Ölkədə amansız qətllərin sayı niyə artır?
Ümumiyyətlə, son vaxtlar cəmiyyətdə xüsusi bir aqressiya, apatiya sezilir. Məsələn, bir neçə gün öncə 5-ci mərtəbədən eyvandan yıxılan qadın bağlı olaydakı kimi: binanın həndəvərinə toplaşan insanlar həyat yoldaşının əllərindən tutaraq 5-ci mərtəbədən 5 dəqiqə asılı qalan qadına kömək etmək əvəzinə heç nə etmir, seyrçi mövqeyində qalır, hətta hadisəni telefonlarına çəkirdilər. Bəs Azərbaycan cəmiyyətinin bu dərəcədə amansız və bədbəxt hadisələrə qarşı soyuqqanlı davranmasının səbəbi nədir?
Psixoloq Dəyanət Rzayev bunun kökündə təbəqələşmənin və sosial vəziyyətin ağırlığının durduğunu dedi: “Elə dövrlər olub ki, insanların sosial vəziyyəti bu gündəkindən də pis olub. Amma bu qədər cinayət hadisələri baş verməyib. Mən bunun kökündə təbəqələşmənin durduğunu düşünürəm. Həmçinin hüquq-mühafizə orqanlarının öz funksiyasını yaxşı yerinə yetirməməsi də bu aqressiyanın kökündə dayanan amillərdəndir. Çox vaxt hüquq-mühafizə orqanları hansısa cinayətin üstünü açmağı uzadır, ya da ümumiyyətlə aça bilmir. Azərbaycan balaca ölkədir. Burada cinayətin üstünü açmağa nə var ki?! Amma şərt cinayətin üstünü açmaq deyil, şərt cinayətin qarşısını almaqdır. Bu da bizdə yoxdur. Əvvəllər hündür binalar yox idi, ancaq həyət evləri var idi. Burada da hamı bir-birini tanıyırdı. Əvvəllər, hansısa xırda ailə münaqişəsi baş verəndə belə sahə müvəkkili gəlib hadisəni araşdırırdı. Dalaşan şəxsə niyə işləmirsən, niyə ailəni incidirsən deyib, tənbeh edirdilər.
Daha sonra həmin adamı işə düzəldir, münaqişəyə əsas yaradan problemi həll etməyə çalışırdılar. Yəni bir növ gələcəkdə baş verə biləcək hansısa cinayətin qarşısını alırdılar və cəmiyyət özü bu insanın düzəlməsində, islah olunmasında iştirak edirdi. Amma bu gün bunların heç biri yoxdur”.
Psixoloqa görə, işsizlik də insanları aqressivləşdirir: “Öz ixtisasında işləyən insanlar da səhərdən axşamadək qul kimi işləyir və az maaş alır. Bir gündə 12 saat işləmək olar?! Bu dəhşətdir. Mənə elə gəlir ki, insan ən çox 6 saat işləməlidir. İnsanlar səhərdən axşamadək işləyib 250 manat maaş alır. Bu pulla da onlar dükana girib heç nə ala bilmirlər. Yaşanılan bütün çətinliklər insanları daima gərgin, əsəbi edir. Ümumilikdə əhalini iki təbəqəyə bölmək olar. Acından ölən, kasıb və həddindən çox varlı. Mən 200-250 manat maaş alana kasıb deyirəm. Əgər mənim pulum olsa, 70-100 min manata maşın ala bilərəm. Amma bilsəm ki, ətrafımda kasıb insanlar var, bilə-bilə bunu edə bilmərəm. Gedib yarım milyon maşına pul vermərəm. Çünki bu mənəviyyatsızlığın son dərəcəsi olar. Bu gün əşyalara, daşlara daha çox önəm verirlər, nəinki insanlara. İnsan xəstələnəndə bilmir hara getsin. Çünki sığortası olmur. Dünyada 25 inkişaf etmiş ölkə var. Ən çox inkişaf etmiş ölkələr xristian ölkələridir. Məsələn, Fransanın büdcəsi heç nəyi olmasına baxmayaraq bütün ərəb ölkələrinin büdcəsindən çoxdur”.
Ekspert Azərbaycanda digər ölkələrdə olduğu kimi “polis mənim dostumdur” anlayışının olmadığını bildirdi. İnsanların bütün amansızlıqlara seyrçi qalmasının səbəbini insanların polislərdən qorxmasında görən psixoloq aqressiyanın müsəlman ölkələrində xüsusilə qabarıq olduğunu bildirdi: “Polislərin əksəriyyəti kişilərdən ibarətdir və çoxu insanla danışmağı bacarmır, çox kobuddurlar. Məsələn, maşınla keçirsən, səni saxlamaq üçün başlayır qışqırmağa. Bu da insanda aqressiya yaradır. Bəlkə də bu səbəbə görədir ki, insanlar polislə əməkdaşlıq etmək istəmir. İnsanlar hansısa bir problem olanda polisə müraciət etmir, çünki qorxur”.
Günel MANAFLI