İnsanlara hürriyət, millətlərə istiqlal!

PKK Azərbaycana məxsus kəmərləri nədən hədəf seçir

1363 26.08.2015 08:05 Gündəm A A

Bundan bir qədər əvvəl, yəni avqustun 6-da da PKK yaraqlıları Türkiyə ərazisində Sarıqamış rayonunda Bakı-Tiflis-Ərzurum təbii qaz xəttini partladıblar. Partlayışdan sonra bölgədə qaz təchizatı 3 günlük dayandırılıb. 

Türkiyədə hökumətin PKK-ya qarşı əməliyyatlara başlamasından sonra kürd yaraqlıları ordu və təhlükəsizlik qüvvələri ilə yanaşı, hökumət idarələrinə, o cümlədən mühüm əhəmiyyətli nəqliyyat yollarına, boru kəmərlərinə qarşı terror həyata keçirir. İyulun 27-də Doğubəyazid rayonunda PKK yaraqlıları İrandan Türkiyəyə qaz nəqlini həyata keçirən boru kəmərini partladıb. 

Avqustun 25-də isə Mardin vilayətinin Nusaybin rayonunda PKK terrorçuları beynəlxalq İpəkyolu magistralını uzaqdan idarə olunan bomba ilə partladıb və partlayış nəticəsində yol istifadəsiz hala gətirilib. Nusaybin rayonundan Habur sərhəd məntəqəsinə gedən beynəlxalq avtomagistral yararsız hala düşüb. 


Qeyd edək ki, PKK uzun illər Türkiyədə terror fəaliyyətində olsa da, Azərbaycana məxsus BTC və Bakı-Tiflis-Qars-Ərzurum qaz kəmərinə, belə desək, toxunmayıb. Yalnız 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı BTC-yə müəmmalı hücum baş vermişdi. Ancaq ümumilikdə Azərbaycanın neft və qaz məhsullarını dünya bazarına çıxaran kəmərlər təhlükəsiz hesab olunurdu. Bir sıra müşahidəçilər bunu boru kəmərlərinin Qərbin layihəsi olması və PKK-nın da dolayısı ilə Qərb ölkələri ilə əlaqələri səbəbindən kəmərlərə toxunmaması kimi izah edirdi. Ancaq eyni zamanda PKK-nın Azərbaycan üzərindən fəaliyyətləri olması və bu səbəbdən Bakını qəzəbləndirməmək üçün boru kəmərlərinə toxunmadığı iddia olunurdu.


Ancaq indi görünən odur ki, bu vəziyyət dəyişib. Ən azı PKK-nın atəşkəsi dayandırdıqdan sonra iki dəfə qaz kəmərinə hücum etməsi bunu deməyə əsas verir. PKK-nın məhz Azərbaycana məxsus kəmərləri hədəfə almasının anlamı nədir? Doğrudanmı terror qruplaşması Azərbaycana qarşı düşmənçilik etməyə başlayıb? 


Siyasi şərhçi Natiq Mirinin fikrincə, PKK yaraqlılarının boru kəmərini hədəfə alması Türkiyəni sabotaj etmək və hökuməti danışıqlara vadar etmək məqsədi güdür: “PKK-nın aldığı ciddi zərbələrdən sonra bütün sahələr üzrə Türkiyəyə ziyan vura bilmək üçün hər cür yollara baş vuracağı gözlənilirdi. Neft kəmərlərində törədilən partlayışlar da Türkiyə ordusunu dayandırmaq məqsədi güdür. Əslində PKK bunun Türkiyə dövləti tərəfindən verilən bir siyasi qərar olduğunu və müəyyən mənada ABŞ-la razılaşdırıldığını bilir. Ona görə də bu prosesin PKK terrorunun tam məhv edilənədək davam etməsi əndişəsiylə Türkiyənin strateji marağında olan bütün nahiyələrə hücum etmək qərarı veriblər ki, türk hökumətini yenidən danışıqlar masasına qaytarsınlar. Üstəlik, PKK-nın partlatdığı neft kəməri Türkiyə hissəsində olduğu üçün bu, bilavasitə Türkiyənin məsuliyyət dairəsinə aid edilir və bədəli də təbii ki, Türkiyəyə aiddir. Ancaq terror hadisəsi Azərbaycan, yaxud Gürcüstan ərazisində baş vermiş olsaydı, bunu Azərbaycana bir mesaj kimi dəyərləndirmək olardı. Ancaq hər bir halda bunun Azərbaycanın maraqlarına uyğun olmadığı bəllidir və bəlkə də Azərbaycandan müəyyən qüvvələrə PKK-ya dəstək verilməsi gərəkliyinə bir işarə də ola bilər”.

N.Mirinin fikrincə, Qərb ölkələri PKK-nın bu addımına razılıq verə bilməzlər, ancaq terror təşkilatı bu hücumlarla diqqəti özünə cəlb etməyə çalışır: “Enerjidaşıyıcı kəmərlərin vurulması heç bir halda Qərbin maraqlarına uyğun deyil. Sadəcə, qaz kəmərlərini vurmaqla ABŞ başda olmaqla, Avropanın da diqqətini Türkiyədəki bombardmanlara yönəltmək və onların təzyiqi ilə prosesi dayandırmaq istəyirlər”.

KƏNAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR