kimi, yürütdüyü daxili siyasətdə onun sosial mahiyyətinin, xüsusilə də ümumilikdə yeridilən siyasətin mərkəzi fiquru kimi Azərbaycan insanının və onun rifahının dayanması mövqeyinə bu dəfə də sadiqlik göstərdi. Bu, Azərbaycan prezidentinin yürütdüyü siyasətin mahiyyəti və məzmunudur ki, hər şey insan üçün, onun rahatlığı, rifahı, daha yaxşı təminatı üçündür. Prezidentin Tarif Şurasının qərarını ləğv etməsi münasibətilə bütün yanacaq istifadəçilərini təbrik edirəm! Hesab edirəm ki, bu qısa müddətdə onların büdcəsinə elə bir ciddi ziyan dəymədi. Lakin bu faktın özü cənab prezidentin nə qədər xeyirxah, nə qədər humanist, nə qədər Azərbaycan insanının qayğıları ilə yaşayan dövlət başçısı olduğunu bir daha ortaya qoydu. Bütün vətəndaşlar kimi mən də öz adımdan ona təşəkkür edirəm!” 


Prezidentin bu qərarı ətrafında ən müxtəlif təxminlər var. “Turan”ın məlumatında deyilir: “Belə çıxır dövlət başçısı Tarif Şurasının niyyətindən xəbərdar deyilmiş və ya hakimiyyət qəbul olunan qərarın mənfi, müsbət tərəflərini nəzərə almayıb. Həm bu, həm də digər variant dövlət idarəçilyində ciddi problemlərin olmasından xəbər verir”.

İqtisadçı ekspert Azər Mehtiyev deyir ki, əslində məsələ Milli Məclisdə müzakirə olunanda bunun reallaşdırılması mexanizmi barədə düşünmək lazım idi: “Xüsusilə də dünya bazarında neftin qiymətinin aşağı düşdüyü indiki dövrdə əhalinin gözləntisi ondan ibarət idi ki, Azərbaycanda da neft məhsullarının qiyməti aşağı salınacaq. Ancaq belə bir vaxtda Milli Məclisin qəbul etdiyi qərara uyğun olaraq Tarif Şurası yol vergisinin toplanma mexanizmini dəyişdi və bunu əlavə olaraq benzinin qiymətində oturtdu. Təbii ki, bu, doğru qərar deyildi və haqlı narazılığa gətirib çıxartmışdı. Bu mənada indiki halda prezidentin həmin qərarı ləğv etməsi doğru addım sayılır. Onsuz da benzinin qiyməti kifayət qədər yüksəkdir və mövcud qiymətlərdə həmin 2 qəpiyin nəzərə alınması reallığa daha çox uyğun gəlir”. İqtisadi ekspert belə bir vəziyyətin yaranmasının izahını aşağıdakı kimi verdi: “Bu gün dövlət qurumları arasında əlaqələndirmə kifayət qədər təmin edilməyib. Təsəvvür edin ki, Tarif Şurası qərar verib və ali icra hakimiyyəti orqanı olan prezident ya bu barədə məlumatsızdır, ya da məsələ razılaşdırılmayıb. Nəticədə hökumətin qəbul etdiyi qərarın prezident tərəfindən ləğvinə gətirib çıxarıb”.  


Ancaq bu da var ki, Tarif Şurasının verdiyi yanlış qərarın nəticəsində vətəndaşlar müəyyən miqdarda ziyana düşdülər, qiymətin artdığı elan olunan saatlarda yanacaqdoldurma məntəqələrində fasilə yarandı, ajiotaj, əsəb gərginliyi müşahidə olundu. Belə hallara görə məsuliyyəti kim və ya hansı qurum daşıyır? A.Mehdiyev deyir buna görə qərar verənlərin məsuliyyəti gündəmə gəlməlidir: “Mən inanmıram ki, hökumət daxilində kimdəsə təxribat etmək cürəti olsun. Sadəcə, hökumətin qəbul etdiyi həmin qərara və əlaqələndirmənin olmamasına görə məsuliyyət mexanizmi müəyyən edilməlidir. Təəssüf ki, hələlik belə bir mexanizm yoxdur. Təbii ki, razılaşdırılmadan qərar verən insanlar məsuliyyət daşımalıdır. Nazirlər Kabinetinin müşavirəsində dövlət başçısı özü etiraf etdi ki, bizi ağır bir il gözləyir, 2015 sınaq ili olacaq. Belə olduğu halda, hökumət qurumlarında kimlərinsə bu cür məsuliyyətsiz qərarlar verməsi çox pis vəziyyət yarada bilər, gələcəkdə çox ciddi məsələlərlə üz-üzə qala bilərik”. 

Politoloq Zəfər Quliyev isə hesab edir ki, baş verənlər ölkə başçısı ilə hökumət arasında razılaşmanın olmadığını ortaya çıxarıb. Siyasi ekspert Ərəstun Oruclu isə minval.az-a deyib ki, bu addım piar xarakterlidir. Eyni zamanda onun fikrincə, ümumiyyətlə, situasiya yaxşı deyil və ehtiyatlılıq tələb edir. Ə.Oruclu bunu hakimiyyətin primitiv oyunu kimi də dəyərləndirib. Deputat Asim Mollazadə dövlət başçısının müdaxiləsindən sonra Tarif Şurasının öz qərarını ləğv etməsini normal sayır. Dediyinə görə, o, burada piar elementləri görmür, eyni zamanda siyasi bonus əldə etmək cəhdlərinin olduğunu güman etmir. 

Yeri gəlmişkən, prezident İlham Əliyev 2015-ci ilin  “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Ölkənin qeyri-neft sektorunun inkişafına yönəlmiş sənədin prezident tərəfindən imzalanmasından cəmi bir neçə saat sonra Tarif Şurasının qiymət artımı ilə bağlı qərar verməsi və gecəyarısı bunu ictimailəşdirməsi təəccüb doğurur. Kənd təsərrüfatında yanacaq məsələsinin nə dərəcədə önəmli olduğu isə hər kəsə məlumdur... 
Bu arada ölkə başçısı sənədsiz evlərlə bağlı da müvafiq sərəncam imzalayıb və on minlərlə vətəndaşı narahat edən problemlərin həlli ilə bağlı müvafiq qurumların qarşısında konkret vəzifələr qoyub. Görünən budur ki, son addımları və qərarları ilə Azərbaycan prezidenti daha çox vətəndaşın yanında olduğunu isbatlamağa çalışır. Bəzi ekspertlər prezidentin sadə vətəndaşı narahat edən məsələlərə həssas yanaşması ilə Azərbaycana qarşı xarici müdaxilələrin artmasının dolayı əlaqələrinin olduğunu güman edirlər. İddia olunur ki, xüsusilə də ABŞ-Azərbaycan münasibətlərinin kəskinləşməsi, Vaşinqtonda Azərbaycan dinləmələrinin keçirildiyi şəraitində Bakı təhlükələrə qarşı priventiv tədbirlər həyata keçirməyi əsas vəzifəsi hesab edir. 


Yəni bu addımlar təkcə ABŞ-ın burdakı təsisatlarının qapadılması, yaxud Qərbə bağlı adamların nəzarət alınması ilə yekunlaşmır, hətta sadə vətəndaşı ciddi şəkildə narazı sala biləcək addımlardan da imtina siyasətinə üstünlük verilir. Güman olunur ki, Amerikanın Azərbaycanda “rəngli inqilablar” həyata keçirmək istədiyi barədə rusiyalı ekspertlərin bugünlərdə açıqladığı məlumatlar Bakıda kifayət qədər ciddi qarşılanıb. Deməli, ölkədə hər an arzuolunmaz situasiyanın yarana biləcəyindən ciddi şəkildə ehtiyatlılıq mövcuddur. Rəsmi qəzetin dünyanın supergücünün prezidentinin ünvanına “ikiüzlü” yazdığı bir zamanda ehtiyatlı münasibət əslində anlaşılandır. Görünür, dövlət başçısı total narazılığın kütləvi xarakter almaması üçün il ərzində bir yeraltı keçidin tikintisinə belə bəs etməyəcək miqdarda vəsaitə görə vətəndaşı narazı salan qərarı ləğv edib. Xüsusilə də ölkə başçısının ilk dəfə olaraq ilin gərgin keçəcəyi ilə bağlı açıqlama verməsi onda real durumla bağlı kifayət qədər informasiyaların olmasından xəbər verir. 

Bir məsələni də qeyd etmək lazım gəlir. 2011-ci ildə “Ərəb baharı” baş verəndə də Azərbaycan hakimiyyəti ölkədə çox ciddi şəkildə antikorrupsiya prosesinə start vermişdi və proses şəxsən dövlət başçısının nəzarətində idi. Hətta o zamandan nazir və komitə rəhbərlərinin bölgələrə səfər edib vətəndaşları şəxsən qəbul etməsi prosesi ənənəyə çevrildi və indiyə qədər davam edir. 

Hakimiyyət seçki ili kimi həssas dönəmdə ictimai rəyi öz əleyhinə kökləməyin hansı fəsadları ola biləcəyinin də fərqindədir. Benzinin qiymətinin qalxması ilə hökumət çoxdan passiv olmuş müxalifətin “qızınma hərəkətinə” başladığını da görməmiş deyildi. Nəhayət, onu da unutmaq olmaz ki, 2 qəpik bəlkə də əhalinin gözündə o qədər də böyük rəqəm deyildi, amma “ərəb baharı” da bir göysatanın etirazı ilə başlamışdı...
2015-ci ilin Azərbaycan üçün kifayət qədər gərgin keçəcəyi elə 2 qəpiklik qiymət artımının geri oxunması misalında da bir daha təsdiqlənmiş oldu. 

Cavid TURAN




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR